Cəmiyyət

Şamaxıda ictimai iştirakçılıq üzrə maarifləndirmə tədbiri

Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Şamaxıda “İctimai iştirakçılıq haqqında qanunvericilik və onun təbliği” layihəsi üzrə maarifləndirmə tədbiri keçirib. Tədbirə yerli icma nümayəndələri ilə yanaşı icra hakimiyyətinin, yerli daxili işlər, təhsil qurumlarının, vətəndaş cəmiyyəti institutlarının, medianın təmsilçiləri qatılıb.

Layihə rəhbəri Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin sədir Səadət Bənənyarlı tədbiri açaraq iştirakıçılara layihənin məqsədindən danışıb:“Azərbaycan parlamenti ildə onlarla qanun qəbul edir, qanunvericiliyə dəyişikliklər, düzəlişlər edir. Bütün bunlar ölkədə vətəndaş-dövlət münasibətlərinin təkmilləşdirilməsi üçündür. Aydındır ki, konkret məqamlar çıxmayana qədər insanlar öz hüquq və vəzifələri haqqında çox az bilgiyə sahib olurlar, bəzən isə qanunun onların həyatında ciddi dəyişikliklərə səbəb olacağından xəbərsiz halda ictimai iştirakçılıqdan uzaq yaşayırlar. Halbuki, ölkə qanunvericiliyi vətəndaşların yerli və mərkəzi səviyyədə idarətmədə, nəzarətdə iştirak imkanı tanıyır. Bu bilgilərin vətəndaşlara çatdırılmasında rəsmi qurumlar, media ilə yanaşı vətəndaş cəmiyyət də aktiv rol almalıdır düşüncəsilə biz belə bir layihə başlatdıq və düşünürük ki, bu, cəmiyyətimiz üçün son dərəcə faydalı olacaq”.

Daha sonra təlimçi Günay Hüseyn tədbir iştirakçılarına qanun, onun müddəaları, vətəndaşların qanunla əldə etdikləri hüquq və vəzifələr haqqında bilgi verib. Günay Hüseyn vurğulayıb ki, qanun vətəndaşlara icma, peşə və digər prinsiplərlə təşkilatlar yaratmaq, ictimai şuralarda təmsil olunmaq, ayrı-ayrı qurumların fəaliyyətinə ictimai nəzarəti həyata keçirmək imkanı verir. Onun fikrincə, qanunun icrasının əsasında həm də vətəndaş fəallığı və təşəbbüskarlığı dayanır.

Daha sonra tədbir sual-cavab formatından davam etdirilib. Şamaxı sakinləri ictimai birliklərin yaradılması, ictimai şuralarda təmsilçilik, icma münasibətlərinin yerli, regional, eləcə də ölkə səviyyəsində müzakirəyə çıxarılması yolları ilə bağlı suallar səsləndirib, layihə təmsilçiləri isə həmin suallar ətrafında qanunun tanıdığı imkanlardan danışıblar.


Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button