Sağlamlıq

Təyyar Eyvazov: “Omikron” ştamının inkubasiya dövrü əsasən 3 gün davam edir”

Qorunma səviyyəsinin artırılması üçün vətəndaşların “buster” doza peyvəndlənməsi məsləhətdir

Yeni növ koronavirus (COVID-19) infeksiyasının “omikron” variantı ilə yoluxma üçün inkubasiya dövrü sələfləri ilə müqayisədə nəzərəçarpacaq dərəcədə azdır. “Omikron”un inkubasiyası, əsasən, 1-3 gün davam edir. Həmçinin yeni ştam yüksək yoluxuculuq xüsusiyyətinə malikdir. “Omikron” ştamının hətta bir sıra ölkələrdə “delta”nı sıxışdıraraq qısa müddət ərzində dominant ştama çevrildiyi müşahidə olunur. Sürətlə yayılan “omikron” ştamı əksər hallarda daha yüngül keçir, əvvəlki ştamlarla müqayisədə ağır pnevmoniyanın inkişafına daha az rast gəlinir.
AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov məlumat verib.
Həkim-infeksionist bildirib ki, koronavirusun “omikron” variantında yoluxduruculuq, yəni aşkar edilmə dövrü daha qısadır. Başqa mutasiyalardan fərqli olaraq, sağalma əksər hallarda daha tez baş verir. “Omikron” və təkrar xəstələnmə hallarından immuniteti (xəstələnmə və ya vaksinasiya nəticəsində əldə edilmiş) güclü olanlar daha çox yayına bilir. Həmçinin tam vaksin olunmuşların xəstələnməsi hallarına da daha az rast gəlinir. Qorunma səviyyəsinin artırılması üçün vətəndaşların “buster” doza peyvəndlənməsi məsləhətdir”.
T.Eyvazov, həmçinin qeyd edib ki, ənənəvi PZR burun-udlaq yaxma testləri virusu aşkar edir, lakin aşkarlanmış koronavirusun “omikron” ştamı olması daha mürəkkəb və bahalı olan sekvenləşmə metodu ilə müəyyən olunur.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button