Manşet

20 Yanvar faciəsi bədii ədəbiyyatda – Aynurə Paşayeva yazır

1990-2000-Cİ İLLƏRİN ƏDƏBİ MƏTNLƏRİ ƏSASINDA YIĞCAM QEYDLƏR

1990-cı illərin əvvəllərində Sovet dövrünün dəyərləri ədəbiyyatımızda iflasa uğrayır, yeniləri isə o qədər asanlıqla təşəkkül tapmırdı. 1990-cı illərin də poeziya böhran yaşamış şeirdə yalnız bir ovqat – milli insan ağrısı, yurd sevgisi, 20 Yanvar faciəsi, torpaq itkisi, şəhidlik acısı natural boyalarla təsvir olunmuşdu. 20 Yanvar faciəli mövzular ədəbiyyata şəhidlik mövzusu, şəhid obrazını gətirdi. 20 Yanvardan sonra ədəbiyyatın adi ritmi pozuldu, xalqlar, millətlə bərabər ədəbiyyatın özü də bir növ tarixi sınaq qarşısında qaldı. 

20 Yanvar hadisələri mövzusunda ən yüksək poetik ruhlu əsərlərin müəllifi B.Vahabzadənin “Şəhidlər” poeması faciənin fəlsəfi-poetik dərkində bədii-estetik rolunu bu günədək qoruyub-saxlayır. “Şəhidlər” poemasında Azərbaycan xalqının, əsrlər boyu zülm və istismar altında yaşamasına baxmayaraq, işğaldan qurtulmaq uğrunda apardığı mübarizənin ibrətamiz səhnələri ilə qarşılaşırıq.

Həmin dövrə aid əsərlərdən Qaçay Köçərlinin “Şəhidlər xiyabanı”, Zəlimxan Yaqubun “Səslərin görüşü”, Tahir Talıblının “Susmuş hünərə elegiya”, Vahid Əzizin “Qırğın”, Sənan Çırağın “Haqq ədalət Kərəm kimi yalnız indi…”, Xəzangülün “Tanrı dərgahında”, Məmməd Alimin “Sahibini axtaran qol”, Məmməd Alimin “20 Yanvar küçəsi”, Piruz Dilənçinin “Şəhidlər xiyabanı”, Oqtay Ələkbərovun “Şəhriyar nəfəsi”, Xəlil Rza Ulutürkün “Sənin göz yaşların”, Ələkbər Şahidin”Şəhidlər”, Vidadi Babanlının “Başsağlığı”, Hafiz Əlinin “Bakıda komendat saatı”, Məhəmməd Aslanbəylinin “Bu il”, Fikrət Qocanın “Ağlar”, Əlirza Hikmətin “Şəhidlər xiyabanı” əsərləri də xüsusilə diqqət çəkir. 

1990-2000-ci illər mətbuatında uşaq şəhidlərə həsr olunan şeirlər də yer almışdı. Musa Ələkbərlinin “Oxu, Zeynəbim, oxu” şeiri şəhid olmuş balaca Zeynəbin kədərli aqibətini ifadə edir. Məmməd Namazın “Körpə şəhidlərə layla” şeiri də bu qəbildəndir.

20 Yanvar mövzulu poeziyada faciəni törədənlər də əsas mövzular sırasına daxildir. Roza Qarabağlının əsərində Sovet rəhbəri Qorbaçov “namərd” adlandırılır. 

Balaş Azəroğlunun “Günahkar”, Məmməd Alimin “Doxsanıncı iyirmi Yanvar”, Hafiz Əlinin “Vətən şəhidləri”, Rəfail İncəyurdun “Yanvar ağıları”, Kamran Mehdinin “Şəhidlərə ölüm yoxdu” şeirində 20 Yanvar mövzusu təsirli dillə qələmə alınıb.

20 Yanvarın ayrılmaz atributlarından biri qərənfildir. Qərənfil klassik poeziyada qəmgin ovqat aşılayan güldür. 20 Yanvar 1990-cı ilə qədər Bakı kəndlərində satış məqsədi ilə yetişdirilən qərənfillərin həmin faciədən sonra taleyi dəyişdi, matəm gülü simvoluna çevrildi. Tofiq Mütəllibovun “Qərənfil məşəlləri” şeirində qərənfilin Şəhidlər xiyabanında daşlaşmış obrazı belə ifadə edilir:

Bu adi çiçəklər, bu qərənfillər,
Məzarlar üstündə müqəddəsləşib.

20 Yanvar mövzulu ədəbiyyatda ən çox diqqəti çəkən milliözünüdərk məsələsidir. Bəxtiyar Vahabzadənin “Təzədən yaratsın yaradan bizi” adlı şeirində şairi ən çox düşündürən məsələ xalqın illər boyu məruz qaldığı haqsızlıqların miqyası, eyni hüquqları daşıyan, amma millətlər içərisində ona qarşı qərəzli, ədalətsiz, ayrıseçkili münasibətdir: 

Anlaya bilmirik, astar nə, üz nə,
İndi baxammırıq düzün gözünə.

B.Vahabzadənin sovet siyasi rejiminin ən sərt dönəmində qələmə aldığı “Səbr elədik” əsəri milli istiqlal problemi ilə bağlı qənaətləri əks etdirir.
Sabir Əhmədovun “Yanvar hekayələri” silsiləsindən olan “Dənizdən gələn səda” hekayəsində məzarı dəniz olan oğulun anasına ünvanlanan məktubu 20 Yanvar hadisələrində itkin düşənlərin hamısının dilindən yazılmış kimi səslənir. 

Şamil Cahanın “Qan izləri” hekayəsinə dərin hüzn və güclü psixoloji sarsıntı əhvalı hakimdir.

Dostu Məmmədqızının “Qan cığırı” hekayəsi “20 Yanvar” qəzetinin baş redaktoru Səlim Həqqiyə ittihaf olunub. Kiçik hekayənin süjet xəttinin mərkəzində Şəhidlər xiyabanı dayanır. 

1990-2000-ci illər mətbuatında dövrün mürəkkəb şəraitindən irəli gələrək təcrübə üçün gərəkli olan fasilə bədii ədəbiyyata qiymət verən və onu izləyən ədəbi tənqiddə də durğunluq yaratmışdı. O dövrdə 20 Yanvar faciəvi mövzulu dram əsərlərinə rastlanmamışdı. Soyqırım tariximizin ayrılmaz hissəsi olan 20 Yanvar faciəsi mövzusunda bədii nümunələrin yazılması müasir dövrdə də aktuallıq kəsb edir və xalqımızın başına gətirilənlərin araşdırılması baxımından böyük əhəmiyyət daşıyır.

Aynurə PAŞAYEVA
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi
[email protected]

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button