AraşdırmaManşet

“Dəmir Yumruğ”un rəmzlərindən biri də Azərbaycançılıqdır!

Azərbaycançılıq ideologiyası dövlətin və xalqın maraqlarını təmin etməklə bərabər, həm də özündə milli həmrəyliyi, tolerantlığı ən yüksək səviyyədə təcəssüm etdirən, cəmiyyətdə ictimai harmoniyanı qoruyan mexanizmə çevrilib.

…Yaxın və uzaq tarixə boylanıb deyə bilərik ki, milli və dövlətçilik ideologiyası olmayan dövlətlər müəyyən dövr ərzində funksional vahid kimi mövcud olsalar da, məhz milli maraqları uzun müddət təmin edə bilmədiyindən səhnədən siliniblər. Bu baxımdan dövlətçilik və milli maraqlar olan yerdə mütləq milli ideologiya da olmalıdır. Bizə görə, Milli İdeologiya cəmiyyətin bütün təbəqələrinin maraqlarını müdafiə edən, öz funksiyalarına görə milli həmrəyliyi və dövlətin suverenliyini və ərazi bütövlüyünü təmin etməyə qadir, güclü, cəmiyyətin demokratik və hüquqi dəyərlərinin inkişafına xidmət edən Ümummilli Baxışlar Sistemidir. Bu mənada xalqımızı vahid orqanizm kimi öz ətrafında birləşdirən, daxildə və xaricdə dövlətimizin maraqlarına xidmət edən milli ideologiya, ümummilli konsepsiya məsələsi Azərbaycan üçün həmişə strateji önəm daşıyıb.

Sovet psixologiyası, “KQB” xofu, itirilməkdə olan dəyərlərimiz…

…Bu gün “qırmızı imperiya” dediyimiz SSRİ dövründə ölkəmizdə milli kimliyin, milli-mənəvi dəyərlərin məhvinə yönəlmiş, bu dəyərlərin zorla unutdurulmağa çalışıldığı 70 ili tariximiziin “zorlanmış dövrü” hesab edə bilərik. İstər o dövrün ədəbi-tarixi əsərlərində oxuduqlarımız, istərsə də yaşlı nəsildən eşitdiklərimiz ona dəlalət edir ki, 70 ildə respublikamızda bütün ideoloji tərbiyə və təbliğat maşını yekcins, monoetnik və “manqurt” sovet adamının “əxlaq kodeksi”nin yaradılmasına xidmət edib. Bu sistemin mahiyyəti xalqların, millətlərin kimliyini, özünəməxsusluğunu unutdurmaq, şüurlarda “proletar mədəniyyəti” təfəkkürünü yaratmaq idi. İmperiyanın hər tərəfində vahimə və qorxu maşını ədalətsizliyə etiraz edənləri ən ağır cəzalarla məhkum edən dövlət təhlükəsizlik xidmətinin – “KQB”-nin metodları hamıya eyni ideologiyanı – sovet psixologiyasını təlqin edirdi. Soykökümüzü, qədim tariximizi unutdurmaq üçün Azərbaycanda total ruslaşdırma siyasəti aparılır, milli-mənəvi dəyərlərin yerini sovet-kommunist ideologiyası tuturdu. Bu sistem nəinki gerçək tariximizi, zəngin keçmişimizi inkar edir, hətta dini inancımızı da əlimizdən almağa çalışırdı. Sovetlər dönəmində milli mütəfəkkirlərin, alimlərin, şair və yazıçıların əsərləri ciddi təftiş edilir, sovet adamının psixologiyasına uyğun gəlməyən nümunələr “köhnəliyin, burjuaziyanın qalığı” damğası ilə məhv edilir, bu tip əsərlərin çağdaş müəlliflərinə isə ağır cəzalar verilirdi.

Müstəqilliyin və suverenliyin təminatçısı

…Amma dövran dəyişdi və SSRİ adlı “xalqlar həbsxanası” bütün imperiyaların yaşadığı aqibəti yaşamalı oldu. Bundan sonrakı dövr isə yeni təfəkkür, yeni yanaşma və yeni lider tələb edirdi. Bu, həm də müstəqilliyimizin təməlinin qoyulması, onun qorunması, daha da gücləndirilməsi mərhələsi idi. “Qırmızı imperiya” dağılandan sonra, 1991-ci ildə yenidən müstəqilliyinə qovuşan Azərbaycanın tarixində yeni səhifə, yeni üfuqlər açıldı. Fəqət müstəqilliyin ilk illərində Azərbaycanda xarici təcavüzün dəf edilməsi, vətəndaş müharibəsi həddinə çatdırılmış cəmiyyətdə xaosun qarşısının alınması üçün milli birlik, güc mərkəzi və lider yox idi. Müstəqil olsaq da, kommunist qaydaları, sovet dövlətçiliyi, onun inzibati-idarəetmə sistemi, həmçinin ideoloji dəyərləri tam sıradan çıxmamış, şüurlardan silinməmiş və hələ də müəyyən fəsadlar törətməkdə idi. Bu baxımdan, Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər tariximizə ölkəmizin bütün həyati əhəmiyyətli sahələrində, o cümlədən, sosial-iqtisadi, elmi-texniki və mədəni potensialının inkişafı, xalqımızda dövlətçilik şüurunun yüksəldilməsi mərhələsi kimi daxil oldu. Çağdaş tariximizin xalqımız üçün taleyüklü bir dönəmində Xilaskar Liderin irəli sürdüyü AZƏRBAYCANÇILIQ ideologiyası ən doğru yol idi. 1993-cü ilin iyununda xalqın israrlı tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev üçün cəmiyyəti məhz azərbaycançılıq məfkurəsinə yönəldərək respublikanın müstəqilliyini möhkəmləndirmək, onun siyasi, iqtisadi, hərbi əsaslarını yaratmaq vacib şərtə çevrildi. Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən Ümummilli İdeologiya halına gəlməsi, müstəqil Azərbaycanın dövlətçiliyinin ideoloji təməlinə çevrilməsi məhz Heydər Əliyevin tarixi xidmətidir. Ulu Öndər müstəqil Azərbaycan dövlətinin yaradılması konsepsiyasını həyata keçirməklə yanaşı, eyni zamanda Azərbaycanda yaşayan bütün millətləri və xalqları birləşdirən, ölkəmizi beynəlxalq aləmdə vahid amal, əqidə və məqsəd ətrafında səfərbər edən milli təlimi – azərbaycançılıq ideologiyasını daha da inkişaf etdirdi. Ümummilli Lider müstəqil Azərbaycan dövlətinin memarı olmaqla yanaşı, müqəddəs bir missiyanı da həyata keçirmiş oldu, milliliklə dövlətçiliyin sarsılmaz vəhdətini təmin etdi. Dünyada hər bir xalqın arzusunda olduğu əlçatmaz ideya Azərbaycanda gerçəkləşdi. Heydər Əliyevin səyləri nəticəsində azərbaycançılıq təfəkkürü, şüuru, davranış və əxlaqı formalaşdı. İslam dəyərləri xalqın dini mədəniyyəti kimi yenidən dirçəldi, ateizm və kommunizm cərəyanları cəmiyyətin təfəkküründən silindi, milli, liberal demokratik dəyərlərin təməli qoyuldu, cəmiyyətdə azərbaycançılığa, dövlətçiliyə, tolerantlığa və multikulturalizmə əsaslanan sivil mədəniyyət formalaşdı. Bir sözlə, azərbaycançılıq ideyası milli-mənəvi dəyərlərlə qovuşaraq, xalqımızın dövlətçilik şüurunda, mədəni inkişafında əsas amilə çevrildi.

Azərbaycançılığı qorumalı və təbliğ etməliyik

…Biz xoşbəxt xalqıq. Ona görə ki, tarixin qədim dövrlərindən başlamış müasir günümüzə qədər Azərbaycanımızın milli adət-ənənələrini, mənəvi dəyərlərini, polietnik zənginliyini özündə yaşadan və birləşdirən baxışlar sistemi kimi azərbaycançılıq ideologiyamız var. Bu gün bu ideya cəmiyyətin hər bir üzvünün təfəkküründə özünə taxt qurmuş mental dəyərlərdən birinə çevrilib. Əslində bu da bir tarixi reallıqdır ki, Azərbaycan ta qədimdən çoxmillətli ölkə, milli və dini tolerantlığın bərqərar olduğu məkan kimi tanınıb. Elə azərbaycançılıq məfkurəsinin özülünü məhz bu bəşəri dəyərlər təşkil edir. Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirən tarixi-siyasi doktrinadır. İndi ölkəmizdə milli mənsubiyyətindən asılı olmayaraq özünü azərbaycanlı sayan vətəndaşların həmrəyliyi üçün bu ideya sarsılmaz istinad mənbəyi, etno-ideoloji bünövrədir. Ona görə də mlli ideologiyamız Azərbaycanın dövlət maraqlarını təmin etməklə bərabər, həm də milli həmrəyliyi ən yüksək səviyyədə təcəssüm etdirən, cəmiyyətdə ictimai harmoniyanı qoruyan mexanizmə çevrilib. Bizi biz edən bu tarixi nailiyyətimizi göz bəbəyi kimi qorumalı, onun üzərinə nəinki kölgə salınmasına, hətta toz qonmasına imkan verməməliyik.

“Dəmir Yumruq”la monolitləşən məfkurə

…Tarixin bu kəşməkəşli dönəmində bizi bir xalq olaraq birləşdiən, mübariz edən, döyüş ruhumuzu dirçəldən, nəhayət, “Dəmir Yumruğ”un əzəməti ilə torpaqlarımızı yağı düşməndən azad edib, milləti təşnəsində olduğu Zəfərə qovuşduran məhz azərbaycançılıq ideologiyası oldu. Xalq-Ordu-Komandan birliyi tarixi ədaləti bərpa etdi, əyilmiş qəddimizi dikəltdi, zədələnmiş ruhumuza mələm oldu, “Dəmir Yumruq” qələbə yolundakı bütün maneələri, sədləri vurub dağıtdı, oğullarımızın qəhrəmanlığına dünyanı şahid elədi. Məhz bu son döyüş, tariximizə Vətən Müharibəsi kimi yazılacaq şanlı 44 gün azərbaycançılıq ideyasının ən parlaq tərəfini də üzə çıxarmış oldu. Hərb meydanında düşmənə heç vaxt gözləmədiyi zərbəni endirən, Xalqımıza Böyük Zəfəri yaşadan Şəhidlərimizin, Vətən Müharibəsi Qəhrəmanlarımızın, Qazilərimizin, Veteranlarımızın sırasında rus, yəhudi, talış, ləzgi, tat, molokan millətindən olan onlarla, yüzlərlə igid oğullarımız var. Onları “Dəmir Yumruq” ətrafında birləşdirən, doğma torpaq uğrunda şücaətə səsləyən həm də azərbaycançılıq məfkurəsi oldu. Azərbaycançılıq Müzəffər Ali Baş Komandanın memarı olduğu, hər birimizin qürur mənbəyi sayılan Dəmir Yumruğun rəmzlərindən birinə çevrildi – desək, heç yanılmarıq. Bu gün belədir, sabah da belə olacaq!

Təbriz VƏFALI,
Azərbaycan İnformasiya Mərkəzinin direktoru, analoq.az saytının baş redaktoru

Məqalə “Mənəvi dəyərlərimiz: vətənpərvərlik” adlı məqalə müsabiqəsinə təqdim edilir.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button