BannerElm və təhsil

Dərs deməkdən çox valideyn dərisi soyan məktəblər- “Uşaqlar gələcəkdə üzümüzə tüpürəcək “

Əvvəllər , bizim vaxtımızda valideyinlər məktəbə uşaq gətirəndə müəllimlərə deyərdi ki, uşağın əti sənin, sümüyü mənim, amma…

Amma indi övladlarını məktəbə aparan valideynlərə müəllimlər, direktorlar deyir ki, uşağı götürürəm, amma sənin “dərini soyacam”…

Yəqin başa düşdünüz. (?!) Əl-qərəz deyib, bu yaxınlarda rastlaşdığım bir mənzərəni diqqətinizə çatdıraraq, təhsildə və məktəbdə baş verənlərdən bəzilərinə şəxsi rəyimi bildirəcəm.

Bir neçə gün əvvəl marketdə qızıma dəftər alırdım. Təsadüfən təsiredici bir mənzərənin şahidi oldum. Deməli, yaşlı bir qadın 1-ci sinif üçün “iş dəftəri”nin qiymətini soruşurdu, – çox güman ki, əlindən tutduğu uşağın nənəsi idi. Qiyməti səhv etmirəmsə on manat dedilər. Qadın sakitcə əlindəki pulu sayıb, kənara çəkildi. Yəqin ki, imkanı çatmadı almağa. Bu hadisədən çox təsirlənib, xəlvətcə satıcıya pul verdim və dedim ki, heç kimə heç nə demədən o “iş dəftəri”ni o qadına ver. Hə əziz oxucu, bu, mən gördüyüm min belə hadisədən biridir.

Niyə belə vəziyyət yarandı?! Məktəblərdəki vəziyyət çox acınacaqlıdır. Valideynlər uşaqlarına istədiklərini ala bilmir. Demək olar ki, hər il yeni qaydalar çıxır. Heç kim kasıbı, aztəminatlı, çoxuşaqlı ailələri fikirləşmir. Məktəblər valideyndən həddindən artıq şeylər tələb edir. Müəllimlər gününə on gündən artıq vaxt var. Amma indidən “pul yığma kampaniyası”na start veriblər. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi , yaxud da Bakı Şəhəri üzrə Təhsil İdarəsi bu məsələlərə çox ciddi fikir verməlidir!

Sosial durumu, maddi vəziyyəti nəzərə almaq lazımdır! Şagirdlərdən müəllim günü üçün niyə pul yığılmalıdır?! Müəllim dərsi pulsuz keçir, maaş almırmı?! Nə olar, heç olmasa, birinci sinif şagirdini rüşvətə öyrətməyək. Gələcəkdə üzümüzə tüpürəcəklər…

Cənab nazir Emin Amrullayev, şəxsən sizdən xahiş edirəm, məktəblərdə qanunsuz pul yığan müəllimlər və direktorları ciddi cəzalandırın! Allaha and olsun ki, valideynlər direktorlara, müəllimlərə verəcəkləri, verdikləri pulları borc alıb gətirirlər. Mən milyonlarla belə fakt göstərə bilərəm!

Hələ məktəbli formasını ala bilməyən, övladlarının “Ay ata, ay ana, niyə mənim məktəbli formam yoxdur?”, – sualı qarşısında aciz qalan valideyinləri demirəm…

Savalan Talıblı
Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 3 Ortalama: 5]

Back to top button