ƏdəbiyyatManşet

“Komandir, öldüyümü anama deməyin, yazıqdır”…

(Hərbi kəşfiyyat üzrə döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş zabitlərimizin və əsgərlərimizin əziz ruhlarına ithaf edirəm.)

Yeni döyüş tapşırığı verilmişdi. 15 nəfərlik kəşfiyyat qrupumuz gizli yollarla işğal altında olan Əlibəy kəndinə getməli idi…
O, azərbaycanlılarla ermənilərin birgə yaşadığı kəndlərdən biri idi. Dağlıq Qarabağ münaiqəşi başlananda azərbaycanlılar həmin kəndi tərk etmişdilər. Orda yalnız ermənilər qalmışdı.
Təkcə azərbaycanlılara qarşı deyil, həm bizimkilərlə döyüşmək istəməyən, həm də onlarla dostluq edən və azərbaycanlılardan qız alıb, onlara qız verməklə qohumluq etmiş ermənilərə qarşı qəddarlığı ilə tanınmış “Vəhşi” ləqəbli Alek Vardanyanın başçılıq etdiyi quldur erməni silahlı dəstəsi kəndi nəzarətə götürdükdən sonra dəstə başçısı Əlibəy kəndinin adını dəyişdirərək ona babası Vardanın adını qoymuşdu. Kənd yerli sakinlərə zor gücü ilə Vardan kəndi kimi qəbul etdirilmişdi. “Vəhşi”nin qəddarlığı üzündən həm Əlibəy kəndində, həm də qonşu kəndlərdə zülm ərşə çəkilmişdi. Qonşu kəndlərin sakinləri olan ermənilərlə yanaşı, albanlar və malakanlar da hər dəqiqə qorxu və səksəkə içində yaşayırdılar. Çünki qadın düşgünü olan və insan qanı içən Alek xeyli sayda dul və evli qadının, nişanlı və subay qızın, hətta məktəbli qızların namusuna təcavüz etməkdən çəkinmirdi. Döyüş vaxtı ermənilərin əsir aldıqları azərbaycanlılara dəhşətli işgəncələr verir, erməni toylarında əsirlərin boğazlarını xəncərlə kəsir, qanlarını vəhşi buffalo buğasının buynuzuna doldurur, sonra onu başına çəkərək qanı son damlasına kimi içirdi…
Döyüş tapşırığına əsasən kəşfiyyatçı qrupumuz “Vəhşi”nin başçılıq etdiyi quıldur dəstəsi və onun üzvləri, onların silah anbarı və silah-susrat ehtiyatları, döyüş xəritələri, minalanmış və minalanacaq ərazilərin çertyojları, blindajlar, yeraltı tunellər və sair barədə məlumatları əldə etməli idi.
Qrupumuzun sıravi əsgəri Ayvaz Rəsulov Əlibəy kəndində doğulmuşdu. 18 yaşına kimi bu kənddə yaşamışdı. Erməni dilini, ermənilərin adət-ənələrini, mətbəxini, bir sözlə hər şeyini əla bilirdi. Kirvəsi də erməni Vazgen Akopyan idi. Ayvaz kirvəsinin qızı Arpinlə bir sinifdə oxumuşdu, onunla 10 il bir partada oturmuşdu.
Ayvaz Rəsulovun atası Məmməd kişi loğman idi. Həm Əlibəy kəndindəki, həm də ətraf kəndlərdəki xəstələri təbii bitkilərdən, şəfalı otlardan, çiçəklərdən hazırladığı dərmanlarla müalicə etmişdi. Ayvaz da uşaqlıqdan atası ilə müalicəvi bitkilər, otlar və çiçəklər toplamaq üçün dağlara, dərələrə, meşələrə getdiyi üçün bu yerlərin hər qarışına bələd idi. Ona görə də kəşfiyyat qrupumuza bələdçilik etmək Ayvaza tapşırılmışdı…
Kəşfiyyat qrupumuzun əsas vəzifəsi silahlı döyüşə girmədən, bir güllə belə atmadan döyüş tapşırığını səssizcə yerinə yetirmək idi. Bizə avtomat silahlardan, patronla dolu daraqlardan, süngü bıçaqlarından əlavə 15 ədəd əl qumbarası da verilmişdi. Qumbaralar “Vəhşi”nin silahlı dəstə üzvlərini zərərsizləşdirmək üçün deyildi. Əgər ermənilərə əsir düşmək təhlükəsi yaranarsa, özümüzü bu qumbaralarla partlatmalı, əsir düşməməli və hərbi sirrin düşmənin əlinə keçməsinə imkan verməməli idik. Hətta yola düşməzdən bir həftə əvvəl sıravi əsgər Elşən Heydərovun ağzındakı salamat qızıl diş məcburi çəkdirildi ki, günəşin şəfəqləri altında bərq vuraraq parıltı yaradıb yerimizi bəlli etməsin…
Ermənilər bütün piyada yollarını, tarlaları, dağ və meşə çığırlarını minaladıqları üçün minalanmamış ərazilərdən Əlibəy kəndinə getməli idik. Ayvaz Rəsulov bizi qara rəngli tikanlı kolluğun yanına gətirdi.
… Uşaqlıq illərimdə bağımızdakı böyürtkən kollarında xırda quşlar görmüşdüm. Bir koldan digərinə uçub qonur, gözlərini yumur, özlərini yuxulu kimi göstərirdilər. Onları tutmaq üçün çox çalışırdım. Amma hər dəfə həmin quşlar cəld uçaraq digər kollara qonurdular. Onları tuta bilmirdim, əvəzində kolların iynəli tikanları yalın qollarımı, əllərimi, qulaqlarımı, boynumu cızır, başıma batırdı. Sonra valideynlərimdən öyrəndim ki, bu quşlara “çobanaldadan”lar deyirlər və çox fırıldaqçı, insanları aldadan, amma xarici görünüşünə görə sevilən quşlardır.
Uşaq ikən taxıl zəmilərinin kənarlarındakı, çay sahillərindəki böyürtkən kollarında ilanların qabıq qoyduqlarını çox görmüşdüm, onların kollara ilişib qalmış dərilərini topladığım çağlarım da olmuşdu…
İlk dəfə gördüyüm tikanlı kolluq məni heyrətə gətirdi. Sanki qara rəngə çalan divar mamırına bənzəyən tikanlı kollar bir-birlərinə sarmaşıq kimi elə sıx sarılmışdılar ki, günün gündüz çağında belə onların diblərini görmək mümkün deyildi. Tikanları o qədər iri və iti idi ki, adamın əlinə batsa bıçaq yarası kimi dərin yara açardı. Orda kollara dırmaşaraq qabıq qoymaq istəyən ilanların sümüklü dərilərini, kolluqda hərəkət edə bilməyən və tikanlara ilişib qalmış “çobanaldadan”ların qurumuş leşlərini gördük. Əsl “Cəhənnəm qara tikanlığı” idi.
Çavuş İdrak Aslanov meşəyə girmək üçün kolluğu yarmağı məsləhət görəndə Ayvaz Rəsulov ona qəti şəkildə etiraz etdi. Üzünü mənə sarı çevirib dedi:
– Komandir, bu ərazidə minalanmamış tək yer bu tikanlıqdır. Amma qalın kolları yarıb meşəyə keçə bilmərik. Onu yarmaq üçün minimum 15 gün lazımdır. Ermənilərə yaxalana bilərik. Ona görə tək çıxış yolumuz budur ki, kollardan yapışa-yapışa üzüaşağı, dərəyə sarı gedək.
Ayvaz Rəsulovun məsləhəti ilə təxminən 500 metrlik məsafəni üzüaşağı dərəyə doğru getmək üçün nə az, nə çox 5 saat vaxt itirdik. Bəlkə də əllərimizdə “metaləridən”lərin geyindikləri qalın əlçəklərdən, əynimizdə kombinezon dəst geyimlərindən, ayaqlarımızda o dovrlərin məşhur “tureyskiy botinka”larından olmasaydı, biz də ilanlar, “çobanaldadan”lar kimi kol-kosa ilişərək qalar, can verərdik. Həm də kollardan tuta-tuta üzüaşağı getmək və dərəyə yuvarlanmamaq üçün ehtiyatlı və diqqətli hərəkət etməliydik. Dərəyə çatdıqdan sonra oradakı çayı keçib “Tala” deyilən yerə getməliydik.
Dərədəki çayın dərinliyi 25-30 santimetr olsa da, yoxuşdan enişə o qədər sürətlə axırdı ki, suyun içində müvazinəti saxlamaq, yıxılmadan çayın bir tərəfindən o biri tərəfinə geçmək insandan əsl qəhrəmanlıq, hünər istəyirdi.
… Bəzi gürzələrin, qızılilanların və bütün su ilanlarının suda üzdüklərini, çayın bir tərəfindən digər tərəfinə üzərək keçdiklərini çox görmüşəm, bu barədə çox eşitmişəm. Amma dərədəki çayda ilanların üzə biləcəyinə şübhə ilə yanaşdım. Sanki fikrimi oxuyan Ayvaz Rəsulov dedi:
– Komandir, bu çay çox təhlükəlidir. Həm axını çox sürətlidir, həm də dibi çox sürüşkəndir. İndiyədək çayın o biri üzünə keçmək istəyən bütün ilanlar suda boğularaq ölüb. Ona görə də buna “İlanboğan çayı” deyirlər.
Sıravi əsgər Niyazi Məmmədov dərədən tapdığı uzun və yoğun ağac budağını suya salar-salmaz çay budağı sanki onun əlindən qapdı. Məmmədov səndirlədi və çaya sarı yıxılar-yıxılmaz sıravi əsgər Rafət Hətəmov onun qolundan yapışıb özünə sarı dartdı.
Suda müvazinətimizi itirməmək, yıxılmamaq və bir-birimizə dayaq vermək üçün 30 metrlik kəməndi 15 nəfərlik qrupun hər bir üzvü öz belinə qurşaq kimi bağladı. Suya girdik. Çay axınında 20-30 metr aşağı sürüşsək də, yıxılmadıq, çayı birtəhər keçdik. Bir saatlıq yol qət edəndən sonra “Tala”ya çatdıq.
… Tala deyiləndə adətən meşənin ortasında sahəsi iri olmayan və ağacsız açıq ərazini başa düşürük. Amma bizim gördüyümüz ərazi meşədən 1,5 kilometr aralıdakı qamışlıq sahəsi idi.Orda boyları 1 metrə çatan yabanı qamışlar bitsə də, sayları az idi. Ərazidə adda-budda bitən xırdaboylu kol agaclarına da rast gəlinirdi. Havanın temperaturu kölgədə 42-45 dərəcə, günəşin altında bəlkə də 60-70 dərəcə olsa da, qamışlığın ərazisindəki bataqlıq bol sulu idi. Açıqlıq ərazi olduğu üçün “Tala”da qalmaq bizim üçün təhlükəli idi. Ermənilərlə üz-üzə gələ bilərdik. Çünki düşmənlər hansı ərazilərdə minaların basdırıllmadığını bildikləri üçün hərdən meşəyə meyvə, giləmeyvə və göbələk yığmağa, quş ovlamağa, quş yumurtaları toplamağa gedirdilər. Ona görə də bataqlığı tez bir zamanda keçmək lazım idi. 15 nəfərin hər biri özüylə yoğun və uzun ağac budağı götürdü, 30 metrlik kəməndi yenidən belimizə bağladıq.
… Yaxşı xatirimdədir. Kəndimizdə təndir qoymaq üçün həyətyanı sahədən münbit torpağı qazır, arabalarla təndir qoyulacaq əraziyə daşıyırdım. Torpağı arabadan boşaltdıqca rəhmətlik atam torpağın üstünə at quyruğunun tükünü və keçi qılını tökürdü. Sonra torpaq topasının ortasında böyük çala düzəltdik. Ora su boşaltdıq. Ayaqqabılarımı və corablarımı çıxardıb girdim çalaya. Tüklə, qılla qarışıq torpağı tapdaladıqca palçığa dönürdü. Atam hərdən palçığa əlində topa ilə tutduğu keçi qılından, at quyruğunun tükündən əlavə edirdi. Palçıq o qədər qatı olurdu ki, onu tapdalamaq getdikçə çətinləşirdi. Hətta ayağımı palçıqdan güc-bəla ilə çıxardırdım, ayaqüstə güclə dayanırdım…
Ac-susuz, yorğun halda bataqlığı keçmək o qədər çətin, əziyyətli və məşəqqətli idi ki. Bəlkə də dünyanın ən güclü idmançıları belə o bataqlığı keçməkdə aciz qalardı. Kiməsə 1 milyon dollar verilsəydi, o bataqlığa yaxın belə getməzdi. Amma Vətən eşqi, bayraq sevgisi, dövlətə vətəndaşlıq borcu və döyüş tapşırığını ölüm bahasına da olsa yerinə yetirmək şərəfi kəşfiyyat qrupumuzun 15 nəfərlik üzvünə sanki qol-qanad, fövqəlgüc, ruh yüksəkliyi, məqəsdimizə, niyyətimizə çatmaq üçün qətilik, möhkəmlik və əzmkarlıq vermişdi. “Tala” ilə 6 saatlıq “mübarizə”dən qalib kimi ayrılaraq üzü “Orman”a doğru addımlamağa başladıq.
… Orman deyiləndə adətən meşəni, yəni, ağaclarla kol-kosların birlikdə sıx bitdiyi məkan nəzərdə tutulur. Amma uzunluğu 2 kilometrə qədər olan və “Orman” adlanan yerdə sıxlıq yox idi. Təkəmseyrək agaclara, kollara rast gəlinirdi. Ərazi o qədər palçıqlı idi ki, sanki leysan yağış yenicə kəsmiş və yağış suları ətrafı nəmişliyə qərq etmişdi. Burnumuza kəsif nəmişlik qoxusu gəlirdi. Səhər və günorta yeməklərimizi yeməməyimizə baxmayaraq, “Orman”da yemək yemək üçün vaxtımız yox idi. Tək şansımız qısa müddətdə istirahət etmək idi. 10 dəqiqəlik istirahətdən sonra yola rəvan olduq. Bəxtimiz üzümüzə onda güldü ki, ayaqlarımızdakı “tureskiy botinka”ların şiş uclu altlıqları “Orman”ın nəmişlik əraziindəki palçıqların üstündən çətinliklə də olsa addımlamağımıza köməklik etdi. Və nəhayət “Orman” geridə qaldı…
Səhər saat 4.30 radələrində, necə deyərlər, xoruz banlamazdan, günəş çıxmazdan, dan yeri ağarmazdan əvvəl yol düşüb gecə saat 2.00 radələrində meşənin “Gönüqalın” adlanan yerinə çatdıq.
Adətən bəd xəbərdən, faciədən, kədərdən-qəmdən mütəssir olmayan, öyüd-nəsihət, böyük sözü, ağbirçək, ağasaqqal sözü eşitməyən, faydalı və xeylirli məsləhətləri, tövsiyyələri qulaqardına vuran, özünü qəsdən eşitməməzliyə, görməməzliyə vuran, kobud, qanmaz adamlara “gönüqalın” deyirik. Amma dayanacağımız olan “Gönüqalın”ın adamlara verilən “gönüqalın” ayaması ilə heç bir əlaqəsi yoxdur. “Gönüqalın”da ağaclar o qədər sıx, o qədər hündür boylu idilər ki, onların diblərinə nəinki günəşin şüaları, hətta yağış damlaları belə düşmürdü.
Gün ərzində vaxtımız məhdud olduğundan yemək yeməyə imkanımız olmadığı üçün hamımız ac-susuz idik. “Veşmeşok”larımızdan çörəkləri, “fyasqı” su qablarını, yeməklə dolu qabları çıxartdıq. İlahi, istidən çörək o qədər bərkləşmişdi ki, iraq bərəkətindən, onunla insanın başına vursan, qılınc kimi 2 yerə bölərdi. Çörəkləri süngü bıçağı ilə doğramaq belə mümkün deyildi. “Fyasqı”lardakı su da sanki çaydanda yenicə qaynadılmış su kimi qapqaynar idi. Yeməklər isə sanki neçə gündür günəş şüaları altında qalaraq keyfiyyətini, dadını itirmiş kimiydi. Çörəkləri yeyə bilmədiyimiz üçün “veşmeşok”larımıza qoyduq ki, su tapa bilsək ona batırıb yüngülvari isladaq, yumşaldaq və yeyə bilək. Nə yaxşı ki, sıravi əsgər Murad Cəfərovun anası oğlunun “səfəri” üçün xeyli lavaş bişirmişdi. Onun “veşmeşok”dan çıxartdığı lavaşları “fyasqı”dakı su ilə isladıb birtəhər şam yeməyimizi yeyb bitirdik. Bir neçə dəqiqəlik istirahətdən sonra gecə yarısı saat 3.20 radələrində yatmağa hazırlaşdıq. Səhərin erkən çağında, sübh tezdən yola düşməli, “Köndələn kaha”ya, oradan “Torpaq təpə”yə, daha sonra “Qartal dərəsi”nə getməli idik.
Ağacların altında yatmaq təhlükəli idi. Hər an ayı, canavar və digər vəhşi heyvanların, böcəklərin, xüsusilə də kəndimizdə cırcırama dedyimiz əjdahauçuşlu böcəklərin qurbanlarına çevrilə bilərdik. Ən təhlükəsizi agaclarda yatmaq idi. Hamımız ağaclara dırmaşdıq. Ağacların haçalı budaqları arasında oturduq, həm özümüzü, həm də “veşmeşok”larımızı ağacların gövdələrinə iplə möhkəmcə bağladıq ki, ağacın dibinə düşməyək. Ağacın gövdəsini qucaqlayıb və ayaqlarımızı sallayıb yatmağa çalışdıq.
Bəzi adamlar dəmir və taxta çarpayıları, taxtları və digər yataq dəstlərini bəyənmirlər ki, narahatdır, rahat uyuya, yata bilmirlər, yuxularına haram qatır, bədənlərini ağrıdır, istirahətləri burunlarından gəlir və sair. Amma deyərdim ki, dünyada ən çətin, sonsuz dözümlülük, fövqəltəbii səbr tələb edən işlərdən biri, bəlkə də birincisi ağacın haça budaqları arasında həm ağaca bağlı, həm ağaca sarılı, həm ayaqları aşağı sallanıqlı, həm də oturaqlı yatmaqdır. Budaqların bədənimizin oturacaq hissələrini keyləşdirməsinə, yarpaqların və ağacın gövdəsindəki qabıqların üz-gözümüzü dalamasına, salladığımız ayaqlarımızın ağırlıqdan sanki ombamızdan “qoparaq yerə düşəcəyinə” baxmayaraq, 3 saat 40 dəqiqəlik “şirin yuxu”ya daldıq. Gözlərimizin acısını aldıqdan sonra ağaclardan düşdük və çörəklərimiz quru olduğundan “fyasqı”larımızdakı son qurtum suyumuzu içib ac-yalavac “Köndələn kaha”ya sarı yola düşdük.
Alek Vardanyanın silahlı quldur dəstəsinin qəddar və zalım, heç nəyə və heç kimə acımayan üzvləri kəndlərdə yaşayan ermənilərin, malakanların və albanların canlarını elə lərzəyə salmışdılar ki, kürklərinə birə düşən, canlarına vicvicə salınan sakinlər azərbaycanlıların, bizim hərbi kəşfiyyatçıların öz ata-baba yurdlarına gələcəklərini belə təsəvvür edə bilmirdilər. Hətta “Vəhşi”nin qorxusundan azərbaycanlıların ermənilər yaşayan kəndlərin həndəvərinə belə yaxın gələcəyini düşünmürdülər. Ermənilər o qədər arxayın idilər ki, “Gönüqalın”dan “Köndələn kaha”ya gedən yollarda silahlı keşikçilərin olduğu postlar qurulmamışdı. Bu yollarda əlisilahlı erməni görmək mümkün deyildi…
“Köndələn kaha” xeyli sayda mağaranın yerləşdiyi “Mağaralar adası” deyilən dağlıq ərazidə idi. Kəşfiyyat qrupumuz “ada”ya yaxınlaşanda sıravi əsgər Əbülfət Qəribov ən yaxınlıqdakı mağaradan sığınacaq kimi istifadə etməyimizi məsləhət görəndə Ayvaz Rəsulov etiraz etdi.
– Xeyr, komandir, o mağara olmaz. O, “Ayı mağarası”dır. Orda ayılar yaşayır. Biz “Köndələn kaha”ya getməliyik. Ən təhlükəsiz yer oradır. O kahada istirahət edə bilərik.
“Ayı mağarası”ndan kənarda bir neçə yerdə təbii oyuqlar var idi. Amma darısqal olduğundan bu oyuqlarda iri heyvanların yaşadığına inanmaq zor idi. 300 metlik məsafədən sonra bir mağaraya rast gəldik. Bu, “Köndələn kaha” idi.
Maraqlı idi ki, “Mağaralar adası”nda gördüyümüz bütün mağaraların girişləri qərbə və şərqə, yəni günçıxan və günbatan tərəfə baxsa da, “Köndələn kaha”nın girişi şimala, yəni Bakı istiqamətinə baxırdı.
Kahaya girdik. O qədər yorğun, ac-susuz və yuxusuz idik ki, Ayvaz Rəsulovdan və məndən başqa yerdə qalan 13 nəfərin hər biri yatmaq üçün özünə yer seçdi. Əsgərlər daş-kəsəyin üstündə uzanıb əllərini başlarının altında qoşalaşdırıb yatdılar.
– Rəsulov, uzan, yat, istirahət et. Mən qaraul çəkərəm.
– Siz yatın, komandir, mənim yuxum gəlmir.
Kürəyimi kahanın daş divarına söykəyib ayaqlarımı uzatdım…
Hamımız o qədər heysiz idik ki, gözlərimizi yuman kimi bizi yuxu apardı. Hətta ölü kimi yatdığımız üçün Ayvaz Rəsulovun dərədəki bulağın göz yaşı kimi dumduru suyundan “fyasqı”larımıza doldurub gətirməsindən, meyvə və giləmeyvə yığmasından, yeməli ot bitkiləri toplamasından, kahada ocaq qalamasından, tutduğu bir neçə ilandan kabab bişirməsindən, “veşmeşok”larımızdakı qurumuş çörəkləri isladıb yeyiləcək hala gətirməsindən və süfrə açmasından xəbərimiz olmadı. Nə qədər yuxusuz olsaq da, aclıq və susuzluq yuxumuzu əlimizdən aldı. Hamımız yuxudan oyandıq. Süfrəni, onun üstündə qoyulmuş nazı-neməti görəndə şoka düşsək də, gözlərimiz işıqlandı. Əl-üzümüzü yuyub süfrə ətrafında bardaş qurub oturduq. Ayvaz Rəsulov şiş əvəzinə istifadə etdiyi çubuq çöplərindəki kababları əliylə göstərib dedi:
– Dovşan ətidir, çox ləzzətlidir. Yeyin, nuş olsun.
Hamımız doyunca yedikdən sonra Ayvaza təşəkkür etdik. Amma ürəyimdə şübhə qalmışdı. Kabab dovşan ətindən deyildi. Çünki kənddə yaşayanda 50-yə yaxın dovşan saxlamışdım. Hərdən onlardan kəsib kabab bişirdiyim də olurdu. Çöl dövşanı tez-tez qaçdığı üçün, yəni qaçağan həyat tərzi yaşadığı üçün bu heyvanda əzələ çox, onun əti az yağlı, bir az acı və sıntır olur. Ev dovşanı isə oturaq həyat tərzi keçirdiyindən əzələ yığmır, onun əti isə çox yağlı, dadlı və şirin olur. Amma yediyimiz kabab ətini dovşan ətinə oxşatmadım.
– Rəsulov, düzünü de, bu, hansı heyvanın ətidir? Dövşan əti belə dad vermir.
– Komandir, desəydim ki ilan ətidir, heç biriniz yeməyəcəkdiniz. Ona görə dovşan ətidir, dedim. Atamla burda dəfələrlə ilan kababı yemişik, çox xeyirlidir.
– Vallah, çox ləzzətli idi, Ayvaz. Olsaydı, 5-6 şiş ilan kababı yeyərdim.
Gülə-gülə söz atan dolubədənli sıravi əsgər Atamoğlan Əliyev idi. “Qarınotaran” ləqəbiylə məşhur idi. Ayvaz Rəsulov cəld dilləndi:
– Ay “qarınotaran”, ətrafdakı ilanların hamısını tutub kabab bişirsəm, yesən, heç mədənə gedib çatmaz. İlanlar yazıqdır.
Hamımız gülüşdük. 30 dəqiqəlik istirahətdən sonra yola düşməli, “Torpaq təpə”yə qalxmalı, oradan “Qartal dərəsi”nə enməli idik.
Kənardan baxanda “Torpaq təpə” alçaq görünürdü. Amma hündürlüyü 200 metrədək olan təpənin enişdən yoxuşa uzunluğu 2 kilometrdən çox idi.
Günorta çağı idi. Hava o qədər isit və qızmar idi ki, nəfəs almaq çətiniydi. Ancaq kəşfiyyat qrupumuz “Torpaq təpə”nin başına çıxmaq məcburiyyətində ydi. Məşhur erməni quldur, “Qaniçən” ləqəbli Monte Melkonyana Rusiyadakı himayədarları tərəfindən hədiyyə edilmiş 3 ədəd Mi-8 hərbi helikopteri ilə Yerevandan Dağlıq Qarabağdakı ermənilərə silah-sursat daşınan zaman bəzən “Torpaq təpə”nin üstündən də uçuşlar olurdu. Ona görə son dərəcədə diqqətli və ehtiyatlı olmaq, özümüzü kamuflyaj etməli idik. Həm də təpənin hər tərəfində zəhərli ilanlar süründüyündən özümüzü onlardan qorumalı idik.
“Veşmeşok”larımızda daşıdığımz göy və baş sarımsaqları torpağın üstünə düzdük. Baş sarımsaqları əzib onları üzümüzə, boynumuza, əllərimizə, paltarlarımıza, “tureyskiy botinka”larımıza və “kaska”larımıza sürtdük. Göy sarımsaqları “botinka”larımıza, belimizdəki kəmərlərə və qollarımıza bağladıq ki, təpədə sürünərkən ilanlar sarımsağın qoxusundan bizə yaxın gəlməsinlər.
Bir tərəfdən isti hava və günəşin adamın dərisini boğazından çıxardacaq gücə malik qızmar şüaları, digər tərəfdən də sarımsağın kəskin qoxusu bizi bihuş və bihal etsə də, vəzifəmizi yerinə yetirməliydik.
2,5 kilometrlik məsafədə enişdən yoxuşa təpənin başına, 2,3 kilometr məsafədə təpənin başından enişə doğru süründükdən sonra “Qartal dərəsi”nə endik.
Düz yerdə sürünməyə nə var ki. Canında təpərin olsa, düz yerdə ilan kimi sürünə-sürünə 10 kilometrlik məsafəni də qət edərsən. Amma enişdən yoxuşa sürünmək o qədər zor idi ki. İsti və qızmar hava, sarımsaq qoxusu bir yana, süründükcə sanki zor gücünə ayaqlarımızı özümüzlə dartıb aparırdıq. Yoxuşdan enişə sürünmək isə əsl bəla idi. Üzüaşağı yuvarlanmamaq və zədə almamaq üçün çox ləng sürünmək zorunda idik. Təsəvvür edin ki, enişdən yoxuşa 2,5 kilometrlik yolu sürünməyə 3 saat, təpədən enişə 2,3 kilometrlik yolu sürünməyə isə 4 saat vaxt sərf etdik…
“Qartal dərəsi” başqa aləm idi. Göz oxşayan, gül gülü, bülbül bülbülü çağıran cənnət məkan idi. Burda quşların civiltisini, xınalı kəkliklərin uzantılı səslərini, bülbüllərin cəhcəhini, şanapipiklərin dimdikləri ilə ağacların gövdələrini dələrkən çıxartdıqları taqqıltı-tuqqultu səslərini eşitdikcə, sanki “qaçdı-tutdu” oyunu oynayan dovşanların ürkəkliyinə, tez-tez yuvadan çıxaraq ətrafa baxıınıb dərhal yuvalarına girən çöl siçanlarının ehtiyatlılığına, ağacların koğuşlarında və budaqlarında qurduqları yuvalardakı balalarını yemləyən, yedizdirən quşların “valideynlik” sevgisinə, xırda gözlərini bərəldə-bərəldə yeriyən, uzun və enli qulaqlarını şappıldada-şappıldada gəzinən çöl donuzlarının bitkilərin köklərini və yaşıl hissələrini, meyvə və giləmeyvələri xırta-xırtla yeməsinə və Allahın təbiətə bəxş etdiyi digər möcüzələrə şahid olduqca adamın ruhu qidalanır, insan özünü yenidən doğulmuş kimi hiss edirdi.
Bura həm də qartallar oylağı idi. Dağın zirvəsindən şahə qalxıb qıy vuran qartallar dərəyə sarı uçur, dovşan, ilan, quş və donuz balalarını iti caynaqları ilə ovlayır, onları ya ovladıqları yerdə, ya uçduqları təhlükəsiz yerlərdə, ya da yuvalarında yeyirdilər.
Əlibəy kəndi “Qartal dərəsi”nin qurtaracağında idi. Ayvaz Rəsulov bizi “Ovçular oymağı” deyilən yerə gətirdi. Bu, hər tərəfi daşla örtülü, girişi ağac budaqları və qurumuş otlarla örtülü sığınacağa oxşayırdı.
Azərbaycanlılar Əlibəy kəndini tərk etməzdən əvvəl kəndin bir neçə azərbaycanlı ovçusu “Qartal dərəsi”ndə donuz, dovşan, kəklik və digər heyvan və quşları diri tutmaq üçün tələlər, cələlər qurardılar. Onlar “Ovçular oymağı”nı yağışdan, Günəşin qızmar şüalarından və vəhşi heyvanlardan qorunmaq üçün yaratmışdılar. Amma ermənilər bu sığınacaqdan xəbərdiz idilər.
Donuzu diri tutmaq ovçuluğun ən çətin növlərindən biridir. Bunu hər ovçu bacarmır. Çünki digər heyvanlardan fərqli olaraq çöl donuzları və qabanlar çox bic, yəni, çoxbilmiş, ehtiyatlı və tədbirli olurlar. Onları tələyə salmaq üçün böyük məharət, rəşadət, səbr və dözüm tələb olunur. Bəzən bir donuzu diri tutmaq üçün Əlibəy kəndinin ovçuları günlərcə “Ovçular oymağı”nda qalırdılar. Ona görə də ermənilər diri donuz tutmağa getmirdilər. Azərbaycanlı ovçular isə diri tutduqları donuzları ya ermənilərə, ya da məşhur “Aşotun kafesi”nə satırdılar. Ermənilər onları tövlələrdə saxlayır, kökəldir, şənlik məclislərində kəsirdilər…
Artıq vəzifəmizin əsas hissəsini icra etməyə hazırlaşırdıq. “Vəhşi” Alek Vardanyanın qərargahının yerini, ora gedən gizli giriş-çıxış yollarını, məxfi sənədləri necə lə keçirilməsini və digər vacib məsələləri öyrənməyin vaxtı çatmışdı. Ayvaz Rəsulov hərbi formasını, “botinka”larını soyunub Əlibəy kəndinin erməni sakinlərinin pal-paltarlarına bənzəyən köynəyi və şalvarı əyninə, ayaqqabıları ayaqlarına geyindi.
– Ay Ayvaz, sən lap erməniyə oxşayırsan ki.
Söz atan sıravi əsgər Emin Tapdıqov idi. Ayvaz Rəsulov onun üzünə tərs-tərs baxdı.
– Erməni özünsən, ay “qıllı ayı”.
Hamımız gülüşdük.
Əsgər Tapdıqovun bədəni başdan ayağadək o qədər tüklü idi ki, kürəyinin, sinəsinin və ayaqlarının dərisi görünmürdü. Ona görə də təkcə əsgərlər deyil, öz həmkəndliləri də ona “qıllı ayı” deyirdilər.
– Rəsulov, ehtiyatlı və diqqətli ol. Təkbaşına qəhrəmanlıq göstərməyə çalışma. Sənə verdiyim tapşırıqları yerinə yetir. Biz bura ölməyə, ya da öldürməyə gəlməmişik. Əsas vəzifəmiz məxfi sənədləri qərargahdan çıxardıb sağ-salamat Bakıya qayıtmaqdır.
– Komandir, əmrin başım, gözüm üstünə. Narahat olmayın, 2-3 saata kimi geri dönəcəyəm.
– Ay Koroğlunun dəli Ayvazı, birdən dəliliyin tutar, erməni dilini unudarsan, ya da qəfildən özünü itirib ermənilərlə Azərbaycan dilində danışma, ha…
Atmacanın sahibi Ayvazın həmyerlisi, sıravi əsgər Elşad Piriyev idi.
– Adə, ay “zemlyanka”, qorxma, ermənilərə erməni dilindən dərc keçərəm.
Hamımız yenə gülüşdük.
Elşad Piriyev hərbi xidmətə gəlməmişdən əvvəl doğulub boya-başa çatdığı rayonda dəyə ustası kimi tanınırdı. Qarğılardan, qamışlardan və ağac kollarından düzəltdiyi kiçik komaların, alaçıqların və qazmaların sayı-hesabı bilinmirdi. Ona görə həmyerliləri Elşad Priyevə “zemlyanka” ləqəbi qoşmuşdular…
… Kirvəsi Vazgen Akopyanla görüşən və onun vasitəçiliyi ilə Ayvaz Rəsulovun əldə etdiyi məlumatlardan hər birimiz xoşhal olduq. Alek Vardanyan özünün quldur dəstəsi ilə İran sərhəddinə getmişdi. “Vəhşi”nin qərargahında 5-6 keçikçidən başqa kimsə yox idi…
… Qərargahdan götürdüyümüz bütün məxfi sənədlər əlimizdə olduğundan Bakıya dönmək vaxtı çatmışdı. Amma Ayvaz Rəsulov kirvəsi ilə yenidən görüşmək və “Qaniçən” ləqəbli Monte Melkonyanın Mi-8 helikopterləri ilə bağlı məlumat almaq istədiyini bildirdi.
– Yaxşı get, amma 2 saat vaxtın var. Təcili Bakıya qayıtmalıyıq.
– Baş üstə, komandir.
Ayvaz Rəsulov “veşmeşok”un döşlük cibindən çıxartdığı üzüyü barmağına taxdı. Amma biz onun nə üçün üzük taxmasının fərqinə varmadıq…
Bəzi insanlar saf sevgi, ülvi məhəbbət, ayrılıq iztirabı, həsrət, vüsal, intizar və sair barədə danışılanara istehza edir, deyilənləri məsxərəyə qoyur, belə şeylərin reallıqdan uzaq olduğunu deyir, bunları yalnız hind filmlərindən seyr etməyin mümkünlüyünü söyləyirlər. Amma mən saf sevgiyə də, ülvi və nakam məhəbbətə də inanıram. Və inandığım bir şey də var: saf və müəqddəs sevgi sərhəd tanımır, əsl məhəbbət üçün dövlət, xalq, din və irq anlayışı yoxdur…
Kəşfiyyatçılıq elə bir sahə, elə bir peşədir ki, ona yiyələnmək istəyən Allah bəndəsi peşəkar, savadlı, təcrübəli, yüksək intellektli, geniş və dərin təfəkkürklü, idarəetmə bacarığına malik, yaradıcılıq və tədqiqatçılıq qabiliyyətinə sahib, iti ağlı, uzaqgörən, dünyagörüşlü, hər bir çətinliyə, ağrıya, əziyyətə və məşəqqətə mərdliklə sinə gərən, qorxmaz, insan ürəyini və beynini baxışdan oxuyan, bir sözlə, adamın dabbağda gönünə bələd olan, hər şeyin fərqinə varan şəxs olmalıdır. Amma kəşfiyyatçılıqda nə qədər dəmir nizam-intizam olsa da, hətta peşəkar zabitlərin ağıllarına belə gəlməyən, onların vaqif ola bilmədikləri sirlər də var. Bəzən insanların özəl şeyləri, özünəməxsus sirləri olur ki, bunlardan kimsə xəbər tutmur. Mənim və əsgərlərimin bilmədiyi sirr bu idi ki, biz sıravi əsgər Rəsulovun kirvəsi Vazgen Akopyanın qızı Arpinə Məcnun kimi dəlicəsinə aşiq olmasından, qızın da Leyli kimi Ayvaza saf duyğular bəsləməsindən, onu səmimi qəlbdən sevməsindən, onların bir-birləri ilə əhd-peyman bağlamasından, başqası ilə ailə qurmayacaqları ilə bağlı bir-birlərinə söz vermələrindən, and içmələrindən, qızın qızıl qaşlı üzüyü sevgilisinə onun ad günü münasibətilə hədiyyə etməsindən xəbərsiz idik. Üzüyün iç tərəfində Arpinin və Ayvazın adlarının həkk olunduğunu və ailəsi Əlibəy kəndini tərk edəndən üzübəri Ayvazın bu üzüyü hər kəsdən gizli saxladığını da kimsə bilmirdi. Və Ayvazın helikopterlər barədə məlumat almaqdan daha çox Arpinlə görüşmək üçün kirvəsinin evinə gedəcəyini anlamamışdıq. Ayvazın kirvəsi qızının hədiyyəsi olan üzüyü barmağına taxmaqla Arpinə bəslədiyi sevgisindən vaz keçmədiyini sevgilisinə göstərmək məqsədi güdməsindən də xəbərimiz yox idi…
Vazgen Akopyanın qonşusu Hayrapet Qazaryanın qardaşı oğlu Hrantın Arpinə gözü düşmüşdü. Hətta Hayrapet Arpini Hranta almaq üçün dəfələrlə Vazgenə minnətçi düşsə də, həmişə qapıdan qovulmuşdu. Ona görə də azərbaycanlılardan intiqam almaq üçün Hrant və onun sinif yoldaşları olmuş Qriqori, Baben və Daron da kəndin silahlı quldur dəstəsinə qoşulmuşdular. Onlar Ayvazla üz-üzə gələndə Hrant onu üzüyündən tanımış və silahsız əsgərimiz yaxalanmışdı.
Ayvazı tövləyə salaraq ona təpiklə, yumruqla və avtomatların qundaqları ilə ağır zərbələr endirmiş, üz, qol və bədən dərisini lezvayla, bıçaqla doğramış, ağır işgəngələrə məruz qoymuşdular. Amma kirvəsinin məsələdən xəbər tutması, qohum-əqrəbası və dostları ilə tövləyə basqın etməsi Ayvazı ölümdən qurtarmışdı. Ancaq “Vəhşi” Alek Vardanyanın və quldur dəstələrinin qəzəblərinə düçar olmamaq üçün Ayvazı evə aparmaq, müalicə etmək mümkün olmamışdı. Hrant və onun silahlı quldur yoldaşlarının təkid və təhrikləri ilə ölümcül yaralı olan Ayvazı Əlibəy kəndinin “Qartal dərəsi”nə bitişik hissəsinə atmışdılar ki, qurda, quşa yem olsun…
4 saat keçməsinə baxmayaraq, Ayvaz geri qayıtmamışdı. Hamımız narahat idik. “Ovçular oymağı”ndan çıxıb durbinlə ətrafa göz gəzdirdim. “Qartal dərəsi”nin aşağı hissəsində qarğaların səmada dairəvi formada uçuçmalarından şübhələndim. Sığınacağa qayıdıb əsgərlərimə gördüklərimi dedim və dərənin aşağı hissəsinə doğru hərəkət etdik…
Ayvaz al-qan içində idi. Onu qollarımın arasına alıb başını köksümə dayamışdım. Əsgərimin huşu başında idi, xırıltılı səslə başına gələnləri nəql edirdi. Hamımız kövrəlmişdik, gözlərimiz dolmuşdu. Hönkür-hönkür ağlamamaq üçün özümüzü güclə saxlayırdıq. Dəqiqələr ötdükcə Ayvaz güclə nəfəs alır, onun səsi zəifləyirdi. Qəm çökmüş gözlərini qəfildən üzümə zillədi.
– Komandir, bu ağac Arpinlə mənim müqəddəs sevgimin şahididr. Məni bu ağacın altında dəfn edin…
Ayvaz artıq ömrünün son saniyələrini yaşayırdı. Son dəfə gücünü toplayıb son vəsiyyətini etdi.
– Komandir, öldüyümü anama deməyin, yazıqdır…
Və gözlərini əbədi qapadı…

Təbriz VƏFALI

Azərbaycan Yazıçılar Birliyinin üzvü, ehtiyatda olan zabit

13-14 sentyabr 2023-cü il

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button