CəmiyyətGündəm

Tanınmış ilahiyyatçı baş həkimə şeir həsr etdi – “Elə davranırsan lap nazir kimi…”

Tanınmış ilahiyyatçı Tural İrfan özünün Facebook hesabında Abşeron Mərkəzi Xəstəxanasının baş həkimi Əli Allahverdiyevə şeir həsr edib. Analoq.az həmin paylaşımı təqdim edir :

Abşeron Mərkəzi Xəstəxanasının baş həkimi Əli Allahverdiyevə böyük nifrət hisslərimlə

Rəftarından qan ağlayır xəstələr,
Niyə zülm edirsən bu insanlara?
Təklif verdim, yol göstərdim, cırnadın,
Cavab verəcəksən bu nöqsanlara!

Elə davranırsan lap nazir kimi,
Qəbuluna düşmək də bir zülümdü.
Əhali qapında qul, əsir kimi,
Səninlə görüşmək də bir zülümdü.

Nədir məqsədində bu qanlı qisas,
Nəyin hayıfını alırsan de sən?
Atandan qalmayıb sənə bu miras,
Dövlətin mülkündə şahlıq edirsən?

Həkim nəcib olar, əli sayalı,
Həkimin niyyəti intiqam olmaz.
Biri ağır gəlir, biri yaralı…
Baxmasan o yerdə intizam olmaz.

Şəfasından cəfası çox buranın,
Adamların ümidini qırıbsan.
Üzərinə duz tökübsən yaranın,
Yaralının ürəyini yarıbsan…

Bir imdad diləyən ahıl nənəyə,
Necə cavab verdin, gözüm önündə.
Ana qucağında halsız körpəyə,
Mərhəmət etmədin ağır günündə…

Fironluq taxtından enərsən bir gün,
Bu qədər işgəncə cəzasız qalmaz.
Müstəntiq önündə dinərsən bir gün,
Sənin də dadına çatanın olmaz.

Bir xəstəyə kömək verən polisi,
İşdən çıxartmaqla hədələdin sən.
Qazi arabasın sürən polisi,
Elə bil kənara itələdin sən…

Dövlətin qurduğu şəfa ocağı,
Sənin əllərinlə dağılır gedir.
Gör neçə ailənin sönür çırağı,
Neçəsi qəhərdən boğulur gedir…

Dur deyən tapılar bir gün sənə də,
Bir belə qəddarlıq çox uzun çəkməz.
Qol çəkdirmək üçün bircə sənədə,
Qapında gəlinlər göz yaşı tökməz.

Vəzifəni silah kimi tuşlayıb,
Xalqın sinəsinə güllə vurursan.
Ora gələn xəstələri daşlayıb,
Sanki sifətinə şillə vurursan.

Gördüm arxayınsan yaman yerindən,
Qanunu, qaydanı salmadın saya.
Nə qədər gec deyil, düşün dərindən,
Məhkəmə çox toyu döndərib vaya…

At oynadıb qalxan harınlar,
Qandal qarşısında kiriyib gedir.
Haram yeyib piy bağlayan qarınlar,
İndi türmələrdə əriyib gedir…

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 3 Ortalama: 4.7]

Back to top button