CəmiyyətSağlamlıq

Biz yaşayacağımıza ümid edirik, ümid isə sonda ölür!-TƏBİB-ə xitab

Yaxud, aptek və xəstəxanalarda nə baş verir?

Demək olar ki, günaşırı şəkildə vətəndaşlara tövsiyələr, məsləhətlər verən, müxtəlif – yumşaq, yaxud sərt karantin rejiminə xas olan qaydalarının tətbiq edilməsi istiqamətində brifinqlər keçirib, bununla da işini bitmiş hesab edən TƏBİB ətrafında təəssüfdoğurucu müzakirələr davam etməkdədir. Hələ COVİD-19 yeni-yeni Azərbaycana “təşrif” gətirərkən, dövlət ən ali səviyyədə önləyici tədbirləri həyata keçirdi, üstəlik, sosial məsələlərdə bir sıra ictimai qurumlar, könüllülər hərəkatı, habelə xeyriyyəçilər “Biz birlikdə güclüyük” şüarı altında dövlətin apardığı operativ tədbirlərə öz dəstəklərini göstərdilər. Söz yox ki, təqdirəlayiq işlər öz bəhrəsini verdi və inanırıq ki, koronavirusun yaratdığı çətin vəziyyət davam etdiyi bir zamanda həmin tədbirlər öz davamlığını qoruyub-saxlayacaq.

 

Ötən müddət ərzində istər əsaslı xəstəxanalar, istər modul tipli xəstəxanalar, istərsə də fəaliyyət göstərən özəl klinikalar və əzmkar həkim heyətləri xalqın xidmətində dayandılar və bunun üçün Azərbaycan dövləti və rəhbərliyi bütün imkanları yaratdı. Nə qədər həkimlərimiz virusla mübarizədə həyatlarını qurban verdilər!

 

O da əbəs deyil ki, koronavirusa yoluxanların sayı ikirəqəmlidən üçrəqəmliyə keçərkən növbəti həyəcan siqnalı çalındı və öldürücü yoluxmanın qarşısının alınması üçün daha ciddi tədbirlərə əl atıldı. Əlbəttə, bütün bunlar əhalinin, xalqın sağlamlığının mühafizəsi üçün vacib addımlar idi və belə addımların müsbət nəticələrə doğru istiqamət alacağına hər kəsdə ümid var idi.

 

İndi daha ağrılı fazadayıq – dördrəqəmli səviyyəsində…

 

Bəli, bir sıra məsuliyyətsiz insanlarımız da tapıldı və tapılır ki, epidemiyaya məhəl qoymayaraq nə özlərini, nə də ətraflarını düşünmədən yoluxmaların sayının artmasına rəvac oldular. Nə tətbiq edilən cərimələr, nə də digər götürülən sərt ölçülər təəssüf ki, istənilən nəticələrə gətirib-çıxarmır. Demək olar ki, hər gün koronaviruslu xəstələrin icazələri olmadan küçəyə çıxıb, alış-veriş etmələrinin, sonradan isə hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq geriyə göndərilmələrinin və ya barələrində cinayət işi açdıqlarının şahidləri olmaqdayıq. Etiraf edək ki, bu yöndə də tənzimlənmələrə ehtiyac var və bu cür halların qarşısı alınmazsa, daha ağır fəsadları xalq olaraq üzərimizdə hiss etməyə məhkum olacağıq. Biz hələ ictimai nəqliyyatdakı sıxlıqları, sərnişinləri daşıyan avrobusların intervallarının çox olmasını, insanların az qala bir-birinin üzərində – “basabas” deyilən vəziyyətdə mənzil başına getmələrini, bu cür yaranan digər təhlükəli məqamları demirik…

 

Amma bir daha geri dönək TƏBİB-in fəaliyyətinə və araşdırmamızı apararaq nəyin-necə olduğunu müəyyən edək. Əgər TƏBİB bütün detalları tam anlamınadək müəyyən edirsə, məsləhətlər, tövsiyələr verirsə, belə məsələləri də diqqətə almalıdır, bu, onun borcudur. Yox, öhdəsindən gələ bilmirsə, bu da həmin qurumun öz problemidir və problemdən çıxış yollarını axtarıb-aramalıdır.

 

Bizlər – media nümayəndələri istər yoxlanılmış, istərsə də yoxlanılmamış informasiyaları ictimaiyyətin, habelə müvafiq strukturların diqqətinə çatdırmalıyıq

 

Beləliklə, birfinqlər keçirib yeni-yeni qaydalar tətbiq edən TƏBİB nədənsə öz fəaliyyəti ilə yanaşı, hazırda nəzarətində olan xəstəxanalarda, apteklərdə, həmçinin təcili tibbi yardım sahəsində baş verənləri ya görmür, ya da görməzlikdən gəlir. Bu arada həmkarımız Elçin Alıoğlunun telegram səhifəsindəki bəzi faktları diqqətə çatdırmağı özümə borc bildim. Çünki bizlər – media nümayəndələri istər yoxlanılmış, istərsə də yoxlanılmamış informasiyaları ictimaiyyətin, habelə müvafiq strukturların diqqətinə çatdırmalıyıq. Yoxlanılanlar öz yerində, mətbuatda gedən və ictimailəşdirilən yoxlanılmayan məlumatları isə, məhz müvafiq orqanlar araşdırmalı, qanun pozuntuları olarsa, ona hüquqi qiymət verməlidirlər.

 

Beləliklə, aldığımız məlumatlara görə:

 

* Apteklərdə “antivirial” preparatı tərkibi eyni olsa da, qiyməti 15 manatla 2 min manat arasında dəyişir.

 

* Xəstəxanalarda çarpayı yerləri satılır. Koronavirus xəstəsinin Bakıdakı “elitar” xəstəxanalara düşməsi müşkül məsələyə çevrilib. Xəstənin və ya xəstə sahiblərinin niyyətləri qətidirsə, 2 min manatla 5 min arasındakı fərqlə rüşvət verməyə hazır olmalıdır.

 

* Həmin xəstəxanalarda pasiyentlər üçün ayrılmış dərmanların da bir qismi çıxarılır, satılır.

 

* “Kleksan”, antiqoaqulyantlar, “Acetaminophen”, “İbuprofen”, “Naproxen”, “Favipiravir”, “Arbidol”, “Azitromitsin”, “Hidroksixloroxin”, “Qrippferon”, “İnqavirin”, “Qalavit”, “Avifavir”, “Koronavir”, “Remdesivir”, “Lopinavir”, “Deksametazon” – apteklərdə əvvəlki dönəmlərlə müqayisədə dəfələrlə baha qiymətə satışdadır, qiymətlər süni şəkildə bahalaşdırılıb.

 

Daha təəssüfdoğurucu iddialar isə bunlardır:

 

* İş o yerə çatıb ki, xəstələrə veriləcək 1 doza preparat 3 yerə bölünür, 3 pasiyentə verilir. Təbii ki, belə olan halda onların effektiv müalicəsindən söhbət belə, gedə bilməz.

 

* Koronavirus xəstəsi evə təcili yardım çağırırsa, günlərlə gözləməli olur. Gözləmək istəmirsə, rüşvət verməlidir: bununla bağlı hər gün şikayətlər alıram (Elçin Alıoğlu telegram səhifəsində qeyd edib)

 

* Və ən nəhayət, xəstəxanalarda müalicəyə rezidentlər cəlb olunub. Onların da bilik, bacarıq və peşəkarlıq səviyyəsi təbii ki, aşağıdır. Həmin rezidentlər maaş da almırlar.

 

* Pasiyentlərə indivilual yanaşma isə bir sıra hallarda illüziya olaraq qalır. Təsəvvür edin: 100 pasiyentlik bir şöbə və orada vur-tut 1 həkim, 50 rezident…

 

Görünən budur ki, COVİD-19 koronavirusu səhiyyə sistemindəki korrupsionerlər üçün əməlli gəlir mənbəyidir. Vətəndaşı suçlamaq, brifinq keçirərək xalqa moizələr oxumaq asandır. Hətta çox asandır. Bəs yaxşı, nə üçün, nədən indiyədək Səhiyyə Nazirliyində, TƏBİB-də bir rüşvətxor, korrupsioner cəzalandırılmayıb, bir cinayət işinə başlanmayıb? Yəni yoxdur korrupsiya bu qurumlarda? Belə iddia həddən ziyadə primitiv nağıldır, cənablar…”, deyə məlumatda qeyd olunur.

 

Əslində, bütün bu kimi iddiaların, məlumatların ortaya çıxması, sözün əsl mənasında, havadan yaranmayıb və atalar demişkən, “od olmasa tüstü çıxmaz”. Demək, dövlət ən ali səviyyədə bütün imkanları yaradır, koronavirusla mübarizə sistemində əlində olan hər bir vasitəni xalqın xidmətinə verir, TƏBİB, yaxud ona bağlı qurumlar baş verən bu olaylardan xəbərsiz qalır?! İnandırıcı deyil. Ona görə də, yaxşı olardı ki, çoxsaylı məsləhətlər verib, bəzi məsuliyyətsiz virus daşıyıcılarının gözünə bütün vətəndaşları günahkar kimi qatmaqdansa, mövcud problemlərin haradan, niyə və necə qaynaqlandığını izah etsinlər. Bu, daha yaxşı olardı.

 

Rövşən RƏSULOV

 

P.S. Elə bir insan yoxdur ki, çevrəsindən bir neçə yaxınını, tanış-bilişini lənətə gəlmiş koronavirus səbəbindən itirməsin. Elə götürək infeksiya səbəbi ilə həyatlarını itirmiş jurnalist həmkarlarımızı. Onların bir çoxu müxtəlif bəlli və ya bəlli olmayan səbəblərdən ya əsaslı testlərdən keçə bilməyiblər, ya da bax, bu cür qanunsuzluqların, özbaşınalıqların qurbanlarına çevriliblər. Biz isə daha itirmək istəmirik, biz yaşamaq, yaratmaq və gələcəyimizin qurulmasında iştirakçılıq fəaliyyətimizi davam etdirmək istəyirik. Yəqin ki, TƏBİB bunu da nəzərə alacaq, ümid edirik, çünki ümid də sonda ölür…sia.az

Analoq.az

 

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button