Siyasət

Bakı-Ankara gizli saziş: Akar İrəvanı niyə hədələdi?-VİDEO

44 günlük müharibə ərəfəsində Türkiyədən Azərbaycana, Azərbaycandan Türkiyəyə bir çox rəsmi səfərlər gerçəkləşdi. Son olaraq isə Qələbə paradı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəmizə səfər etdi. Bu səfərlər zamanı iki ölkə arasında hələ açıqlanmayan müqavilələr imzalanıb. Türkiyənin müdafiə naziri Hulusi Akarın “müqavilə pozularsa, vaxt itirmədən müharibə variantına keçə bilərik” sözləri bunu bir daha isbat edir.Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Türkiyənin milli müdafiə naziri Hulusi Akarın Qarabağdakı vəziyyətlə bağlı Türkiyə Böyük Millət Məclisinin iclasında çıxışını şərh edərkən deyib.

O bildirib ki, regionda 27 ildir müharibənin bitməməsinin, işğalın davam etməsinin tək səbəbi güc balansının təktərəfli olması idi:

“Real yanaşsaq, 44 günlük müharibəyə qədər Cənubi Qafqaz Rusiyanın “arxa bağçası” hesab edilirdi. Yəni bu regionda baş verən bütün proseslərə Kremlin ən azından nəzarəti var idi. Bu gün isə regionda tək söz sahibi Rusiya deyil. Türkiyənin regionda varlığı danılmaz bir fakt, bəziləri üçün isə acı reallıqdır. Məhz bu reallıq 27 ildir dondurulan, dalana dirənən Ermənistan-Azərbaycan münaqişəsinin həllini təmin etdi”.

Politoloq bildirib ki, Türkiyənin milli müdafiə naziri Hulusi Akar Qarabağdakı vəziyyətlə bağlı Türkiyə Böyük Millət Məclisinin iclasında çıxışı möhtəşəm idi:

“Türkiyənin sərt güc siyasətinin təcəssümü olan Akar ölkəsinin adından açıqca dedi ki, Ermənistan kimlərəsə güvənib üçtərəfli sülh Bəyanatının tələblərini pozarsa, vaxt itirmədən müharibə variantına keçə bilərik. Hətta çıxışda onu da vurğuladı ki, Azərbaycanın təhlükəsizliyinin qarantı Türkiyədir.

Hər kəs bilir ki, rəsmi Ankara bir məsələyə müdaxilə etdisə, nəticəsi müharibə olsa belə, həll etmədən əl çəkməyəcək. Türkiyə ilə müharibə etmək isə heç bir ölkə üçün arzuolunan deyil. Çünki Türkiyəyə qalib gəlmək “Pir qələbəsi” kimi məğlubiyyətə bərabər bir qələbədir. Bu mənada düşünürəm, Ermənistan istəsə də, istəməsə də bu bəyanatın bütün tələblərini icra etməlidir və edəcək də!”

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button