CəmiyyətQarabağ

Tovuz döyüşlərində yaralanan qəhrəman qazimiz Səyyar İsmayılov…

Haqqında söhbət açacağım qəhrəmanımız, özümə qardaş bildiyim, sinif yoldaşım, yaxın qohumum, Vətən sevdalı əmioğlum, yurd, el-oba qayğısı çəkən igid oğullardan biri Səyyar İsmayılovdur.
Qəhrəmanımız, çavuş İsmayılov Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən yaralanıb. O, 24 may 1983-cü ildə Qazax rayonunun Dəmirçilər kəndində zəhmətkeş bir ailədə dünyaya göz açıb. 1990-2000-ci illərdə Emin Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbini bitirib. 3cü sinifdən 9-cu sinfə qədər bir oxumuşuq. Çünki mən 3-cü sinfə qədər Qazax şəhər 3 saylı orta məktəbdə oxumuşdum, 9-cu sinifdən sonrakı təhsilimi də dini təhsilimlə bağlı başqa rayonda almalı olmuşdum. Səyyar İsmayılov 2001-ci ildə Azərbaycan Silahlı Qüvvələrində xidmət etmək üçün həqiqi hərbi xidmətə çağırıldı. 2003-cü ildə ordudan tərxis olunan Səyyar İsmayılov Vətəninin, soydaşlarımızın başına gətirilənlərlə, işğalda olan torpaqlarla heç cür barışa bilmirdi. Vətən sevgisi, yurda olan bağlılığı onu da digər Azərbaycan övladları kimi yenidən döyüşə səslədi sanki. Ordudan qayıtmasından bir neçə il keçməsinə baxmayaraq o, 2008-ci ildə könüllü olaraq yenidən Silahlı Qüvvələrdə müddətdən artıq həqiqi hərbi xidmətə başladı. Bu gün çavuş rütbəsində Vətənin keşiyində dayanan Səyyar İsmayılovu döyüşün çətinliyi, gərginliyi heç vaxt qorxutmayıb. Döyüş başlayan anda o da hər kəs kimi öndə getməyi özünə borc bildi. Səyyar uşaqlıqdan da qorxmaz idi. Onda qorxu adlı hiss olduğunu mən təsəvvür edə bilməmişəm heç zaman. Hətta o qədər yaxın dostuq ki, qədimlərdə olduğu kimi, heç zaman bir-birimizdən ayrılmayaq, hər zaman qardaş olaq deyə bir dəfə digər dostumuz Rafiq Yusubov, Səyyar və mən bıçaqla əllərimizi çərtib qanımızı bir-birinə qatmışdıq… Həyatın gedişi labüdlüyü səbəbi ilə bu gün hərəmiz fərqli məkanda olsaq da ürəklərimiz hər zaman bir döyünüb. Həqiqətən də o qardaşlığımız bu gün də davam edir.
Xidmət etdiyi müddətdə onun Vətənimiz üçün göstərdiyi igidlik dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib hər zaman. Dəfələrlə müxtəlif illərdə nümunəvi hərbi xidmətinə, döyüş xidmətinin təşkilində və ictimai-siyasi hazırlıqda əldə etdiyi yüksək nailiyyətlərinə, eləcə də əlamətdar günlərə görə Fəxri Fərmanlara layiq görülüb. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)”, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley və “10 il qüsursuz xidmətə görə” 3-cü dərəcəli medallarla təltif olunub.

2016-cı ilin Aprel döyüşlərində iştirak edərək yaralanan Səyyarı aldığı ağır yaralar belə istəyindən, amalından döndərə bilmədi. Qarşıya qoyduğu məqsədə, Vətən torpaqlarını azad etməyə verdiyi sözü tutmaq üçün yenidən orduya qayıdıb, istənilən döyüşdə yenə də öndə getməyi, vuruşmağı özünə ən müqəddəs borc bildi. Bəlkə də onda bitib -tükənməyən bu istək iyulun 12-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə igidlik göstərməsinə, ölümü belə gözə almasına, vuruşmağa səslədi. Və o, döyüş zamanı düşmən hücumunun qarşısını alarkən ağır yaralandı. Allaha şükürlər olsun ki, bu gün S.İsmayılov artıq ailəsinin, övladlarının, onu sevən insanların əhatəsindədir. Bakıda müalicə olunarkən söhbətləşdik, dərdləşdik. Ağır yaralı olmasına, çətin əməliyyatlardan çıxmasına baxmayaraq onda mən yenə də əvvəlki əhval -ruhiyyəsini, qorxmazlıq hisslərini, nikbinliyini, əyilməzliyini gördüm, qürur duydum. Çünki Səyyar bu döyüşdən də ölümün gözünə dik baxaraq alnıaçıq şəkildə çıxamağı bacarmışdı. Bu gün o, yeni arzu ilə – sağaldıqdan sonra öz döyüş yoldaşlarının yanına qayıtmaq, onlarla birlikdə çiyin-çiyinə yenidən döyüşmək arzusu ilə yaşayır. “Tovuz döyüşləri düşmənə Azərbaycan Ordusunun gücünü, qüdrətini, həm də düşmənə layiqli yerini göstərdi”, – deyən S.İsmayılov ölkə Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin “İrəli!” əmrini hər an yerinə yetirməyə hazır olduğunu bildirir. “İlk işim sağaldıqdan sonra yenidən orduya qayıtmaq olacaq”, – deyən Səyyar bunun üçün günləri saydığını qeyd edir.
S.İsmayılov qeyd edir ki, bir hərbçi kimi fərəhləndim, qürurlandım ki, arxamızda dövlətimiz və ölkə rəhbərimiz dayanıb. Dövlətin, dövlət başçısının qayğısını hər zaman hiss etdiyini qeyd edən S.İsmayılov xəstəxanada olduğu müddətdə bir daha bunun şahidi olduğunu dilə gətirir.
2 qız, 1 oğul atası olan S.İsmayılov övladarını da vətənpərvər ruhda tərbiyə edir. Onlara Vətəni sevməyi, elə-obaya bağlı böyüməyi tövsiyə edir. Vətəni, torpağı sevməyən insandan ölkə vətəndaşı formalaşa bilməyəcəyi düşüncəsini  aşılayır.
Səyyar İsmayılov Dəmirçilərin ən köklü, igid bir tayfasının nümayəndəsidir. Onun ata-babaları da vaxtilə erməni daşnaklarına qan udduran kişilər olub. Atası rəhmətlik Şərif əmi kəndin ən zəhmətkeş, qayğıkeş, hörmətcil insanlarından idi. Habelə Səyyarın anası Fərənə xalanı mən həmişə doğma xalam bilmişəm. O da çox kişi qeyrətli, cəsur, məğrur Azərbaycan qadınıdır. Həmçinin Səyyarın böyük qardaşı Sərdar bəy də çox ağır təbiətli, cəsarətli, qorxmaz, məğrur bir insandır. Hər kəsə hörməti keçən, hər kəs də onun hörmətini saxlayan, gənc yaşından atasını itirdiyinə görə çiyninə ailənin ağsaqqallıq missiyasını götürmüş bir oğuldur. Səyyar və Sərdar qardaşlarının ailəsi kənddə həmişə nümunəvi ailələrdən olub. Odur ki, Vətən sevgisi, Allah məhəbbəti, yur eşqi də bu ailənin nəsibi olub. Allah hər insanı seçib ona müqəddəs ad olan qazilik adını nəsib etmir. Ölkədə nə çox məmur övladı, imkanlı oliqarx övladı var. Amma görürük ki, Allah onlara nə şəhidlik, nə də qazilik kimi uca və müqəddəs zirvələr nəsib etməyib. Demək, Allah uca ədalət nizamını hər zaman qoruyur, özü yaxşı bilir ki, kimə hansı adı layiq görmək lazımdır…
Mən sonra dostlum, qardaşım, Qarabağ qazisi Səyyar İsmayılova və onun timsalında bütün Vətən qazilərinə can sağlığı arzu edirəm. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Və əminəm ki, Səyyar kimi qazilərimizin sayəsində bu müqəddəs Vətən hər zaman təhlükəsiz və əminamanlıq nümunəsi olacaqdır. Bayrağımız uca, qələbəmiz əbədi olsun, amin.

Tural İrfan
İlahiyyatçı-yazar, Ziyalılar Mərkəzinin direktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü 

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button