Cəmiyyət

Məmur vətəndaşa “get hara istəyirlsən şikayət et” deyərmi? -Partiya sədrinin müavini

Məmur özbaşınalığı haqqında dəfələrlə yazılır, deyilir, lakin təəssüf ki, bunun effektiv faydası, qənaətbəxş nəticəsi hələ ki, yoxdur. İcra başçıları yenə öz ampluasında, bələdiyyə sədrləri yenə öz talançılığındadır. Nazirliklərdə yenə də insanları incidirlər. Hətta bu incitmək o həddə çatır ki, vətəndaşları aksiya keçirməyə vadar edilirlər.

Lakin nazirin, müəssisə rəhbərinin və ya hər hansı aidiyyatı məmurun tükü də tərpənmir. Çünki nəyəsə, kiməsə arxayındır. Elə ölkələr var ki, bir məmurun haqqında bir mətbu orqanda tənqidi yazı gedəndə narahat olur, özünü düzəldir, üzr istəyir və yaxud da istefa verir.

Amma bizdə məmur əksinə o yazını yazanı axtarıb tapır, təziq göstərir, rüşvət təklif edir və sair. Bəzi məmurlar hətta o qədər həddi aşıb ki, həbs də onların xislətinə təsir etmir. Həbsdən çıxandan sonra yenə də anoloji vəzifələrdə, eyni cinayətləri törədirlər. Çünki islah olmurlar.

Vətənçilik, dövlətçilik məfurələri yoxdur. Çünki o məmurlar, bəzi nazirlər Azərbaycana Vətən kimi yox, özəl müəssisə, şirkət kimi baxırlar. Ona görə də ancaq və ancaq amalları, məramları, məqsədləri yalnız pul və daha çox maddiyyat əldə etməkdir. Əgər onları Azərbaycana Vətən kimi baxsalar əsla tamaha meyl etməzlər, son həddə acgözlük etməzlər. Özü də müvəttəqi şirkət kimi baxırlar. Ona görə ki, talançılığı və rüşvət yığımını tələsik edirlər. Sanki düşünürlər ki, bu fürsət ələ bir də düşməz. Nə qədər fürsət var, nə sədr imkan var talamağı düşünürlər. Düşünürəm ki, həbsdən, vəzifədən çıxarmaqdan əvvəl o məmurlarda vətənçilik, dövlətçilik təfəkkürü formalaşdırılmalıdır. Məmur bilməlidir ki, Azərbaycan adlı dövlət təkcə məmurlara məxsus zavod, fabrik, şirkət, firma deyil.
Ən əsası: vaxtilə Sovet hökuməti dövründə xalqı repressiyayay qurban verən şəxslərin övladlarına indi də xalqımız nifrət edir, lənət yağdırır. Baxmayaraq ki, o dövrdə o çirkin işləri həmin vəzifəli şəxlər öz istəkləri ilə etməyiblər, məlum hökumətin siyasəti nəticəsində ediblər. Lakin indiki məmurlar öz istəkləri, niyyətləri ilə edirlər bu çirkin işləri. Yəni, xalqa verilən əzab, zilləti yalnız tamah məqsədi ilə edirlər? Gəlin bunu araşdıraq. Oğru bir evə girəndə çalışır ki, mümkün qədər tez və çox mal, pul yığışdırsın. Eynən bizim bir çox məmurlar da eyni xislətdədirlər. Vəzifəyə gələn kimi, ancaq düşünür ki, mümkün qədər tez və çox mal, dövlət toplayım. Əsla xalqa xidmət onları düşündürmür. Çünki dövlətçilik nədir, xalq nədir, Vətən nədir onlar bilmir. Vətən sözünü sadəcə dildə deyir çoxu. Bayrağı ancaq kürəyinə salıb şəkil çəkdirməyi Vətənpərvərlik hesab edir çoxu. Halbuki həmin bayrağın altında, kabinetində nə çox rüşvət alan məmur gördük. Əgər bunların Vətən məfkurəsi olsa idi cəsarət edərdimi bayrağın altında rüşvət almağa? Əsla yox!
Demək vəzifələrə seçilərkən öncə Vətən, xalq, bayraq nədir onu anlayan şəxslər seçilməlidir.

Oğlu şəhid olmuş, qardaşı qazi olmuş adamı haçan vəzifəyə qoydular, o da rüşvət aldı? Xalq üçün, dövlət üçün canını fəda edənin balasını haçan məmur etdilər o da xalqa divan tutdu? Bu əsla ola bilməz. Vətən üçün heç bir fədakarlıq etməmiş, ancaq para toplamağı özünə amal seçmiş şəxslər əlbəttə ki, dağıdıb talayacaq. Nə qədər ki, təfəkkür dəyişməyib, yenə də icra başçıları ev yıxmağa, nazirlər rüşvət yığmağa davam edəcək, xalqın vəziyyəti də daha da ağırlaşacaq. Özü marşrutla getməyən məmur, nəqliyyat rəhbəri hardan qansın tıxaclarda saatlarla zülüm çəkən vətəndaşı? Ona görə məmur əgər Vətən nədir onu anlasa bir gün metroya minər, bir gün avtobusa minər, bir gün fəhlə ilə nahar edər, bir gün kasıba əl tutar. Məmurlardan qəddarlıq, anti-millilik, məmurlaşma sindromunu təmizləmək lazımdır.

Çünki bu sindrom dünya standartlarına cavab vermir. Bu sindrom NKVD nadzorlarının davranışını özündə əks etdirir xalqa qarşı. Məmurlar o qədər milləti aşağılayır ki, hətta dəfələrlə şahidi olmuşam ki, əhalinin içinə çıxanda onlara salam verməyi özlərinə sığışdırmırlar. Saxta da olsa nəvaziş, nəzakət göstərməyi belə lazım bilmirlər. Qəddar, amansız, rəhmsiz, qaba, kobud, zalımanə tərzdə insanların son ümidini də öldürlər. Hətta yazılan ərizələrə də cavab vermirlər. Zəruri halda vətəndaşın yazdığına aidiyyatı olmayan cavablar verirlər. Ona görə belə edirlər ki, vətəndaş qıcıqlansın, ayağa qalsın. Yaxud da oxumurlar şikayəti, köməkçiləri başdan ötürmə edir. Bu o deməkdir ki, məmur narahat deyil, onun çəkindiyi yer, qanun yoxdur. Onun arxasındakı daha böyük məmur ona qarant verib.

Əksi olsa əsla heç bir məmur vətəndaşa “get hara istəyirlsən şikayət et” deyərmi? Əsla deməz. Demək ölkədə çox ciddi bir məmur – vətəndaş natarazlığı var. Nizam pozulub.

Nizamın pozulması axırda mizanın, tərəzinin pozulmasına gətirib çıxarır ki, onda da dəhşət olur. Məhz o dəhşətin baş verməməsi üçün vaxtında həll edilməli məsələlər həll edilməlidir. Məhz vaxtında. Çünki vaxt və zaman keçəndən sonra heç bir vəchlə geri qaytarıla bilməyən amildir.

Tural İrfan
Milli Cəbhə Partiyasının sədr müavini

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button