Cəmiyyət

Min bir dərdin dərmanı- çay… niyə zay olub? – ARAŞDIRMA

Azərbaycanda çayçılığın inkişafı üçün böyük poptensial olduğu halda bu sahəni niyə dirçəldə bilmirik?

Hazırda beynəlxalq bazarlarda 1 kiloqram quru çay yarpağının qiyməti 2,7 ABŞ dolları səviyyəsindədir. Hazırda Çin, Hindistan, Keniya və Şri-Lanka dünyanın ən böyük çay istehsal edən ölkələridir. Çay istehsalının həcminə görə dünya bazarında ən böyük istehsalçılardan olan Çin hər il xaricə 300-350 min ton, istehsal həcminə görə 2-ci yerdə qərarlaşmış Hindistan 200 min ton, Keniya isə 370-380 min ton çay ixrac edir. Bu ölkələr, çay istehsalı və ixracından külli miqdarda gəlir əldə edirlər. Azərbaycanın da bunun üçün müvafiq potensialı var, lakin biz hələ ki bu potensialdan lazıminca istifadə edə bilmirik. Bunun səbəbləri nədədir?

Azərbaycanda çayçılığın tarixi və nailiyyətləri

Azərbaycanın aqrar sektoru üçün çayçılıq çox əhəmiyyətli sahələrdəndir. Bizim aqrar sektorun vaxtilə böyük şöhrət qazanmış, yaxşı gəlir gətirmiş, böyük potensialı olan əsas sahələri arasında çayçılıq da var.

Azərbaycanda çay bitkisinin elmi əsaslarla becərilməsinə 1929-cu ildən, sənaye miqyaslı plantasiyaların salınmasına isə 1932-ci ildən başlanılıb. Bundan sonra, çayçılıq sahəsinin inkişafı başladı, Azərbaycan çayı SSRi miqyasılnda və bir çox xarici ölkələrdə də tanınmağa başladı.

Bu sahənin inkişafı 1970-1980-ci illərdə daha da sürətləndi, həmin dövrdən etibarən çay plantasiyalarının sahəsi genişləndirilərək 13,4 min hektara, yaşıl çay yarpağı istehsalı 34,5 min tona çatdırıldı. Eyni zamanda, ölkədə çay yarpağı emal edən 14 müəssisənin və 2 çayçəkici fabrikin tikilməsi ildə 45 min ton çay yarpağının emalına imkan yaratmış, ölkə əhalisinin quru çaya olan ehtiyacının 65-70 faizinin yerli istehsal hesabına ödənilməsini təmin etmişdi, üstəlik İttifaq respublikalarına və xarici ölkələrə idxal da edilirdi. Çayçılıqda biz keçmiş SSRİ üzrə Gürcüstandan sonra 2-ci yeri tuturduq və bu sahədən respublikamız yüksək gəlir əldə edirdi.

Sovet dövründə respublikamızda aparılan elmi araşdırmalar nəticəsində müəyyən edilmişdi ki, əsas hissəsi Lənkəran iqtisadi rayonunun payına düşməklə, ölkədə 21 min hektara yaxın ərazinin təbii iqlim şəraiti, torpaqlarının mövcud vəziyyəti Azərbaycan ərazisində çay bitkisinin becərilməsinə imkan verir.

Getdikcə çay plantasiyalarının sahəsi artır, məhsuldarlıq çoxalır, respublikamızın tələbatını ödəmək və xaricə ixrac etmək üçün imkanlar yaranırdı. Lakin Sovet İttifaqının dağılması ilə bu sahədə də tənəzzül başladı. 90-cı illərdən etibarən ölkədə çay sahələri və istehsalı tədricən azalmağa başladı və 2010-cu ildə çay plantasiyalarının sahəsi Sovet dövrü ilə müqayisədə 27 dəfə azalaraq 587 hektara, məhsul istehsalı isə 70 dəfəyə yaxın azalaraq 545 tona düşdü. Çayçılıq artıq tənəzzül dövrünün kulminasiyasına çatmış, ölkəmiz çayı ancaq xaricdən idxal etməyə məcbur olmuşdu. Artıq ölkənin tələbatının demək olar ki, 99 faizi idxal hesabına ödənilirdi. Təəssüf ki, torpaqların bölünməsindən sonra subtropik zonalarda yaşayanlar çay əkin sahələrini tərəvəz sahələri ilə əvəzlədilər, çayçılığa maraq tamam itdi, dövlət isə bu gəlirli sahənin bərpasına inkişafına çox gec fikir verdi.

Çayçılığın bərpasına necə başlanıldı?

Bu sahədə vəziyyəti dəyişmək üçün 17 dekabr 2002-ci ildə Azərbaycan Respublikasında çayçılığın təşkilinin, çay istehsalının tənzimlənməsinin və çay məhsullarının keyfiyyətinin təmin edilməsinin hüquqi əsaslarını müəyyən edən “Çayçılıq haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edildi.

2016-cı ildən başlayaraq çayçılığın inkişafına məhsul istehsalçılarının marağının artırılması istiqamətində görülən tədbirlər sayəsində 2017-ci ildə çay plantasiyalarının sahəsi 2010-cu illə müqayisədə 2 dəfə artaraq 1114 hektara, məhsul istehsalı isə 42 faiz artaraq 775 tona çatdırıldı. 2019-cu ildə Azərbaycan təxminən 8 milyon ABŞ dolları dəyərində 1200 tona yaxın çay ixrac edib, eyni zamanda 40 mln. dollar dəyərində 11 min tona yaxın çay idxal edib. İdxal ixracı 9 dəfəyə yaxın üstələyib.

12 fevral 2018-ci ildə çayçılığın inkişaf etdirilməsi, çay məhsullarına tələbatın yerli istehsal hesabına təmin olunması, çayçılığın ixrac potensialının artırılması, kənd əhalisinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədi ilə “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edildi. Dövlət Proqramı Azərbaycan Respublikasında çayçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsinə, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsinə, çay istehsalına marağın artırılmasına yönəldilmişdir.

Son illərdə bu sekotrda müəyyən irəliləyişlərin əldə olunmasına baxmayaraq bu sahəı hələ də keçmiş şöhrətini qaytarmaqdan uzaqdır. Lakin bunun üçün potensial var və bu potensialdan istifadə etməliyik.

Qeyd edək ki, 2020-ci ildə yaşıl çay yarpağı istehsalı 1000 ton civarında olub. 2019-cu ildə isə yaşıl çay yarpağı istehsalı 930 ton olub. Göründüyü kimi, artım var, lakin çox zəifdir. Halbuki, potensial dəfələrlə çoxdur və qısa müddətdə bu sahədə vəziyyətli köklü surətdə dəyişmək olar.

Satışda olan çayların keyfiyyəti necədir?

Getdikcə Azərbaycan bazarında yerli çayın çəkisi artır. Lakin, bu gün satışda olan çaylara gəldikdə, deməliyik ki, onların çoxu keyfiyyəsiz, kimyəvi maddələrlə zəngin, təbiiliyi və özünəməxsus dadı qalmamış çaylardır. Yəni, kəmiyyət cəhətdən artım əldə olunsa da, keyfiyyət cəhətdən bunu demək olmaz.

Son dövrlərdə insanlar çayın keyfiyyətli olmamasından və əvvəlki dadı verməməsindən şikayətlənir. İstehlakçıların fikrincə, çay normalda 10-15 dəqiqəyə dəm almalı olduğu halda, indiki çaylar 1-2 dəqiqəyə dəm alır və stakanda rəng buraxır. Bu isə çoxlarında çayın kimyəvi emaldan keçdiyinə şübhə yaradır. Bu məsələdə haqsız da deyillər. Çünki təbii çay heç vaxt 1 dəqiqəyə dəm ala bilməz. Halbuki, paket çayı qaynar stakana atdıqdan 1 dəqiqə keçməmiş qapqara dəm alır. Bu təbii cəhətdən mümkün deyil, dünyada belə çay heç vaxt olmayıb.

Aydındır ki, çaya emal zamanı kimyəvi maddələr vurulur. Çay stəkanda və ya dəm çaydanında 5-6 saat qalandan sonra elə vəziyyətə düşür ki, adamın ürəyi bulanır. Kimyəvi boyanı stəkandan yuyub təmizləmək çətin olur. Belə rəngləyici əlavələrlə hazırlanmış çaylar insan orqanizminə olduqca ziyanlıdır. Xüsusən də, “Azərsun”un qiyməti ucuz olan çayları. Qida Təhlükəsizliyi Agentliyi və digər aidiyyatı orqanlar bu çayların keyfiyyətinə nəzarət etmir. Nəticədə, insanlarımız həm pul verirlər, həm də xəstəlik qazanırlar. Buna ciddi nəzarət olunmalıdır.

Azərbaycan çayının keçmiş şöhrətini necə qaytarmaq olar?

Azərbaycanda bu sahəyə daha çox diqqət ayrılsa, həm iş yerləri artar, həm ciddi rəqabət mühiti formalaşar. Bu sektorda rəqabət məsələsində ciddi problemlər var. Belə ki, “Azərsun” digər qida məhsullarında olduğu kimi, bu sahədə də monopoliya yaratmağa cəhd edir. Nəticədə istədiyi vaxt məhsullarının qiymətini bahalaşdırır, keyfiyyətini isə aşağı salır. Bazarda ciddi rəqabət olmadığından və alternativlər az olduğu üçün istehlakçılar məcbur olur bu məhsulları almağa.

“Azərsun” bir neçə çay fabriki açıb, çayı əsasən xaricdən idxal edir, burda sadəcə paketləyir. Bu çaylardan müəyyən hissəsi, düzünü desək, keyfiyyətli olan hissəsi reeksport olunur, ölkə bazarına isə keyfiyyətsiz, ucuz məhsullar ötürülür. Bir çoxumuz xarici ölkələrdən “Azərsun”-un çaylarını alıb içmişik, onlar həm dadı, həm ətri, həm dəmləmə vaxtı cəhətdən burada satılan çaylarından tamam fərqlidir. Belə çıxır ki, keyfiyyətli məhsul xaricə, zay məhsul vətəndaşlarımıza satılır. Bu necə yanaşmadır?

Bu sektorda xüsusən, kiçik və orta təsərrüfatlara dəstək verilməlidir. Güzəştli və uzunmüddətli kreditlər ayrılmalıdır. Çünki, çay bitkisinin məhsul verməsi üçün 7-8 il vaxt tələb olunur. Lakin, məhsula düşəndən sonra çay kolları 50-100 il məhsul verir.

Mütəxəssislərin rəyinə görə, ölkəmizdə 20 min hektardan çox ərazi çay becərilməsinə imkan verir. Bu, az olmasa da, çox da deyil. Ona görə də, həmin torpaqlarda başqa bitkilərin əkilməsinə yol verilməməlidir. Çayçılıq təkcə əkin sahəsi demək deyil, bu həm də sənaye sahəsidir. Plantasiyalar artsa, emal fabrikləri də artacaq və aqrar-sənaye zənciri yaranacaq.

Çayçılıq üçün gözəl imkanlara malik olan Azərbaycanın xaricdən çay almaq üçün ildə 50 milyon dollar xərcləməsi arzuolunan deyil. Əgər çayçılığa dövlət səviyyəsində diqqət artırılsa, bu sahədə monopoliya cəhdləri aradan qaldırılsa, tezliklə bu sektorda çox ciddi inkişaf əldə olunar, nəinki özümüzü tam təmin edə bilərik, xaricə də baha qiymətə keyfiyyətli məhsul ixrac edə bilərik. Beləliklə, işsizlik probleminin həllindən tutmuş, dövlət büdcəsinin artmasına qədər çox sahədə yaxşı nəticə əldə olunar.

Artıq bu sahədə ciddi işlərə başlanır, ümid edək ki, qısa müddətdə çayçılıq sektorunun keçmiş nüfuzunu bərpa edə biləcəyik və qeyri-neft sektorunda ölkəmizin əsas gəlir mənbələrindən birinə çevriləcək.sia.az

Elçin Bayramlı

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Daha çox
Back to top button