Elm və təhsil

“Ədəbi Proses – 2019” kitabı çap olunub

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Ədəbi proses – 2019” kitabı nəşr edilib. Yeddinci cildi işıq üzü görən kitab İnstitutun Elmi Şurasının 4 noyabr 2020-ci il tarixli qərarı ilə çap olunub.

Kitabın redaksiya heyətinə Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, Tehran Əlişanoğlu, Əlizadə Əsgərli, Aygün Bağırlı, Vaqif Yusifli (məsul redaktor), Mehman Həsənli, Elnarə Akimova, Nərgiz Cabbarlı daxildir. Yeddinci cild akademik İsa Həbibbəylinin “Bütövlük və genişlik” adlı yazısı ilə açılır.

Kitab ənənəvi olaraq “Hədəf” nəşriyyatında işıq üzü görüb. Nəşrdə Ədəbiyyat İnstitutunun əməkdaşları ilə yanaşı, ümumilikdə 29 müəllifin müxtəlif mövzularda məqalələri yer alıb. Onlardan Elnarə Akimovanın “2019-cu ilin ədəbi mənzərəsi – “Kitab ili”, Rüstəm Kamalın “Şeir cəbhəsində nisbi sakitlikdir”, Esmira Fuadın “2019-cu ilin epik şeiri: tarixi yaddaşın, gerçəkliklərin və milli ruhun inikası”, Nərgiz Cabbarlının “Roman janrının hüdudsuz eksperiment imkanları”, Vaqif Yusiflinin “Son illərin dramaturgiyası”, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlunun “Tənqid və ədəbi proses-2019”, Gülnar Səmanın “Bölgələrdə ədəbi həyat – 2019”, Qismət Rüstəmovun “Sosial şəbəkələr dövründə ədəbiyyat”, Mehman Həsənlinin “Ədəbiyyatda esse”, Məti Osmanoğlunun “Bütövlük və genişlik işığında” və s. araşdırmaları qeyd etmək olar.

Bunlardan başqa kitabda Aynur Xəlilova, Nərmin Cahangirova, Maral Yaqubova, Cavanşir Yusifli, Qürbət Mirzəzadə, Tahirə Məmməd, Elçin Mehrəliyev, Mərcan Sofiyeva, Lalə Həsənova, Gülnar Qənbərova, İlhamə Ağazadə, Salidə Şərifova, Pərvanə Məmmədli, Gülbəniz Babayeva, Zəkulla Bayramlı, Xanım Zairova, Eşqanə Babayeva və Bəsirə Əzizəliyeva kimi tədqiqatçıların 2019-cu ilin ədəbi prosesini müxtəlif rakurslardan araşdırıan məqalələri toplanmışdır. Ümumilikdə, 2019-cu ilin ədəbi prosesi poeziya, bədii publisistika, ədəbi əlaqələr, bədii tərcümə, rusdilli Azərbaycan ədəbiyyatı, cənub ədəbiyyatı, uşaq ədəbiyyatı, bölgə ədəbiyyatı, ədəbi gənclik istiqamətləri üzrə təhlil olunmuşdur.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button