Elm və təhsil

Azərbaycanda gəmiçilik sektorunun yenidən təşkili ilə bağlı Müşahidə Şuranın yaradılmasının idarəetməni optimallaşdırılmasında rolu

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 fevral 2021-ci il tarixində imzaladığı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili ilə bağlı Müşahidə Şurası yaradılması haqqında Sərəncamı respublikamızın iqtisadiyyatında aparıcı mövqe tutan dəniz nəqliyyat infrastrukturunda nəqliyyat-logistika sisteminin səmərəli idarə edilməsini şərtləndirəcəkdir.

Azərbaycan Respublikası dünya ölkələri ilə müqayisədə daha əlverişli coğrafi məkanda-iki nəqliyyat qovşağının kəsişməsində yerləşir.Hal-hazırda Azərbaycanın logistika və nəqliyyat dəhlizləri lahiyyəsində, Çərq-Qərb, Şimal-Cənub marşurutları üzrə bütün nəqliyyat vasitələrinin qovşağına çevrilən, nəqliyyat xabı yaradılır.

Şimal-Cənub nəqliyyat dəhlizinin icrası istiqamətində Azərbaycan öz üzərinə düşən vəzifələri icra edərək, İran sərhədinə qədər dəmir yolunun tikintisini təmin etməklə bərabər, dəmir yolu körpüsünü də inşa etdirmiş və layihənin ümumi icrası ilə bağlı da öz töhfəsini verməyə hazırdır. Şimal-Cənub layihəsi hesabına “Qitələri birləşdirən bu meqa layihənin köməyi ilə yüklər dünyanın bir başından digərinə iki dəfə az vaxt ərzində nəql edilir.

21 may 2002-ci il tarixdən qüvvəyə minmiş “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi üzrə razılaşma Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında bütün nəqliyyat növlərinə: dəmir yolu, dəniz, avtomobil, çay və hava nəqliyyatı ilə daşımaları təmin edən nəqliyyat infrastrukturuna və nəqliyyat vasitələrinə aiddir.

Bu lalayihədə Hindistanın yalnız dəniz marşrutları ilə daşımalarda iştirakı nəzərdə tutulur. Proqnozlar göstərir ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tam gücü ilə fəaliyyət göstərəcəyi halda, o Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq.

Həmin dəhliz Avropa-Cənubi Asiya – Yaxın Şərq arasında dəmir yolu daşımalarını, müvafiq olaraq dəmir yolunun istər yerli, istərsə də tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcəkdir.

Nəqliyyat xablarının rəqabət qabiliyyətinin yüksəldilməsi mühüm əhəmiyyət kəsb etməklə bərabər, əlavə xidmət sahələrinin inkişaf etdirilməsinə, ölkəyə valyuta axının cəlb edilməsinin yüksəldilməsinə şərait yaradır.

Təbii ki, nəqliyyat xablarının səmərəliliyinin artması nəqliyyat-logistika sisteminin və gömrük əməliyatlarının səmərəliliyinin artırılmasından daha çox asılıldır. Nəqliyyat-logistika sisteminin inkişafının təmin olunması hər bir ölkənin sosial-iqtisadi siyasətinin əsas istiqamətlərindən biridir.

Milli iqtisasiyyatın əsas infrastrukturunu təşkil edən nəqliyyat-laoqistika sisteminin təkmilləşdirilməsi hesabına istehsal olunmuş məhsulların rəqabətqabiliyyəti artır və məhsulun qiymətinin nəqliyyat xərcləri hesabına 10-12%, əmtəə istehsalçılarının ümumi xərclərinin isə nəqliyyat-loqistika xidmətləri hesabına 10-30% azalması baş verir.

Neft strategiyasının uğurla davam etdirilməsi və ölkəmizin əlverişli quru və su tranzi şəbəkəsinin kəsişməsində yerləşməsi, tranzit şəbəkəsinin inkişafına münbit şərait yaratmışdır. Tərəfdaş ölkələrin ticarət tələblərinin artması tranzit şəbəkəsi üzrə rəqabət qabiliyyətli nəqliyyat-logistika xidmət yaradılmasının zəruriliyinin artırır.

Belə şərait isə Azərbaycanın xarici iqtisadi əlaqələrində nəqliyyat-logistika sahəsinin rəqabət qabiliyyətinin artırılmasında bu istiqamətdə ölkə başçısı tərəfindən davam etdirilən tədbirlərin həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Nəqliyyat-logistika sisteminin inkişafının təmin olunması hər bir ölkənin sosial-iqtisadi siyasətinin əsas istiqamətlərindən biridir.

2007, 2010, 2012, 2014, 2016, 2018 və2020-cı illərdə Dünya Bankı tərəfindən dünyanın 160 ölkəsi üzrə logistikanın səmərəlilik indeksinin hesablanmasında, Azərbaycan Respublikasının 2014-cü ildən sonra materiallar təqdim etmədiyinə görə LSİ üzrə reytinqi müəyyən edilməmişdir. Ekspertlərin hesablamalarına əsasən LSİ-yə görə dünya dövlətləri 4 qrupa bölünür.

1-ci qrup- LSİ-nin maksimum inkişaf səviyyəsi (LSİ=3,14-5,0) 2-ci qrup- LSİ-nin yüksək inkişaf səviyyəsi (2,53-3,14), 3-cü qrup-LSİ-nin orta inkişaf səviyyəsi (2,29-2,53), 4-cü qrup-LSİ-nin aşağı inkişaf səviyyəsi (1,0-2,29). Son dövrlərdə nəqliyyat və gömrük sektorunda aparılan iqtisadi islahatlar hesabına hesablamalarımıza əsasən LSİ-yə görə Azərbaycanın mövqeyi yüksək inkişaf səviyyəsi ilə xarakterizə edilir.

Bütün bunlar onu deməyə əsas verir ki, gəlcəkdə Azərbaycanda nəqliyyat loqistikası üzrə nəqliyyat qovşağının vahid idarə edilməsi sisteminin yaradılması nəqliyyat-loqistika xidmətlərinin qiymətləndirilməsinə tələb olunan məlumatların vaxtında toplanmasına, ötürülməsinə və yükdaşımaların həyata keçirilməsində səmərəli nəqliyyat növünün seçilməsinə şərait yaradaraq, dəniz nəqliyyat infrastrukturu üzrə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinın və “Bakı Beynəlxalq dəniz ticarət Limanı” QSC-nin maliyyə-təsərrüfat fəaliyyətinin səmərəliliyinin artırılması hesabına ölkəmizdə iqtisadi artımı stimullaşdıracaqdır.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi və Xəzər Dəniz Neft Donanmasının birləşdirilməsi yolu ilə yaradılmlş “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinın (ASCO) əsas fəaliyyəti, dəniz nəqliyyatının səmərəliliyinin vərəqabətqabiliyyətliliyinin artırılmasına, yükdaşımalardan və ölkəmizin tranzit potensialından istifadənin səmərəliliyinin yüksəldilməsinə istiqamətlənmiş və Azərbaycan Respublikasının aparıcı gəmiçilik şirkəti kimi yük daşıma, neft-qaz sənayesinə ixtisaslaşdırılmış dəniz nəqliyyat xidmətləri, gəmi təmiri, dənizçilərin hazırlanması və sertifikatlandırılması xidmətləri təqdim edərək, neft donanmasına və nəqliyyat donanmasına, iki gəmi təmiri zavoduna, Azərbaycan Dövlət Dəniz Akademiyasına və Təlim-Tədris Mərkəzinə sahibdir.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatlarına görə dəniz nəqliyyatında yükdaşımaların payı, nəqliyyat sektoru üzrə ümumi yükdaşımalarda 2013-cü ildə 4,7%-dən başlayaraq 2019-cu ildə 2,3%-ə düşmüşdür. 2008-2013-cü illər üzrə ümumilikdə 73182 min ton yük daşınmışdırsa, 2014-2019-cü illər üzrə 44916 min ton yük daşınmışdır ki, bu da 2008-2013-cü illərlə müqayisədə 38,6% azalma deməkdir.

Yükdaşımaların həcminin azalmasına baxmayaraq 2014-2019-cu illər üzrə yük dşımalardan əldə olunan gəlir 2008-2019-cu illə müqayisədə 33,7% artaraq 879850 min manat olmuşdur. Xərclər isə 2008-2013-cu illər üzrə 618010 min manat olduğu halda, 2014-2019-cu illərdə 54,4% artaraq 954510 min manat olmuşdur. Nəticədə 2008-2013-cü illər üzrə 39954 min manat mənfəət əldə edildiyi halda, 2014-2019-cu illərdə donanmanın maliyyə-təsərrüfat fəaliyyəti 74600 min manat məbləğində ziyanla nəticələnmişdir.

Gəmiçilikdə nəqliyyat-logistikasının səviyyəsinin aşağı olması hesabına yük dövriyyəsinin azalmasına baxmayaraq, 1 ton yük daşımaya və 1 ton*mil yük dövriyyəsinə düşən yanacaq sərfiyyatı əmsalı da 2017-2019-cu illər üzrə artmışdır.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin konsalidasiya edilmiş illik maliyyə hesabatlarına görə gəmilərə, əsas vəsaitlər üçün tətbiq edilən düzxətli ammortizasiya metoduna əsasən ammortizasiya hesablanır (ASCO-nun 2019-cu il üzrə llik maliyyə hesabatı, 2020).

Burada əsas vəsaitlərin təxmin edilən faydalı istifadə müddəti gəmilər və port (liman) qurguları üçün 3-15 il qeyd edilməsinə baxmayaraq, ASCO-nun tərkibinə daxil olan hər iki donanmanın gəmilərinin təyinatından və xidmət müddətindən asılı olaraq normativ xidmət müddətləri neft və fekal suları yığan 550/4 layihəli (donanmanın balansında cəmi bir ədəd bu layihədə gəmi vardır) gəmilər istisna olmaqla 15-50 il müəyyən edilmişdir.

Gəmiçiliyin balansında olan Gəmi Təmiri Emalatxanasının xidmət müddəti 37 il (layihə 889A) üzən tərsanələrin xidmət müddəti isə 50 ildir. Əsas vəsaitlərin xətti metodla ammortizasiya ayrılmasının hesablanmasında istifadə olunan ammortizasiya norması, onların ilkin dəyərinin xidmət müddətinə nisbətinin faizlə ifadəsidir. Həmin normaya əsasən əsas vəsaitlərin ilkin dəyərindən hesablanmış illik ammortizasiya ayrılmasının məbləği düzxətli ammortizasiya metoduna görə 12-yə bölünərək, bərabər məbləğlərdə aylıq gəlirdən çıxılan xərcə daxil edilir.

ASCO-nun tərkibinə daxil olan gəmilərin xidmət müddəti 19,9 il alındığından 20 il qəbul edilməlidir. Bu isə o deməkdir ki, gəmiçilikdə gəmilərin düzxətli ammortizasiya metoduna əsasən ammortizasiya məbləğinin hesablanmasında, ammortizasiya norması 25% deyil, 5 % hədində qəbul edilməlidir.

Amortizasiya normasının 25% həddində hesablanması, gəmilərin istismar müddətinin 4 il olması deməkdir ki, bu da gəmilərin normativ xidmət müddətləri ilə ziddiyyət təşkil edərək qalıq dəyərinin 4 il müddətində yalnız gəmilərin təmir xərclərinin VM ilə müəyyən edilmiş normadan artıq hissəsi hesabına kapitallaşmasına şərait yaradır.

ASCO-nun əsas vəsaitlərin ammortizasiya məbləğinin hesablanmasında ammortizasiya normasının VM ilə müəyyən edilmiş son həddin, əsas vəsaitlərin normativ xidmət müddətlərini nəzərə almadan hesablanması xərclərin tərkibində amortizasiya ayrılmalarının xüsusi çəkisinin digər xərclərlə müqayisədə daha yüksək olmasına (45-50%) gətirib çıxarmışdır.

Bu isə 2014-2019-cu illər üzrə Nəqliyyat Donanmanın təsərrüfat fəaliyyətinin 67,6 mln. manat ziyanla nəticələnməsi və bütünlükdə gəmiçiliyin xərclərinin 165,17 milyon manat artmasına və vergiyə cəlb edilən mənfəətin azalmasına şərait yaratmışdır. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də əsas vəsaitlərin ammortizasiya məbləğinin hesablanmasında tətbiq edilən düzxətli ammortizasiya metoduna əsasən ammortizasiya norması, əsas vəsaitlərin normativ xidmət müddətləri nəzərə alınmaqla hesablanmalıdır.

Bu halda gəmiçilik üzrə gəlirdən çıxılan xərclər il ərzində 24-31,7 milyon manat azalaraq, mənfəət vergisi üzrə dövlət büdcəsinə 4,8-6,35 milyon manat məbləğində əlavə vergi ödənişləri ilə bərabər, Xəzər Dəniz Neft Donanması üzrə verilmiş aksiyalara kapital qoyuluşlarından riskin azalmasına şərait yaranmış olar. Bütün bunlar həmin dövr üzrə gəmiçiliyin iş və xidmətlərdən əldə olunan gəlirdə vergi ödənişlərinin payını azaltmışdır.

Xaotik struktura malik olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 2014-2019-cu illər üzrə hesablanmış və ödənilmiş vergilərinin iş və xidmətlərdən əldə edilmiş gəlirdə payı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə müqayisədə 2,85 dəfə, dövlət büdcəsinə ödənilmiş vergilərin ümumi gəlirdə payı isə 3,1 dəfə aşağıdır. 2014-2019-cu illəri əhatə edən dövrlərdə, ASCO üzrə hesablanmış vergilərin ümumi gəlirdə payı 1,97%-14,02%, BBDTL üzrə isə 2,04%-43,78% olmuşdur.

Bütün bunlar, Dünya İqtisadi Formunun hesabatlarına əsasən təyin edilən dəniz daşımaçılığı indek sinə görə respublikamızın dünya ölkələri arasında mövqeyinin zəifləməsi ilə yanaşı, onun mövqeyinin üzun müddətdir ki, müəyyən edilməməsinə səbəb olan amillərdən biridir. Gəmiçilin 2014-2019-cu illər üzrə dəniz daşımaçılığı üzrə beynəlxalq rəqabət qabiliyyətlilik indeksində mövqeyi (0-157,1) təyin edilməmişdir. Bu indeks üzrə dünyanın 140 ölkəsi üzrə 2018-ci ildə 158,8 balla, 2019-cu ildə isə 187,7 balla ÇİN XR-ı liderlik etmişdir. Dəniz Liman xidmətlərinin səmərəliliyi indeksinə (1-7) görə isə Azərbaycan Respublikasının 2019-cu ildə dünyanın 141 ölkəsi arasında mövqeyi 5,1 indekslə 25-ci yerdədir.

Ölkəmizdə aparılan iqtisadi islahatların davam kimi cənab Prezidentin bu Sərəncamına uyğun olaraq, Azərbaycan İnvestisiya Holdinqi və Cəmiyyətin fəaliyyətinə ümumi nəzarəti və rəhbərliyi həyata keçirmək məqsədilə yaradlan Müşahidə Şurası, Azərbaycan Respublikasının iqtisadiyyatının inkişafında mühüm rol oynayan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin tabeçiliyində olan iki ən böyük milli donanmamızın və bütövlükdə dəniz nəqliyyat infrastrukturunun optimal idarə olunmasına öz töhvəsini verəcəkdir.

Təbriz Yadigarov

AMEA İqtisadiyyat İnstitutunun
“Qloballaşma və beynəlxalq iqtisadi
münasibətlər” şöbəsinin böyük elmi işçisi,
iqtisad elmləri üzrə fəlsəfə doktoru

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button