Gündəm

3550 məzunun diplom problemi necə həll ediləcək? – RAKURS

Bakı İslam Universitetinin məzunlarının kütləvi şəkildə işdən çıxarılması sosial problemlərin artmasına yol açacaq.

Üstəlik, işğaldan azad edilmiş yaşayış məntəqələrimizdəki məscidlərə təyinat üçün kadr çatışmazlığı yaranacaq ki, bunun da yerini maraqlı qüvvələr xaricdə “təhsil” almiş radikal, xurafatçılarla doldurmaq niyyətində ola bilər. Təhsil Nazirliyi əsassız yerə Bakı İslam Universitetinin diplomlarını tanımaqdan imtina edir.

Bütün hüquqi qaydalara, Azərbaycan Respublikasının müvafiq qanunlarına uyğun fəaliyyət göstərmiş bu ali dini təhsil ocağının məzunlarına qarşı edilən bu haqsızlıq görünür “5-ci kolon”un ölkədə narazı kütlə yaratmaq cəhdinin bir hissəsidir. Çünki səbəb kimi heç bir başqa amil yoxdur. Təhsil Nazirliyi qeyd edir ki, guya 2009-cu ilə qədər bu universitetin lisenziyası olmayıb.

Amma onu unudur ki, 2009-cu ilə qədər müvafiq qanunlarda dini təhsil üçün lisenziya tələbi yox idi. Qanun çıxan kimi universitet lisenziya alıb. Yəni Təhsil Nazirliyinin imtinası sadəcə bəhanə və qərəz xarakterlidir. Məzunlar məhkəmələrdə sürünür, süründürülür. Hətta 2-ci Qarabağ savaşında igidlik göstərən, yaralanan, qazi olan məzunlar var ki, bu gün işdən çıxarılıb məhkəmələrdə sürünürlər.

Ali dini tədris müəssisəsi olan Bakı İslam Universiteti (BİU) SSRİ Nazirlər Soveti yanında Dini İşlər Şurasının 17.01.1989-cu il tarixli 2№-li protokoluna əsasən, Qafqaz Müsəlmanları İdarəsinin nəzdində Bakı İslam Mədrəsəsi kimi fəaliyyətə başlayıb. QMİ-nin 14.01.1991-ci il tarixli 2№-li əmrinə əsasən, bu təhsil müəssisəsinin bazasında Bakı İslam İnstitutu yaradılıb. QMİ-nin təşəbbüsü ilə Ədliyyə Nazirliyi Kollegiyasının 01.03.1994-cü il tarixli qərarına əsasən, BİU-nin adı dəyişdirilərək, Qafqaz İslam Universiteti adlandırılıb.

Qafqaz İslam Universiteti Ədliyyə Nazirliyinin 17.03.1997-ci il tarixli qərarı ilə Bakı İslam Universiteti kimi yenidən dövlət qeydiyyatından keçib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 27 iyun 2002-ci il tarixli, 163№-li sərəncamına əsasən, BİU 135 saylı şəhadətnamə ilə yenidən qeydiyyata alınıb. 2009-cu ildə Təhsil Nazirliyi Bakı İslam Universitetinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verib. Həmin razılığa əsasən, Universitetdə bakalavr səviyyəsində Dinşünaslıq ixtisası, magistratura səviyyəsində isə Dinlərin tarixi və İslamşünaslıq ixtisaslaşmaları üzrə kadr hazırlığı aparılıb. Bakı İslam Universitetində 2 fakültə- İslamşünaslıq və Şəriət fakültələri mövcud olub. Universitetdə həm dini, həm də dünyəvi fənlər tədris olunub. Təhsil əyani və qiyabi şöbələrdə aparılıb. Universitetdə Şəriət və Quran elmləri, İctimai (dünyəvi) elmlər və Dillər kafedraları fəaliyyət göstərib.

Bakı İslam Universitetinin geniş xarici əlaqələri olub. Belə ki, BİU Misir, Malayziya, Liviya, Suriya və Türkiyədə fəaliyyət göstərən İslam Universitetləri və dini tədris mərkəzləri ilə sıx əməkdaşlıq edib. Universitetin müəllim və tələbələri müntəzəm olaraq müxtəlif xarici ölkələrdə təşkil olunan beynəlxalq konfrans və müsabiqələrdə iştirak edirlər. Respublika Prezidenti İlham Əliyevin sərəncamı ilə Təzəpir məscidinin həyətində aparılan əsaslı və yenidənqurma işləri sırasında Bakı İslam Universiteti üçün dörd mərtəbəli yeni tədris korpusu tikilib, rektoru Hacı Sabir Həsənli “Şöhrət” ordeni ilə təltif edilib.

Hal-hazırda Universitetin 3550 nəfərdən çox məzunu diplom problemi ilə üzləşib və kütləvi şəkildə narazılıq edirlər. Məzunların işlə təmin olunmasında Qafqaz Müsəlmanları İdarəsi yaxından iştirak edirdi. Amma indiki durumda məzunların işdən azad edilməsi onu göstərir ki, Qafqaz Müsəlmanları İdarəsinin təyin etdiyi məzunların da işlərindən azad edilməsi olacaq. Çünki bir ölkədə iki qanun olmaz. Universiteti bitirənlər həmçinin MDB məkanında fəaliyyət göstərən diaspor təşkilatlarında, diplomatik nümayəndəliklərdə, eləcə də müxtəlif Xeyriyyə Fondlarında çalışırlar. Hətta səfir olan da var.

Qeyd edim ki, yaradılmış süni problemin həlli üçün dəyərlərlə Təhsil Nazirliyinə, Nazirlər Kabinetinə universitetinin rəhbərliyi və Qafqaz Müsəlmanları İdarəsinin sədri müvafiq müraciətlər etsə də, cavab mənfi olub. Nəticə isə ondan ibarətdir ki, ölkədə yeni narazı kütlə, sosial problemli ailələr, işsizlik dalğası yaratmaq istəyənlər yavaş-yavaş buna nail olurlar.

Tural İrfan, Milli Cəbhə Partiyasının sədr müavini, ilahiyyatçı
Cebhe.info

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Daha çox
Back to top button