Elm və təhsil

Müəllim sözü müqəddəs deyil, müqəddəs olan müəllimlikdir

Müəllimdən söhbət düşəndə hər kəsin öz müəllimləri yada düşür. Müxtəlif aspektlərdən  müxtəlif müəllimlər xatırlanır:

Ən sevimli müəllimin, ən zarafatcılı, ən humanisti, ən ürəyiyumşağı, ən savadlısı, ən maraqlı dərs aparanı, ən çox sinifi ələ alanı, şagirdlərin əksəriyyətinin sevdiyi, dərsindən qaçmağa qıymadığın, ən hörmətlisi, ən şirindillisi, ən zəhmlisi yadda qalan olur.

Müəllimim haqqında danışmaq mənim üçün nə qədər çətin və məsuliyyətlidirsə, etiraf edim ki, bir o qədər də xoş və qürurvericidir.

Elman müəllimin həlim xasiyyətinə, sadəliyinə, səmimi danışığına, sakit, özünəməxsus səs tembrinə, bütün bunlarla yanaşı, elminə valeh olmamaq mümkün deyildi.

O, riyaziyyatı müxtəlif sahələrlə birləşdirən, fərqli məsələlərdən, riyaziyyatda mübahisə doğuran məqamlardan o qədər peşəkar, eyni zamanda sadə və anlaşılan şəkildə danışardı ki, şagirdlər onu dinləməkdən həm zövq alar, həm də fənni tez mənimsəməyə həvəslənərdi.

Elman Hüseynalı oğlu Hacıyev 1951-ci ilin 10 mart tarixində qədim Şörəyelin elinin, yaşı min illərə dayanan qədim Qaraçanta kəndində, sadə kəndli ailəsində, Kosalar tayfa səcərəsinin Hacılar qolunun davamçısı kimi dünyaya göz açmışdır.

1969-1971-ci illərdə həqiqi hərbi xidmətini başa vurduqdan sonra, 1971-ci ildə Naxcıvan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakultəsinə daxil olmuş, 1976-ci ildə həmin institutu fərqlənmə ilə bitirmişdir. İlk pedaqoji fəaliyyətinə təyinatla Balakən rayonu Talalar kəndində, 1 və 2 saylı orta məktəblərdə riyaziyyat müəllimi kimi başlamışdır.

1977-ci ildə təyinatını Amasiya rayonu, Mağarıcıq kəndinə dəyişdirmiş və 1981-ci ilə qədər Magaracıq kənd orta məktəbində riyaziyyat müəllimi işləmişdir. Öz doğma kəndində pedaqoji fəaliyyətə 1981-ci ildə başlayan Elman müəllim məktəb kollektivi ilə bərabər həm də şagirdlərin sevimlisinə çevrilmişdir. Qaracanta kənd orta məktəbində riyaziyyat fənni tədrisi ilə bərabər həm də məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinin də peşəkarcasına öhdəsindən gəlməyi bacarmışdır.

Sovet İttifaqı rəhbərliyində təmsil olunan ermənilər, Ermənistan SSR-in rəhbərliyi və xaricdəki erməni diasporu 1980-ci illərin əvvəllərindən SSRİ-nin mərkəzi hakimiyyətinin zəifləməsindən istifadə edərək Azərbaycan SSR-in tərkibində 1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV-nin) qopardılaraq Ermənistan SSR-ə birləşdirilməsi üçün məqsədyönlü hərəkətə keçdiyi və 1988-ci ildə erməni tərəfinin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları ilə başlamış, bu münaqişənin başlaması ilə də Ermənistanda yaşayan qədim Oğuz eli Azərbaycanlıların son nümayəndələrinin öz dədə-baba yurdlarından didərgin düşməsi ilə nəticələnmişdir. 1989-cu ildə Elman müəllim də ailəsi ilə bərabər Şəmkir rayonu, Qasımalılar kəndinə köç edərək pedaqoji fəaliyyətini 6 ay Qasımalılar kənd orta məktəbində davam etdirmişdir. Daha sonra Göygöl rayonu Aşıqlı kənd orta məktəbində müəllim kimi fəaliyyətini davam etdirmiş və 1991-ci ildən Bakı şəhəri, Səbayıl rayonu Bayıl qəsəbəsinə köç etmişdir. 1991-ci ildən 2001-ci ilə qədər Səbayıl rayonu 51 saylı tam orta məktəbdə müəllim və tərbiyəvi işlər üzrə direktor müavini işləmişdir. 2001-ci ildən təqaüdə cıxan günə qədər Bakı şəhərində 2 saylı Texniki Humanitar Elmlər liseyində direktor müavini işləmişdir.

Elman müəllim uğurlu müəllim olmağın bütün xüsusiyyətlərini və metodlarını 50 illik pedaqoji fəaliyyətində özündən sonrakı nəslə peşəkarcasına ötürə bildi. Lakin müəllimin uğur qazanmağında böyük payı olan bir qrup xüsusiyyət və metodlar da mövcuddur ki, onlar zamanın sınağından keçir.

“ Qaracantada ən yaxşı müəlllim kim olub ? ” sualına Qaraçanta kənd orta məktəbində Elman müəllimin dərs dediyi şagirdlərin nöqteyi-nəzərindən aşağıda sadalanan cavablar verilmişdir.

Müəllim ixtisasını güclü bilirdi.

Hazırlıqlı müəllim idi.

Həddən artıq dəqiq adam idi.

Həmişə dərsə vaxtında gələrdi.

Dərsi vaxtında başlayar və bitirərdi.

Şagirdləri dərsə vaxtında gəlməyə həvəsləndirər və bunu onlardan gözləyirdi.

Dəstək və qayğı əsirgəməzdi.Şagirdlərin uğurlarına dəyər verdiyini onlara hiss etdirərdi.Şagirdləri ilə birlikdə vaxt keçirərdi.Yaradıcılıq üçün şərait yaradardı.

Səmimi və nəzakətli idi.Dəstək verir və həvəsləndirirdi.Gülərüz, qayğıkeş və sevgi ilə dolu idi.Heç bir dərsi buraxmırdı.

Şagirdlərlə rəftarı sabit idi.Yaxşı dərs keçməyə həmişə hazırdır idi.Nəzakətli idi.Şagirdlərlə hörmətlə rəftar edirdi.Heç kimi alçaltmırdı.Sinifdə şagirdləri pərt etmirdi.Səmimi bir tələbkarlığı var idi.Öyrətmə prosesində mövzuya aidiyyəti olmayan məsələlərə toxunmurdu.Sinifdə favoritlər yaratmırdı.Fərdi yardım edərdi.Anlayışları izah etməyə vaxt ayırırdı.Şagirdlərə fərdi diqqət göstərirdi.Fərdi müxtəliflikləri qəbul edirdi.Aydın izahlar verirdi.

Şagirdlərini utandırmırdı.Şagirdləri tənqid etməkdən yayınırdı.Şagirdlərinə böyük ümidlər bəsləyirdi.Təvazökar idi.Ədalətli idi.Müxtəlif öyrətmə metodlarından istifadə edirdi.Məsələlərin həllində müxtəlif təcrübələr aparırdı.Vaxt itkisinə yol vermirdi.Şagirdləri vacib olmayan işə cəlb etmirdi.Ekskursiyalar və digər fəaliyyətlər təşkil edirdi.Şagirdlərin ekskursiyada qazandığı təcrübəni dərsdə tətbiq edir.Dərsi həmişə oturaraq  keçmirdŞagirdlərlə müvafiq şəxsi münasibət saxlayırdı.

Məşhurlaşmaq uğrunda vuruşmurdu.Sağlam müəllim-şagird münasibəti qururdu.Şagirdlərə hörmətlə yanaşırdı.Yalnız bir neçə şagirdin sinfi ələ almağına və liderlik etməyinə imkan vermirdi.Dəqiq qeydlər aparırdı.Dərsə davamiyyəti daim yoxlayardı.Qiymətləndirməni dəqiq aparırdı.

Qaraçanta Birliyi Təşəbbüs Qrupu adından və şəxsən öz adımdan, həmyaşıdlarının dostu, özündən kiçiklərin mənəvi atası, məktəbimizə gəldiyi gündən uğur yolumuza işıq saçan mayak olan, pedaqoji fəliyyət göstərdiyi bütün kollektivlərdə hörmətlə xatırlanan, sözün əsl mənasında səmimi, mehriban və xeyirxah insan olan, təmsil etdiyi Kosalar tayfasında ağsaqqal hesab edilən və bütöv Qaraçanta elinin hörmətini qazanmış əziz və hörmətli müəllimimiz, Elman müəllimi anadan olmasının 70 illik, pedaqoji fəaliyyətinin 50 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm!

Sizə uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatınızda yeni-yeni uğurlar arzulayıram!..

Gün o gün olsun ki, Sizi 100 illik Yubileyiniz münasibətilə təbrik edək!…

Fəqan Aftandiloğlu

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button