Aktual

Jurnalistyeyən bizim “Bokassa” – Əhməd İsmayılovun yeni media qanunu başıqapazlı mətbuat yaradır…

Mərkəzi Afrika Respublikasının dünyada adamyeyən kimi tanınan məşhur prezidenti olub – Bokassa. Şayiələr gəzirdi ki, diktator rəqiblərinin ətini yeyirmiş. O, devriləndən sonra mühakimə olunur. Hakim qarşısına çıxan Bokassa etiraf edir ki, qurbanlarının cəsədlərini soyuducuda saxlayırmış, amma yemək məqsədi olmayıb. Sadəcə simvolik məna daşıyır, məsələn, qara ciyər ona uğur gətirirmiş.

Ötən həftənin sonu Azərbaycanda “Media haqqında” yeni qanun layihəsinin müddəaları ilə tanış olanda nədənsə Bokassa ağıla gəldi. Sanki Media İnkişaf Agentliyinin icraçı direktoru Əhməd İsmayılov və tərəfdarları da mətbuat haqda qanunları Bokassa kimi meyit-meyit, cəsəd-cəsəd, tikə-tikə bölərək soyuduculara doldurublar. Buna olan-qalan müstəqil medianın dəfn olunması haqda qanun layihəsi də demək olar. Amma MİA rəhbərinin mediayeyən layihəsini bəh-bəhlə elə tərifləyənlər, şəninə mədh yağdıranlar var ki, adamın gözləri yaşarır. Axı özləri də yaxşı bilir ki, azad mətbuatın başına şabaş səpib meyiti üstündə yallı gedirlər.Reportyor.info bildirir ki, yeni qanun layihəsi qarımış qızın, ya, da küpəgirən qarının bəzədilib, başına fata qoyulub ərə verilməsinə bənzəyir – qız evində, yəni Ə. İsmayılov cəbhəsində toydur, oğlan evinin – azad mətbuatın xəbəri yox…

Bura qədər epitetlər, bənzətmələr kifayət edər, gəlin, indi “Media haqqında” yeni qanun layihəsində əsas bəndlərə diqqət edək. Əvvəla, Media reyestri yaradılması nəzərdə tutulur. Burada qeydiyyatdan keçənlərə vahid jurnalist vəsiqəsi təqdim olunacaq. Sanki əmlak komitəsinin reyestr xidmətidir, jurnalist sayılıb-sayılmaması üçün Çıxarış (kupça) almalısan. Axı MİA necə ayırd edə bilər ki, kimə vahid vəsiqə vermək olar kimə yox… İkincisi, azad media anlayışında nəyə görə hansısa qurum jurnalistə pasport verməlidir?! Hətta Afrikada belə yanaşma yoxdur, azad Qərb mediasında isə buna ancaq gülərlər. Deputat Qüdrət Həsənquliyev deyir ki, vahid jurnalist vəsiqəsi almayan da jurnalistdir, sadəcə belələrinə müsahibə verməyəcəm.

Təfəkkürə baxın! Bu nə qəbilə yanaşmasıdır?! Yəni media reyestri azadlığı məhdudlaşdıran faktordur, azadlığa doğru heç bir irəliləyişə çağırmır.

Keçirik bəndlərə, qanun layihəsində demək olar ki, bütün nazirlərin, məmurların maraqları ehtiva olunub. Məsələn, “ekstrasenslər və falçılarla bağlı yazmaq qadağan edilir”. Xatırlayarsınız, keçmiş komitə rəhbəri, hazırda PA-da vəzifə tutan Kərəm Həsənov və bu işlə məşğul olan daha bir neçə nazir haqda xəbərlər var idi. Falçıya 2 milyon verən də K. Həsənovun yaxını idi.

Və ya jurnalistlərə verilən tərif birmənalı olaraq, bu kontingenti ələ salmaq, onu aşağılamaqdır ki, bunu bütün sistem istəyir.

Və ya maddə 20.2-də yazılır ki, şikayətçinin məktubunu redaksiya dərc etməyə məcbur deyil və dərc edilsə belə konteksdən çıxarılmamalıdır. Halbuki məqsəd aydındır, şikayət məktublarının dərcini önləməkdir.

Maddə 21.1.1: “Barəsində gizli audio və ya video yazısı, foto çəkilişi aparılmış şəxsin bu materiallardan istifadəyə və ya onların yayılmasına yazılı razılığı varsa”. İndi jurnalist hansısa cinayət hadisəsini və ya maraq kəsb edən bir olayı çəkibsə, bunun üçün cinayəti törədən şəxsdən icazə almalıdır? Burada da məqsəd öz qanunsuz işlərini ört-basdır etmək, medianı təzyiq altında saxlamaq, çəkilişi yayanda isə məhkəmə predmeti yaratmaqdır. Belə qanun olmaz, belə qadağa mətbuatı inkişaf etdirə bilməz. Jurnalist baş verən özbaşınalıq haqda videonu çəkib qarşı tərəfdən icazə alırsa, aydın məsələdir ki, günahı olan şəxs yayımına razılıq verməyəcək. Bu qədər bəsit maddələr hüquqşünas Əhməd İsmayılovun ağlına haradan gəlib?

Bir sözlə, “Media haqqında” yeni qanun layihəsi mürtəce olmaqla yanaşı, müti media yaratmaq, ələbaxan jurnalistika formalaşdırmaq, başıqapazlı KİV-ə nail olmaqdan başqa bir nəsnə deyil. Qəzamız mübarək!!!

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button