AktualBanner

“Dolanışığımız, sosial vəziyyətimiz ağırdır”- İlahiyyatçı həyacan təbili çalır

Mən halal zəhmətimlə dolanan adamam. Heç kəsin haqqını yeməmişəm, haq yeyənlərə qarşı da həmişə barışmaz mövqedə olmuşam. Alnım açıq, üzüm ağdır. Bir neçə ildən bəri axşamlar fəhləlik edirəm. Bunu çox adam bilmir, indi burada deyirəm. Bircə dəfə 5 il qabaq fəhlə yoldaşım Əli ilə şəklim paylaşılmışdı, onda bəlkə kimsə bilib. Bəzən daş boşaltığım, torpaq qazdığım, yük daşıdığım zaman mətbuatdan zəng gəlir, nəfəsimi dərib müsahibə verməli oluram.
Halal qazandığım üçün istidə, soyuqda əziyyətlə gördüyüm iş də, qazandığım az məvacib də mənə şirin gəlir. Çünki kiminsə haqqını qəsb edib yemirəm. Yeyənlərin özü qismasa da balaları, nəvələri qusacaq, onu da yaxşı bilirəm. Ən azı 10 il dini təhsilim var.

Aciz adam deyiləm, çox çətinliklər, dözülməz ağrılar, problemlər yaşamışam. Uşaqlıqdan bəri adətən özümdən yaşlılar, çox vaxt da qocalar, ağsaqqallar ilə oturub durmuşam, hər müdrikdən bir dərs almışam, oxuduğum bir neçə məktəbdən, müəllimlərimdən savayı…
Ali dərəcəli ilahiyyatçı olaraq bir neçə ixtisasım var. Əvvələr universitet müəllimliyindən sonra rəsmi din xadimi də işləmişəm, (onda maaş verilmirdi,) ancaq məclis və mərasimlərdən maddiyyat almağı qəbul etməmişəm. Ona görə də dolana bilməyib o sahədən aralanmalı olmuşam.

Aşıq sənətini mərhum sənətkar Ədalət Nəsibovdan əxz etmişəm. Azərbaycan Aşıqlar Birliyinin üzvüyəm. Rəyi də ifamı dinləyib rəhmətlik Zəlimxan Yaqub verib. Bir az məşq eləsəm, toylara, şənlik məclislərinə də gedə bilərəm. Şair – yazar olaraq 8 kitabım çıxıb, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının üzvü kimi bir neçə üstün təltiflərə layiq görülmüşəm. Nitqim, bəlağət və fəsahətim də normaldır. Toylarda masabəyliyi (tamadalıq) da edə bilərəm.
Fəqət ixtisasım və uzun müddətlik fəaliyyət missiyam olan dinşünaslıqla bunlar bir qədər uyğun gəlmir. Yolu, məramı maddiyyata, dolanışığa dəyişmək də mənə ağır gəlir.
İki qəzet təsisçisi, baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü kimi jurnalistika sahəsində də qələmə xələl gətirməmişəm. Yazılarımı, məqalələrimi, siyasi, sosial, dini, bəzən də fəlsəfi yazılarımı, araşdırmalarımı oxucular müsbət qarşılayıb.

Bu yaxınlarda Əhməd Yəsəvinin “Divani Hikmət” əsərini hörmətli şair dostum Əkbər QOŞALI ilə dilimizə uyğunlaşdırıb şərhlər yazmışıq. Kitab Mədəniyyət nazirliyinin rəyi ilə dövlət tərəfindən çap olunub xalqımıza təqdim olunub.

Din, mədəniyyət, mətbuat, hətta incəsənət sahəsində də işləyə bilərəm. Dövlətimizdən narazı deyiləm, çünki dövlət atadır, atadan gileylənmək olmaz. Ancaq incidiyim şəxslər, umduğum qurumlar var…

Rəhmətlik Vaqif Səmədoğlu Qazaxın deputatı olanda şair Barat Vüsalla kəndə gəlmişdi. Dedi, rəhmətlik dədəm (S. Vurğun red.) deyərdi ki, Vətəndən küsmək olmaz, Vətəndən incimək olar. İndi siz də görüşünüzə az-az gəldiyimə görə məndən küsə bilməzsiniz, inciyə bilərsiniz…

Dolanışığımız, sosial vəziyyətimiz ağırdır. Yaşlı və nazas vəziyyətdə olan anam da yanımdadır. Müalicə, müayinə və digər yüklər də mənim öhdəmdədir. İki yerə kredit ödəyirəm. Bir neçə il əvvəl mənzil problemi ilə bağlı müraciət etmək istədim, nəticə ürəkaçan və ümidverici olmadı…
Çox adama yaxşılıq etmişəm, ancaq qarşılıq gözləməmişəm. Ummamışam ki, o da mənə nəsə etsin. Demişəm özü bilər. Qoy özü görsün, başa düşsün… Şöhrət-şan, vəzifə, var – dövlət aşiqi də deyiləm. Bəzən də yaxşılıq etdiyim adamlar mənə pislik edib, onu da Allaha həvalə etmişəm. Ancaq həddi aşıb, səddi keçənləri heç vaxt bağışlamıram, sona qədər gedirəm. Günahını etiraf edəni bu şərtlə bağışlaya bilirəm ki, törətdiyi əməli indən belə tək mənə qarşı yox, heç kəsə qarşı etməsin. Əks halda elələri ilə mübarizəni həyat prinsipim, amalım hesab edirəm. Qalxdığım davadan öncə çox uzun zaman araşdırma aparıram, çox uzun və dərin düşünürəm, Quran ayəsi qədər haqlı olduğum qənaətinə gəldikdən sonra qərar verirəm. Heç zaman da məğlub olmamışam. Çünki mənim mübarizəm ölüm – qalımdı. Cəmiyyət üçün zərərli şəxslə mübarizə əsnasında ölümüm belə məğlubiyyət olmaz. O ölümü də qələbəyə çevirə bilmək əzmindəyəm, şükr Allaha!
Bəzən nimdaş geyimdəki sadəliyimi, səmimiliyimi qorxaqlıq, sadəlövhlük kimi qəbul edənlər olub, fəqət sonra peşman olublar. Rəsmi idarələrdə, müəssisələrdə, toplumda özümü sadə və adi vətəndaş olaraq təqdim etməyi xoşlamışam. Bəzən məclisdə, ya hansısa idarədə yanımdakı dostlar məni təqdim edərkən “filan – filan qurumların üzvüdür, filan mükafat laureatıdır” və. s. kimi sözlər işlədəndə sözlərini kəsmişəm. Sanki bunları deməyi özümü qarşıdakından üstün göstərməyə cəhd kimi qəbul etmişəm və səmimiyyətə sığınmışam.

Halal qazanmaq, halal yemək qismətim, adətim olub. Pis və murdar, xain, həsədçi adamlar həmişə əl-ayağımı gəmirib, qılçama dolaşıb, uğurlarıma dözümsüz yanaşıblar. Ancaq sonra özləri itib – batıb, sovrulublar öz törətdikləri burulğanda.
Təhdidlər, hücumlar, qarayaxmalar məni daha da mətinləşdirib, pis adamların daxilini görməyə kömək edib. Nə isə…

Rəhmətlik dahi Heydər Əliyev bir çıxışında deyirdi ki, “dərdləşməyin özü də insana bir az təskinlik verir, təsəlli verir. Dərdin ola, onu heç kəsə deyə bilməyəsən, o sənin içini yandıracaqdır, amma dərdini gedib kiməsə deyəndə yüngülləşirsən ki, dərdimi dedim. Ona çarə qılınsa da qılınmasa da dərdini demisən…”

Rəhmətliyin bu sözünə əsasən dərdimin az bir qismini, çarə qılınsa da qılınmasa da sizlərlə bölməyi səmimiyyətimdən hesab etdim.

Tural İrfan
Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button