Cəmiyyət

Ramiz Mehdiyev nə istəyir və kimi hədəf seçib?

O, hakimiyyətin əleyhinə kampaniya aparır, şəxsləri şantaj, dövləti isə təhdid edir

XII əsrdə yaşamış filosof İbn Rüşd yazır ki, elm nüfuzunu, alim isə ağlını itirdikdə zərər görən – ziyan çəkən insan, cəmiyyət və dövlət olur. Müxtəlif xalqların təcrübəsi bu yanaşmanın real və əsaslı olduğunu təsdiqləyir. Amma müasir təcrübə həm də “alim” adının arxasına sığınaraq, adi məmur hikkəsi ilə ziyanlı fəaliyyət göstərməklə dövlətə zərər verməyə çalışanların da mənfi nümunəsi ilə zəngindir. Təəssüflər olsun ki, belə hal Azərbaycan cəmiyyətinə də yad deyil. Bu, konkret olaraq uzun illər özünü “dövrümüzün mahir tədqiqatçısı – görkəmli filosofu, nüfuzlu elm xadimi” kimi təqdim etməyə çalışan, amma nəinki “elmi missiya”sını, heç adi məmur funksiyasını da layiqincə yerinə yetirə bilməyən Ramiz Mehdiyevin timsalında özünü göstərir.

Onun hərəkətləri və davranışlarının – yaramaz və yarıtmaz fəaliyyətinin son zamanlar həm alimlər – elm xadimləri, həm sıravi vətəndaşlar, həm də ictimai-siyasi personalar tərəfindən kəskin tənqid edilməsi təsadüfi xarakter daşımır. Çünki R.Mehdiyev təkcə AMEA-nın prezidenti statusundan öz şəxsi – konyuktur maraqları üçün istifadə etməyə çalışmır, həm də “akademik” adı arxasına sığınaraq antidövlət kampaniyası aparır, yaxud milli maraqlara zidd fəaliyyət göstərir. Onun şəxsi bloqu və ya səhifəsi hesab etdiyi AMEA-nın rəsmi saytında dünən yaydı(rdı)ğı bəyanat isə özündə şər-böhtan, hədə-təhdid elementlərini ehtiva edir. Uğursuz eks-məmur faktiki olaraq ayrı-ayrı şəxsləri şantaj, dövləti təhdid edir, hakimiyyətə qarşı qarayaxma kampaniyası aparır.

Bir zamanlar özünü “yenilikçi, dövlətçi və müasir düşüncəli məmur” kimi qələmə verən Mehdiyev bu gün öz əməlləri ucbatından quyruğunun qapı arasına sıxışmasına görə aqressivlik nümayiş etdirir.

O, Prezident İlham Əliyevin siyasətini dəstəklədiyini bəyan etsə də, elə birbaşa dövlət başçısının islahatlar kursuna qarşı antitəbliğat xarakterli fikirlər səsləndirir. Məsələn, onu tənqid edən müxalifləri “cib müxalifəti”, yaxud “avtobus müxalifəti” adlandırır. O, bunu məqsədli – şüurlu şəkildə edir. Hədəfi İlham Əliyevin yeni konfiqurasiya formalaşdıran, siyasi həmrəyliyi və milli birliyi gücləndirən islahatlar kursunu ictimai rəydə mənfi fonda təqdim etmək, siyasi dialoq və konsensus mühitinə xələl gətirməkdir. Buna görə Mehdiyev vaxtilə tənqid etdiyi AXCP, “milli şura” üslubunda danışır, onun leksikonunu qondarma ifadələr bəzəyir. “Akademik”in onu tənqid edən siyasilərə münasibətdə “Belə şəxslərin vəzifəsi ara-sıra efirlərdə peyda olub hay-küy salmaq, müxalifət və söz azadlığı imitasiyası yaratmaq, həmçinin müəyyən qüvvələrin maraqlarına müvafiq şəkildə gündəmi dəyişməyə çalışmaqdır. Belə adamların tərifi də, tənqidi də icazəlidir, limitlidir. Onlar azad deyillər, öz iradələrilə danışmırlar” ,- deyə söyləməsi birbaşa hakimiyyətin siyasi-ideoloji kursuna zərbə vurmaq cəhdidir. O, bununla ölkədə müxalifətin və söz azadlığının olmadığını, siyasilərin bu imitasiyanı yaratdığını iddia edir, hakimiyyətin bu qüvvələrdən istifadə edərək gündəmi dəyişməyə çalışdığı mesajını verməyə çalışır. Beləliklə, Ramiz Mehdiyev birbaşa ali siyasi iradənin ünvanına ittiham və böhtan səsləndirir, siyasi kursu ictimai rəydə sual altına almağa çalışır.

AMEA prezidentinin İlham Əliyevin islahatlar kursunu hədəfə aldığını göstərən daha bir “yanaşma”sı onun “saxta yolla təyin edilmiş deputat” ifadəsində öz əksini tapıb.

Hətta “özünü buraxmış parlament” anlayışından istifadə edir. O, “Etibar Əliyevi deputat etmək istəyiblər, amma bunu bacarmayıblar” deməklə dövlətin, hakimiyyətin “deputat təyinatı” ilə məşğul olduğunu söyləməyə çalışır. Beləliklə, Mehdiyev dövlət başçısının sonuncu parlament seçkilərinin islahatlar kursunun mühüm tərkib hissəsi olması ilə bağlı haqlı mövqeyini və obyektiv fikrini istisna etməyə cəhd göstərir. İndi sual olunur: özünü Prezidentin islahatlar kursunun müdafiəçisi kimi təqdim edən şəxs necə “avtobus müxalifəti”, “deputat təyinatı”, “özünü buraxmış parlament” kimi qərəzli, uydurma və çirkin siyasi kampaniyaya xidmət edən ifadələrdən istifadə edə bilər?!

Son bəyanat, həmçinin “akademik”in qanuna, hüquqa, peşəkar fəaliyyətə münasibətini də əks etdirir. Deyir ki, AMEA-da yol verilmiş ciddi qanunsuzluqların ictimailəşməməsi üçün hüquq-mühafizə orqanlarına müraciət etməyib:

“AMEA-nın nüfuzunun qorunması və institut əməkdaşlarının gözdən salınmaması məqsədilə Rəyasət Heyətində yoxlamanın nəticələrinin ictimailəşdirilməməsinə qərar verildi”.

Daha sonra şantaj edir: “Görünən odur ki, AMEA prezidentinin güzəştli mövqeyindən bəzi şəxslər sui-istifadə etmək qərarına gəliblər. Bu adamlar bilsinlər ki, şər-böhtan kampaniyasına davam edəcəkləri təqdirdə AMEA-nın kimlər tərəfindən bu cür acınacaqlı vəziyyətə salındığı açıq şəkildə qeyd olunacaq”. Maraqlıdır, illərdir yazdırdığı kitablarında, məqalələrində, bəyanatlarında hüququn üstünlüyündən – qanunun aliliyindən danışan məmur-akademik nəyə görə qanunsuz hesab etdiyi hal və hərəkətlər barədə aidiyyəti qurumlara müraciət etməyib? Onun hansı marağı olub – nə məqsəd güdüb? Və yaxud o, AMEA-nın prezidenti statusunda, “akademik” cildində özünü kim və nə zənn edir ki, fakt olduğu halda (belə iddia edir), məsələni qanunun tələbləri əsasında deyil, “güzəştli mövqe” ilə həll etməyə çalışır? Məgər onun “mövqe”yi hüquqdan üstündür? Bəlkə, Mehdiyev AMEA-nı “dövlət içində dövlət”, özünü isə onun siyasi rəhbəri – “prezident”i kimi görür – dəyərləndirir? “Akademik”in mövqeyində güzəşt limiti necə formalaşıb, məgər Elmlər Akademiyası onun şəxsi təsərrüfatı və ya kredit fondudur?

Digər məqam ondan ibarətdir ki, Mehdiyev ona qarşı ünvanlanan haqlı və əsaslı tənqidləri “diqqəti taleyüklü problemlərdən yayındırmağa hesablanmış addım” kimi səciyyələndirir. O, hansı taleyüklü problemdən bəhs edir? Azərbaycan Mehdiyevin rəğbət, hətta platonik məhəbbət bəslədiyi (xidmət etdiyi də iddia olunur) bəzi ölkələr kimi tənəzzül və toqquşma məkanına çevrilməyib, regional və beynəlxalq təzyiqlərlə üz-üzə deyil. Azərbaycan taleyüklü problem deyil, strateji vəzifələr və çağırışlar qarşısındadır. Bunlar regionda yeni geosiyasi nizamın yaradılması, hərbi Zəfərin diplomatik müstəvidə möhkəmləndirilməsi – Qələbənin tarixi prosesə çevrilməsi, Böyük Qayıdışın təmin olunması və digər milli məsələlərdir ki, İlham Əliyev bu istiqamətdə bütün strateji hədəflərə addım-addım nail olur. Mehdiyev isə radikal-müxalif üslubu ilə Azərbaycanın taleyüklü problemlərlə üzləşdiyini söyləməklə birbaşa ali hakimiyyəti ittiham edir, dövlətin imicini zərbə altında qoymaq, ictimai rəydə yanlış təsəvvür formalaşdırmaq istəyir.

AMEA prezidentinin bəyanatında diqqəti çəkən məqamlardan biri “Görəsən, Azərbaycandilli məktəblər, onların perspektivi vətəndaşlarımız üçün hansı səbəbdən cəlbedici görünmür?” cümləsidir.

Burada təkcə dil yox, birbaşa dövlət və hakimiyyət hədəf seçilib. Mehdiyev cəmiyyətdə – gənclərdə, ayrı-ayrı təbəqələrin nümayəndələrində dövlətin gələcəyi barədə tərəddüdlər yaratmağa – şübhə toxumu səpməyə çalışır. Başqa sözlə, o, Azərbaycan dövlətinin perspektivsizliyi mesajını verməyə çalışır. Birbaşa dili, milli-mənəvi dəyərləri, vətənpərvərlik ruhunu, vətəndaşın dövlətə, dövlətin isə vətəndaşa sahib çıxması ənənəsini, bütövlükdə, dövlət siyasətini mənfi məzmunda müzakirəyə çıxarmağa cəhd edir, Azərbaycana vaxtilə müstəmləkə nəzəri ilə baxanların dilində danışır.

Bunlarla yanaşı, uzun illər adi məmur hikkəsi və yırtıcı təfəkkürü ilə cəmiyyətə, dövlətə zərər vuran Mehdiyev həm də “siyasi əqidə”sini – mənəviyyatının bütün cizgilərini aşkar surətdə nümayiş etdirir. Bəyanatda deyilir ki, deputat Musa Qasımlı bir zamanlar Ramiz Mehdiyevi tərifləyir, barəsində və əsərləri haqqında müsbət danışırdı. Daha sonra vurğulanır ki, M.Qasımlı vaxtilə ümummilli lider Heydər Əliyevə qarşı çıxıb. Sual olunur: onun təbirincə desək, Heydər Əliyevə qarşı çıxan Musa Qasımlı səni tərifləyəndə niyə məsti-xumar, yaxud xoş hal olurdun? Niyə Heydər Əliyevi sevmədiyini iddia etdiyin adama özünü təriflətdirirdin? Deməli, Ümummilli Liderə əks mövqe sərgilənməsi onda məmnunluq yaradıb. Bu məntiq və yanaşmanın başqa izahı yoxdur!

Özünüifşa xarakterli bəyanatda vurğulanır ki, “Ramiz Mehdiyevə qarşı təşkil edilmiş qarayaxma tamaşasının ikinci pərdəsində səhnəyə AMEA-nın özünə alim deyən, ancaq Azərbaycan elminə zərrə qədər də xeyri dəyməyən bəzi obrazları çıxarılmışdır”.

Çox gözəl təsvirdir: özünə alim deyən, ancaq Azərbaycan elminə zərrə qədər də xeyri dəyməyən – bəli, bu obraz elə Ramiz Mehdiyevin özüdür. Nəinki xeyri dəyməyən, hətta zərər verən, elm, alim, akademik adını nüfuzdan salan obraz. Əminliklə söyləmək olar ki, bu vaxta qədər heç kim Mehdiyev qədər AMEA-nı rüsvay etməmiş, Azərbaycan elminə bu dərəcədə zərər verməmişdi.

AMEA-nın açıqlamasında R.Mehdiyevin ünvanına tənqidi fikir ifadə edənlərə xitabən “Bütün bunların müqabilində susmaq, dövlətdən və Azərbaycan ictimaiyyətindən üzr istəyib istefa vermək əvəzinə AMEA prezidentinin ünvanına böhtanlar səsləndirir”,-deyə vurğulanır. Heç şübhəsiz, bu sözlərin sahibi və ünvanı elə “akademik”in özü olmalıdır – indi susmaq zamanı deyil, danışmaq – dövlətdən, Azərbaycan ictimaiyyətindən üzr istəyib istefa vermək və getmək vaxtıdır. Son olaraq Mehdiyevin fəaliyyəti məşhur deyimi (“millətçilik yaramazların sonuncu sığınacağıdır”) yeniləyir: Akademiya yaramazların növbəti və sonuncu sığınacağıdır!

N.QƏLƏNDƏRLİ

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button