Cəmiyyət

Xaricdə batmış milyonlarımız – KÜNCDƏN BAXIŞ

Məlumunuz olduğu kimi, diaspora sahəsində fəaliyyət heç də ürəkaçan deyil. Diasporla İş üzrə Dövlət Komitəsinə dövlət büdcəsindən kifayət qədər vəsait ayrılsa da, uzun illərdir ki hələ də ortada ciddi bir nəticə görə bilmirik. Bu sahədə vəziyyət biabırçılıqdır. Faktiki olaraq komitənin fəaliyyəti çox zəif və effektsizdir. Müharibə vaxtı da, ondan əvvəl də, sonra aydın göründü ki, bizim diasporamız yox səviyyəsindədir. Əlbəttə, bir neçə təşkilatı istisna etmək şərtilə.

Mən müharibə dövründə çox izlədim, araşdırdım, lakin xarici ölkələrdəki diaspora təşkilatlarımız, Azərbaycan cəmiyyətləri demək olar ki, heç bir iş görmədilər. Erməni təşkilatları isə dünyanın bütün şəhərlərində aksiyalar keçirir, mediaya çıxır, beynəlxalq təşkilatlarda qalmaqal salır, böyük dövlətlərin qarşısında tələblər qoyurdular. Yəni, bizim diasporumuz informasiya müharibəsində demək olar ki, rol oynamadı. Əgər müharibə dövründə, ən lazımlı məqamda diaspora fəaliyyəti olmayacaqsa, xarici ölkələrdəki Azərbaycan təşkilatları bütün güclərini səfərbər edib real nəticə ortaya qoymayacaqdılarsa, onlara bu külli miqdarda vəsaitlər nə üçün lazımdır?

Biz informasiya və təbliğat müharibəsində prezidentimizin və beynəlxalq dilləri bilən bəzi vətəndaşlarımızın sayəsində qalib gəldik. Burada əlbəttə dediyim kimi, bir neçə təşkilatı istisna etmək olar, onların zəhmətini yerə vurmaq olmaz, lakin bu heç 5 faiz də təşkil etmirdi. Halbuki, Ermənistandan fərqli olaraq bizim diaspor təşkilatlarımıza həm dövlət, həm də qeyri-dövlət xətti ilə mütamadi maliyyə yardımları göstərilir. Lakin ən kritik məqamda, onların bizə lazım olduğu yeganə halda da heç bir fəaliyyət göstərmədilər. Bu pulları rahatca batmış hesab etmək olar. Bu sahə üçün ayrılan vəsaitləri elə qlobal informasiya resurslarına ayırsaq, daha böyük fayda əldə edə bilərdik.

Təəssüf ki, xaricdəki səfirliklərimizin də çoxu arzuolunan fəaliyyət göstərmədilər. Diasporu onlar təşkilatlandırmalı idi, olduqları ölkələrdə tv-lərdə, mediada yer və ya vaxt alıb informasiya və təbliğat müharibəsi aparmalı idilər. Bizə kağız üzərində olan və dövlətə, xalqa heç bir xeyiri dəyməyən struktur lazım deyil.

Hazırda da eyni vəziyyət davam edir. Ermənilər bütün güclü ölkələrəd aktiv iş aparır, aksiyalar keçirir, mediada tez-tez çıxışlar edir, hətta səfirlikliklərimizə hücum təşkil edirlər. Bizim diaspor təşkilatlarından isə səs çıxmır. Amma Bakıda keçirilən diaspora forumların gur-gur guruldayan diaspora liderlərindən öz ölkəsinə qayıdandan sonra səs çıxmır. Demək aydın olur ki, bütün bu gurultu daha çox yardım almaq, maliyyə cəlb etmək üçündür.

Vaxtilə Bakıdakı forum zmanı bir neçə diaspora rəhbərindən ümsahibə almışam. Müsahibələrində deyirdilər ki, bəs filan ölkədə bizim böyük fəaliyyətimiz var, gücümüz var, ölkə ictimaiyyətinə, siyasətçilərinə Azərbaycan həqiqətlərini çatdırmaq üçün böyük işlər görürük filan. Sonra yüngülvari araşdıranda məlum oldu ki, bunlar yalnız boş sözlər imiş. O ölkələrdə bunları maraqlandıran yeganə məsələ öz biznesləri imiş.

Sonra da deyirik ki, ermənilər Rusiyada, Avropada, Amerikada niyə üstündürlər. Əlbəttə üstün olacaqlar, çünki orada yaşayan ermənilər birləşir, ümummilli, ümumdövlət maraqları üçün mübarizə aparır, bu yolda öz pullarından, vaxtlarından, əziyyətlərindən keçirlər.

Bizim xaricdəki milyarderlərimizə baxın. Görün müharibə vaxtı və ondan sonrakı dövrdə hansısa beynəlxalq mediada, televiziyada vaxt alıb nəsə bir material verdilərmi, ya da hansısa bizim tərəfdən danışan eksperti çıxarıb danışdırdılarmı. İmkanlı ermənilər isə pul xərcləyib iş gördülər. Sonra da deyirik, əksər əcnəbi ekspertlər niyə erməniər tərəfdən danışırlar. Əlbəttə belə olacaq, necə deyərlər, pulunu verən, düdüyü çalır.

Hesab edirəm ki, bu sahəyə pul ayırmağı dayandırmaq lazımdır. Onsuz da faydası yoxdur. Həmin vəsaitləri Qarabağın bərpasına yönəltmək lazımdır. İndiyə qədər xərclənən milyonları itirilmiş hesab etmək olar. Bundan sonra isə həmin vəsaitlər faydalı işlərə yönəldilə bilər.

PS: Xarici ölkələrdəki diaspor təşkilatlarından bu müddətdə ciddi, faydalı iş görənlər olubsa, lakin bizim bundan xəbərimiz olmayıbsa, müvafiq materialları mənə göndərə bilərlər. Söz verirəm ki, onların bu işlərini təqdir edən yazı ilə çıxış edəcəm.

Elçin Bayramlı

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button