Cəmiyyət

Məzhəbçilik yaratmaq dinə ziddir

İstər sünni, istərsə də şiə kəsimin din bilginlərinin çıxışlarını mütəmadi olaraq izləyirəm. Bunların içində rəsmi məscid imamları da var. Sanki hədəfləri ancaq müsəlmanlardır, digər məzhəbin mənsublarıdır, alimləridir… Çox zaman İslam əqaidi, Quran təfsiri, qiraəti, əxlaqı kimi mövzulara toxunmurlar. Ancaq İslam tarixinin harda ziddiyyətli, ara qarışdırmağa yarayan hissələri, harda zəif və uydurma mənbələr var, eşələyib onu tapırlar, danışırlar…

Bu, Qurana ziddir. Allah təala dini nazil edib ki, insanlar birlik içində olsunlar, parçalanıb təfriqə etməsinlər, əxlaqlı yaşasınlar, bir – birini qırmasınlar. Çox təəssüf ki, xaricdə təhsil alan bir qism şəxs də, aşıq bildiyini çaldığı kimi oxuduğu, öyrəndiyi məzhəbçi fikirləri aşılamağa cəhd edir.

Sanki hər məzhəb özünü haqlı çıxarmaq üçün digər məzhəbin batil olduğunu sübut etməkdən ötrü ömrünü sərf etməyə, canını fəda etməyə hazırdır. Nə olub, hara gedirsiniz? Niyə özünüzü həlak edirsiniz? Adamlar 10 – 15 il ömür sərf edib qarşı məzhəbin əsaslarını çürütmək üçün metodlar, yarı yalan – yarı gerçək mənbələr əzbərləyib bunun adını da elm qoyublar. Elm bir çox xurafatçı din adamının nəzdində cidal, höcətləşməyə deyilir. Elm bəzi mövhumatçıların nəzərində hədis əzbərləməyə, müctəhid fətvalarına sarılmağa deyilir. Bəs onda astronomiya, texnologiya nədir? Kimya, biologiya, hüquq, fizika nədir? Şeytan əməlidir? Bəlkə belə deyəcəklər? Özü də oxuduğu ayələri ateistin icad etdiyi telefondan oxuyur. Əsrlərdir bu cür olduğu üçün bu gün bütün müasir texnologiyaları qeyri – müsəlmanlar icad edir, meydana gətirir. Hələ bəziləri babasından danışanda deyir ki, babam elə bir güclü molla olub ki, buğdanı divara dırmaşdırırmış. Özü də Məşhəddə başını sarsıtmışdı. (Yəni oxuyub əmmamə almışdı).

Atam deyirdi ki, xristianlar kilsədə tarix yazanda bizim molalar da cadu yazırdı.
Xurafat ulduzlarının əzbərlədikləri sadəcə məlumatdır, informasiyadır, bilgidir… Elm böyük məfhumdur. Elmlə Əl Kindi, Fərabi, İbn Sina, İbn Rüşd, Nəzzam, Cahiz, Fərabi kimi alimlər məşğul olublar. Məsələn, Kəlam elmdir, çünki fəlsəfə – əqaid mövzusunda araşdırmalara açıqdır. İbn Xəldunun əsasını qoyduğu iqtisadiyyat sahəsində Ümran elmindən bəhs edən varmı? Xeyr. Niyə? Çünki orada məzhəb cidalı, xurafatdan bəhs olunmur. Tarixin sosial yöndən araşdırılıb ibrət alınması, iqtisadiyyatın dini yöndən təhlili, sosioloji həyat haqqında dərin bilgilərdən bəhs olunur İbn Xəldunun əsərlərində.

Sünni – şiə müzakirəsi, mübahisəsi fitnədən, gerilikdən, zərər və ziyandan başqa bir şey deyil. Ümumiyyətlə bu iki termin qadağan olunmalıdır. Çünki çox iyrənc səslənir. O kəlimələr səslənəndə həmişə mənfilik yaranır, insanların üzlərinin cizgiləri dəyişir, sanki şeytan girir meydana… Çünki bu iki söz əsasında, bu iki sözün ehtiva etdiyi mahiyyətləri toqquşdurub İslam aləmini bir – birinə vurublar tarixən. Çox uğursuz kəlimələrdir bu kəlimələr.

Bizim adımız müsəlmandır. Bunu Allah belə elan edib. İndikilər isə Allaha deyirlər ki, yox sən tam dəqiq deməyibsən, biz müsəlman olsaq da birimiz sünni, o birimiz də şiəyik!

Quranda Allah təala buyurur ki, Allahın ipindən yapışın və firqələrə bölünməyin. Lakin əksər müsəlmanlar, alimləri qarışıq deyirlər ki, yox biz mütləq bölünəcəyik. Biz mütləq bir məsciddə namazı ayrı qılacayıq. Bayramı da ayrı keçirəcəyik. Hələ gərək iki Ay xəlq edəydin. Biri sünnilər üçün, biri də şiələr üçün, çünki biz eyni gündə bayram etmək istəmirik.

Toyda yasda bir məclisdə oturub yeyib – içən adamlar məscidə gedəndə namaz vaxtı iki qismə bölünür. Sünnilər ayrı qılır, şiələr də ayrı, sələfilər də bəzən bir ayrı. Məgər sizin tanrınız fərqlidir? Yaxud necə olur ki, şeytan məclisi saydığınız bəzi toylarda, şənliklərdə hamı bir masa ətrafında oturur, deyib – gülür, rəqs edir. Ancaq din adamları bir məclisə toplaşanda, Allahın hüzuruna çıxanda iki ya daha çox qismə bölünür? İndi bunun hansı Allahın yoludur. Allahın ayəsini, Quranı inkar edən hər iki dəstənin namazını Allah qəbul edirmi? Allaha kəmiyyətmi lazımdır? Allaha sənin dəstəmazı dəqiq almağın, barmaqlarının arasına kimi yumağın daha çox lazımdır yoxsa keyfiyyət, mahiyyət lazımdır? Müsəlmanların birlikdə Onun hüzuruna çıxması lazımdır əslində!

Quran məntiqinə görə bir məsciddə iki və ya da çox dəstə məzhəbçilik nəzərindən ayrı namaz qılarsa və hərəsi də özünü düz hesab edərsə zahiri baxımdan, şəriət baxımdan məqbul sayılsa da mahiyyət etibarı ilə, mərifət və həqiqət etibarı ilə hər ikisinin əməli zay və zərərlidir, Allahın ayəsinin əleyhinə, Uca Yaradanın iradəsinə ziddir.

Ağıla bax: yox, birdən sünni və şiələr birlikdə namaz qılsalar Allah Qiyamət günü soruşar ki, siz niyə birlikdə mənə ibadət etdiniz, axı siz ayrı məzhəblərə bölünübsünüz? Axı əllərinizi eyni tutmursuz axı namazda… Allahı da şərləyirlər az qala!

Eyni qibləyə dönən, eyni Allaha ibadət edən hər müsəlman, məzhəbindən asılı olmayaraq namazı ilk başlayan dəstəyə qoşulub cəm halda ibadətini etməlidir. Məscid nifrət və firqət yeri yox, məhəbbət və vəhdət ünvanıdır.

Demək olar ki, bütün ənənəvi məzhəblərin fiqhinə görə birlikdə namaz qılmağın heç bir problemi yoxdur. Başını Qumda qoyub gələnlərə deyirəm ki, İrana yox Qurana inanmaq lazımdır. Ayətullaha yox, Allaha səcdə etmək lazımdır. Allah da təkdir!

Tural İrfan
İlahiyyatçı-yazar, Milli Cəbhə Partiyasının sədr müavini

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button