CəmiyyətManşet

Tanınmış jurnalist daxili işlər nazirinə təşəkkür etdi

Təbriz Vəfalı: “İctimaiyyəti informasiya blokadasında saxlamayan Daxili İşlər Nazirliyinin bu ilki fəaliyyətini yüksək qiymətləndirirəm”

Azərbaycan İnformasiya Mərkəzinin direktoru, analoq.az saytının baş redaktoru Təbriz Vəfalı Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazova təşəkkür məktubu ünvanlayıb. Məktubda deyilir:

Hörmətli cənab nazir!

1988-ci ildən bu günədək müxtəlif mətbuat orqanlarında ayrı-ayrı məsul vəzifələrdə çalışmışam. Bu illər ərzində dəfələrlə şahidi olmuşam ki, mətbuat nümayəndələrinin üzləşdiyi ən ciddi problemlərdən biri də əksər dövlət qurumlarının mətbuat xidmətləri, ictimaiyyətlə əlaqələr şöbələri tərəfindən süni şəkildə məlumat qıtlığının yaradılması, yaxud, jurnalistlərin bütünlüklə informasiya blokadasında saxlanılması olub. Bu da təbii ki mətbuat nümayəndələrinin öz peşə fəaliyyətlərini səmərəli şəkildə icra etmələrinə, onların dövlətimizin, ölkə rəhbərinin ayrı-ayrı sahələr üzrə siyasətinin incəlikləri barədə ölkə ictimaiyyətinə düzgün və dolğun məlumatlar vermələrinə maneələr, əngəllər yaradıb. Bu cür acınacaqlı durum şübhəsiz respublikamızda və onun hüdüdlarından kənarda həmişə ictimai qınağa səbəb olur və narahatlıq doğurur. Bu səbəbdən bəzi beynəlxalq təşkilatlar Azərbaycanda söz və mətbuat azadlığının mövcud olmadığını, jurnalistlərin informasiya almaq hüqüqlarının qorunmadığını iddia edirlər. Bu, bir gerçəkdir ki, mətbuat hər zaman cəmiyyətin güzgüsü rolunu oynayıb və oynayacaq da. Sadəcə, jurnalistlər üçün qlobal problemə çevrilmiş informaisya blokadası və məlumat qıtlığı kimi məsələlər öz həllini tapmadıqca mətbuatın inkişafına daha ciddi zərbələr dəyir.

Hörmətli cənab nazir!

Uzun illərdir ki, Daxili İşlər Nazirliyi və onun mətbuat xidməti ilə sıx əməkdaşlıq edirəm və bu əməkdaşlıqdan çox məmnunam. Çox şükür ki, mətbuatımızın peşəkar nümayəndələri də bu günədək bu qurumun fəaliyyətindən, ictimaiyyətə təqdim edilən məlumatlardan, ünvanlanan sorğulara verilən operativ və hərtərəfli cavablardan, nazirliyiniz tərəfindən aparılan hüquqi maariflənmədən və digər fəaliyyətlərinizdən olduqca razıdırlar. Bu məsələdə DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyevin fəaliyyəti hər kəsi qane edir. Peşəkar zabitin öz Facebook səhifəsində hər gün və gün ərzində bir neçə dəfə ölkədə baş verən kriminal hadisələr barədə, eləcə də əhalinin hüquqi maarifləndirilməsi istiqamətində statuslar yazması, yazılan rəylərə və ünvanlanan suallara dərhal və operativ cavab verməsi, istər jurnalistlə, istərsə də sıravi vətəndaşla səmimi, mehriban və nəzakətli davranması və digər fəaliyyətlər təqdirəlayiqdir. Əgər jurnalist həmkarlarım araşdırma aparsalar, məlum olar ki, sosial şəbəkələrdə Azərbaycanda fəaliyyət göstərən dövlət qurumlarının mətbuat xidmətlərinin rəsmiləri arasında Elşad Hacıyev qədər aktiv, operativ və ictimaiyyətlə sıx əlaqə saxlayan ikinci bir şəxs yoxdur. Bütün bunlara görə də İctimaiyyəti informasiya blokadasında saxlamayan DİN-in bu ilki fəaliyyətini yüksək qiymətləndirir, şəxsən Sizə və Elşad Hacıyevə dərin təşəkkürümü bildirirəm. Ümidvaram ki, növbəti illərdə də DİN-in Mətbuat Xidməti öz fəaliyyətini daha da aktivləşdirəcək, mətbuat nümayəndələri, həmçinin digər ictimaiyyət nümayəndələri ilə əməkdaşlığı maksimum yüksək səviyyəyə çatdıracaq. Bir məqamı da xüsusi vurğulamaq istərdim ki, mənim Elşad Hacıyevlə şəxsi tanışlığım yoxdur. Biz bir-birimizi qiyabən tanıyırıq. Ona görə də bu təşəkkürümü kimsə yarınmaq, yaltaqlanmaq kimi qəbul etməsin.

Hörmətli cənab nazir!

Başda Siz olmaqla DİN-in bütün kollektivini qarşıdan gələn Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyli Günü münasibətilə təbrik edir, Sizə və kollektivə yeni ildə uğurlar və müvəfəqqiyyətlər diləyirəm”.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button