İqtisadiyyat

Sadələşdirilmiş gömrük dəhlizi Türk Dövlətləri Təkilatı ölkələrinin sosial-iqtisadi inkişafınına xidmət edəcək

“Xalq qəzeti” nin iqtisadiyyat bölməsini istedadlı və perspektivli yazarlarla gücləndirən iqtisadiyyat redaksiyasının müxbiri Mirbağır Yaqubzadənin təşəbbüsü ilə tanınmış iqtisadçi alim, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutnun “Xarici iqtisadi fəaliyyətin tənzimlənməsi” şöbəsinin aparıcı elmi işçisi, dosent Təbriz Yadigarov Azərbaycanın geosiyasi mövqeyinin bütün sahələrdə, o cümlədən beynəlxalq yükdaşımalarda əməkdaşlığın inkişaf etdirilməsi üzrə yaranan imkanları və bu imkanların reallaşdırımasının perspektivlərinə dair verdiyi ekspert rəyləri diqqəticəlb edir. Analoq.az. Təbriz Yadigarovun “Azərbaycanın tranzit ölkə kimi mövqeyini yaxşılaşdırır” mövzusunda “Xalq qəzeti” nin iqtisadiyyat bölməsində 7 aprel 2023-cü ildə dərc edilmiş rəyini təqdim edir.
Qloballaşan dünya təsərrüfatında, qısa müddətdə Azərbaycanı dünyanın inkişaf etmiş, qüdrətli və nüfuzlu dövlətinə çevirən Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin milli maraqlarının qorunması istiqamətində aparılan prinsipial, ardıcıl və qətiyyətli siyasət nəticəsində respublikamız regionun inkişafı üçün müxtəlif layihələrin həyata keçirilməsində fəal iştirak edərək, türk xalqları arasında yüksək nüfuz qazanmışdır.

Azərbaycanın ərazi bütövlüyünün bərpasınının təmin edilməsi nəticəsində Türk dünyasını birləşdirən, böyük iqtisadi və siyasi əhəmiyyəti ilə dünya ölkələrinin diqqətini cəlb edən Zəngəzur dəhlizi Orta Dəhliz üzrə Cənubi Qafqazdan keçən marşrutun şaxələndirilməsinə və türkdilli dövlətlər arasında coğrafi əlaqələrin bərpasına mühüm töhvədir.

Respublikamız türkdilli dövlətlər və xalqlar arasında dostluq, qardaşlıq münasibətlərinin və qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirməklə yanaşı, iqtisadi əlaqələri də inkişaf etdirir.

2022-ci ildə Azərbaycanın 52 milyard 686,5 milyon ABŞ Dolları məbləğində ümumi ticarət dövriyyəsinin 13,6 faizi və yaxud 7 miyard 170,2 milyon Dolları türkdilli dövlətlərin payına düşüb ki, bunun da 11,2 faizi Türkiyə ilə aparılan ixrac-idxal əməliyyatları təşkil edib. 2022-ci ilin ilk iki ayında isə türkdilli dövlətlərlə ümumi ticarət dövriyyəsinin payı 15,7 faiz və yaxud 1,0 milyard 126,645 milyon dollar təşkil edib ki, bunun da 12,5 faizi Türkiyənin, 1,3 faizi Qazaxıstanın 1,5 faizi isə Türkmənistanın payına düşüb.

Həmin dövr üzrə Qırğızıstan və Özbəkistanın payı isə müvafiq olaraq 0,3 faiz və 0,04 faiz olmuşdur. Türkiyə və Qırgızıstan Respublikaları istisna olmaqla digər türkdilli dövlətlərlə ticarət əlaqələrində idxalın həcmi ixracı üsələmişdir.

Respublikamızın Türk Dövlətləri ilə xarici ticarət əlaqələrinin inkişaf meyilləri göstərir ki, ölkə başçısı tərəfindən imzalanan “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” 2022-ci il noyabrın 11-də Səmərqənd şəhərində imzalanmış Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının qanunu bu ölkələrin social-iqtisadi inkişafına mühüm töhvə verəcək.

Belə ki, sadələşdirilmiş gömrük dəhlizinin yaradılması üzrə türk dövlətləri arasında ticarət əlaqələrinin inkişafı istiqamətində atılan bu addım sayəsində daşınan mallar və nəqliyyat vasitələri haqqında məlumatlar elektron şəkildə mübadilə ediləcəkdir ki, bu da sürətli yük daşımalara şərait yaradaraq, yükdaşımalarının həcminin artması ilə yanaşı, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin nəqliyyat logistika sisteminin səmərəliliyini artıracaq. Hal-hazırda Logistikanın Səmərəlilik İndeksinə görə Türkiyə 3,15 balla 47-cı, Qazaxıstan 2,81 balla 71-cı, Türkmənistan 2,41 balla 124-cü, Qırgızıstan 2,55 balla 108-ci, Özbəkistan 2,58 balla 99-cu yerdədirlər.

Azərbaycan isə Logistikanın Səmərəlilik İndeksinə görə 2,45 balla 125-ci yerdədir. Qeyd edək ki, bu indeks gömrük əməliyyatlarının səmərəlilik indeksi, nəqliyyatın keyfiyyəti və informasiya texnologiyaları, beynəlxalq daşımalara burxılma qabiliyyəti, logistikanın komponentliyi, yüklərin izlənmə qabiliyyəti və yüklərin çatdırılma tezliyi ilə müəyyən edilir.

Məhz bu baxımdan Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması, bu ölkələr arasında yükdaşımaların asanlaşdırılması ilə bərabər, Logistikanın Səmərəlilik İndiksi üzrə mövqeyini dünya ölkələri arasında yaxşılaşdıracaq, Orta Dəhliz boyunca infrastrukturun inkişafını, nəqliyyat, sərhəd və gömrük əməliyyatlarının rəqəmsallaşmasını şərtləndirəcəkdir ki, bu da nəqliyyat marşrutu üzrə tranzit potensialının artmasına və iştirakçı ölkələrin regional və beynəlxalq nəqliyyat sistemlərinə əlverişli şəkildə inteqrasiyasına geniş imkanlar yaradacaqdır.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun “ Xarici iqtisadi fəaliyyətin tənzimlənməsi” şöbəsinin aparıcı elmi işçisi, i.f.d., dosent Təbriz Yadigarov

Məqalənin materialları ilə  aşağıdakı linkdən tanış olmaq olar.

<a href=”https://xalqqazeti.az/iqtisadiyyat/124709-sadelesdirilmis-gomruk-dehlizi-turk-birliyinin-yukselisine-xidmet-edecek?fbclid=IwAR29grm2k1IOh0o4DNFCRbn8WdUH4IUnWGOnSF2QNEpXLyRH-ljXMRBvwbA”>
Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button