Gündəm

“Vaxtında Səlim Müslümov haqqında bunları deyəndə məni qınayırdılar, üstümə adam göndərirdilər…”

“Səlim Müslümovun yiyəsi Ramiz Mehdiyev idi. R.Mehdiyev onların hamısıyla əlli-əlliyə işləyirdi və qazandıqları pulların da bir hissəsini başqalarına verirdilər. S.Müslümov Azərbaycanda bir monopoliya yaratmışdı”
Bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. H.Hacıyev məmurların ölkədə şəhid ailələrini və qazilərimizi incitdiyini bildirib:
“Mən dəfələrlə bu haqda demişdim və yenə də sözümün üstündə dururam. Səlim Müslümovun yiyəsi Ramiz Mehdiyev idi. R.Mehdiyev onların hamısıyla əlli-əlliyə işləyirdi və qazandıqları pulların da bir hissəsini başqalarına verirdilər. S.Müslümov Azərbaycanda bir monopoliya yaratmışdı. Bu gün isə onların davamçıları var. Bu gün də ölkə başçımızın uğurlu qələbəsinə kölgə salmaqda ötrü Azərbaycanda qazi və şəhid ailələrini incidirlər ki, prezidentin şəhid və qazi ailələrinə olan müsbət münasibətinin üstündən xətt çəksinlər. Vaxtında S.Müslümov haqqında bunları deyəndə media orqanları məni qınayırdılar, minnətçi göndərirdilər ki, onun haqqında belə danışmayım. Amma belə deyil, mən həmişə millətimin, dövlətimin, prezidentimin mövqeyini üstün tutumuşam və onun yolunda da canımdan keçməyə hazır olmuşam. Mən bunları deyəndə isə həmişə qınaq obyekti olmuşam. Hətta R.Mehdiyev məni çağırtdırıb başqa şöbə müdirlərinin vasitəçiliyi ilə izahatımı da alıb. Amma bütün bunlara baxmayaraq əqidəmdən dönməmişəm. Ölkədə dövlət başçısının əleyhinə gedənlərlə bazarlıq etməmişəm. Əgər bunları etsəydim, indi nə kirədə, nə də ermənilərlə dəyişdiyim evdə qalmazdım”.
H.Hacıyev deyib ki, çətin olsa da həmişə dediyin fikirlərin üstündə duracaq:
“R.Mehdiyevin təyin etdiyi kadrların hamısı ölkə prezidentinə xəyanət edir. Bu adamlardan hələ də hakimiyyətdə təmsil olunanları var, yenə dövlət başçısının iradəsinin əksinə gedirlər. Bunlar isə Azərbaycana beşinci kolon tərəfindən təyin edilmiş nazirlərdir, komitə sədrləridir. R.Mehdiyevin tapşırığı ilə müharibədə döyüşən qazilərimiz, şəhid ailələrimiz incidilir ki, onlar ruhdan düşsünlər. Bunu isə deməməyin özü dövlət başçısına xəyanət etməyə bərabərdir. Mən ona görə həmişə həyatımı, canımı, qanımı ortaya qoymuşam və dövlət başçısını bu cür bəlalardan qurtarmaq üçün həyatımı riskə atmışam. Buna görə məni qınayırlar, deyirlər ki, İlham Əliyevə niyə bu qədər xidmət edirsən? Hamı bilməlidir ki, mən ona qardaş demişəm və axıra qədər də öz mövqeyimdə qalıram. Ac da, susuz da qalsam, müəyyən çətinliklər çəksəm də mən bununla fəxr edirəm, çünki mən xalqıma, dövlətimə xidmət edirəm”.
Partiya  sədri dövlətə xəyanət edən məmurların vəzifədən uzaqlaşdırılmasının vacibliyini vurğulayıb:
“Bu gün də hakimiyyətdə olan məmur təbəqəsi beşinci kolona xidmət edir. Ölkə başçısı çox düzgün addımlar ataraq onların bir hissəsini artıq vəzifədən uzaqlaşdırıb. Məsələn, Cahangir Əsgərovun vəzifədən uzaqlaşdırılması gündəmə gəlib, ciddi şəkildə təcili həll olunmalıdır. Rövnəq Abdullayevin, oğlunun, qohum-əqrəbasının xaricdəki varı-dövləti əlindən alınmalıdır. Dövlət Fondu yaradılmalıdır və bütün bu pullar həmin fonda köçürülməlidir. Hər halda xalq görməlidir ki, dövlət başçısı onların arzusunu yerinə yetirməkdə ötrü əlindən gələni edir. Ona görə də beşinci kolonun külli-miqdarda pulları var və onlar vasitəsilə xaricdə yayımlanan telekanallar tam fəaliyyətə başlayıb. Bir neçə gün öncə özünüz də şahidi oldunuz ki, Gültəkin Hacıbəyli R.Mehdiyevin müdafiəsinə qalxdı. Burdan mən Gültəkin xanıma demək istəyirəm ki, R.Mehdiyev xalqa bu qədər xəyanət edib və bunları kim ortaya çıxaracaq? Sizi maliyyələşdirdiyi üçünmü onu müdafiə edirsiniz? Azərbaycan dövlətinə xəyanət edən adamlar mənim düşmənimdir. Əgər dövlətə xəyanət olunubsa, biz buna qarşı çıxmalıyıq. Ona görə də bu gün yerində olmayan kadrlar var, beşinci kolonun rəhbərliyi altında Prezident Aparatında dirijor çubuğuyla fəaliyyət göstərən şöbə müdirləri var, onlar rayon icra başçılarının özbaşınalığının qarşısını almır.  Bütün bu adamlar vəzifədən uzaqlaşdırılmalıdır”.
Partiya sədri dövlətimizin əldə etdiyi qələbəni gözdən salmaq istəyən qüvvələrin mövcud olduğunu bildirib:
“Dövlət Təhlükəsizlik Xidməti hörmətli Əli Nağıyevin rəhbərliyi altında çox uğurlu əməliyyatlar həyata keçirir. Bu həmişə belə də davam edəcək. Ölkə başçısının rəhbərliyi altında Azərbaycan Ordusu 44 günlük müharibədə çox böyük uğur əldə etdi və düşmən üzərində qələbə çaldı. Mənim yolumla gedən siyasi partiya rəhbərlərinə tövsiyəm ondan ibarətdir ki, heç olmasa 5-10 il bundan öncə dediklərimin patentini versinlər. Mənim dediklərimi bu gün onlar təkrar edirlər. Mən R.Mehdiyevin iç üzünü açanda onlar məni tənqid edirdilər. Deyirdim ki, ölkə başçısına Eldar Mahmudov xəyanət edir, onda məni “topa” tuturdular. Mən bu gün də sözümün üstündə dururam və bir neçə məmuru çıxmaq şərtiylə əksəriyyəti dövlət başçısının hakimiyyətdən getməsini istəyirlər. Ölkədə aprel-may aylarında R.Mehdiyevin əliylə qarışıqlıq yaradılması gözlənilir və bununla bağlı bizdə çox ciddi faktlar var. Hazırda mən xaricdə müalicədəyəm və müavinlərim vasitəsilə partiyamın fəaliyyəti davam edir və bu istiqamətdə əlimizdən gələni etməyə çalışırıq”.
Vasif Əlihüseyn
Analoq.az
Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button