Cəmiyyət

Denis Pronin: “General Polad Həşimovun qisasını alacam!”

İgidliyi və şücaəti ilə əbədi rəhmət qazanan qəhrəman şəhidimiz...

Denis Aleksandroviç Pronin 1989-cu il mayın 26-da Xətai rayonunda anadan olub. Milliyyətcə rus idi. 1995-2006-cı illərdə Xətai rayonunda T.Bağırov adına 59 nömrəli tam orta məktəbində təhsil alıb.
Ailəli idi. Alina adlı 8 yaşlı bir qızı yadigar qalıb.
Şəhidin həyat yoldaşı Aynur xanım Denis Proninin daha öncələr həqiqi hərbi xidmət keçdiyini, bu ilin 15 iyulunda general Polad Həşimovun şəhid olmasını eşitdikdən sonra yenidən hərbi xidmətə getməklə bağlı qəti qərara gəldiyini deyib. “Generalın qisasını alacam!” söyləyən Denis qeydiyyat ünvanına uyğun olaraq, Bakının Nizami rayon Səfərbərlik və hərbi çağırış şöbəsinə üz tutub. Könüllü kimi döyüşməyə hazır olduğunu bildirən Denis Proninə təşəkkür edən idarə əməkdaşları, “gərək olsa, çağırarıq” deyiblər.
Nəhayət az sonra öz istəyini gerçəkləşdirən vətənpərvər Denis Pronin yenidən Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb. Azərbaycan Ordusunun əsgəri olan Denis Pronin 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.O, oktyabrın 6-da Cəbrayıl döyüşləri zamanı şəhid olub. Xətai rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Denis Pronin ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.Belə ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Denis Əliyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Denis Əliyev ölümündən sonra “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Denis Əliyev ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.
Allah rəhmət eləsin. Məkanı cənnət olsun.

Urqiyyə Təbrizli, analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button