Gündəm

Bu gün Azərbaycanın milli qəhrəmanı Çingiz Mustafayevin doğum günüdür!

Çingiz Mustafayev 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Vladimirovski rayonunun Kapustin-Yar kəndində Fuad Mustafayev və Naxış Mustafayevanın ailəsində anadan olub. 1964-cü ildə ailəsi ilə Bakı şəhərinə köçmüşdür.Atası onu hərbçi görmək istədiyindən, Çingizi Cəmşid Naxçıvanski adına hərbi liseyə yollamışdı. O, burada 3-cü sinifdən 10-cu sinfə qədər təhsil aldı. Nəhayət, o, hərbi məktəbi tərk edib, müntəzəm orta məktəbə daxil olmuşdur.1977-ci ildə Yasamal rayonunda 167 saylı məktəbi bitirmişdir.

Özünü islahatçı-novator görən Ç.Mustafayev 1970-ci illərdə SSRİ-də və Azərbaycanda ilk disko-klubun yaradıcısı olmuşdur. O, Azərbaycanın ilk DJ kimi tanınır. 1981-ci ilin sentyabr ayında Mustafayevin başçılığı altında, 12 nəfərdən “light DJ” və “texnik”lərdən ibarət olan “3M” adlı qrup yaratmışdır. Anası onu həkim görmək istədiyindən, Çingiz Mustafayev 1977-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olmuş, 1983-cü ildə institutu müvəffəqiyyətlə bitirir. Təhsilini başa vuran Ç.Mustafayev təyinatla Şabran rayonunda üç il həkim işləmişdir. Tibb İnstitutunu bitirdikdən sonra, o, İnşaat Mühəndisləri İnstitutunun yataqxanasında baş həkim təyin edilmişdi.

1983-cü ildə dünyada ilk dəfə olaraq Azərbaycan dilində “Dünənki keçdi” rep janrlı mahnını səsləndirib.Həmin müddət vaxtı Çingiz Mustafayev Bakıda “Sevinc” adlı kiçik kafe açmışdı. 1985-ci ildə yaratdığı “Cəngi” birliyindəki fəaliyyəti Azərbaycan gəncləri arasında populyarlıq qazanmışdır. Birlik Sovet İttifaqında başlanan yenidənqurma prosesinin Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü idi.

1990-cı illərdə Azərbaycan televiziyasında “Ekspromt”, “Cümə axşamı” verilişlərinin, “Gənclik” estrada tamaşasının və “Ozan” rok qrupunun yaradıcısı olmuşdur.

Jurnalist fəaliyyəti:

Çingiz Mustafayev Turqut Özaldan müsahibə alır.
1990-cı il 20 Yanvar hadisələri zamanı Çingiz Mustafayev klinikanı terapevt mərkəzi kimi istifadə edirdi. 1991-ci ilin noyabr ayından jurnalist və Azərbaycan Dövlət Televiziyasında reportyor kimi fəaliyyət göstərmişdir. Ancaq Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənmədi.Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapdı.Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum edirdi.Ona görə də Çingiz əlahiddə olaraq “215 kl” studiyası kimi muxtar qurumun yaradılmasının təşəbbüskarı və yaradıcısı oldu. Onun reportajları bir qayda olaraq cəbhədən olduğundan, bir çox tamaşaçılar 215 kl studiyasını məhz müharibədən məlumat verən telequrum kimi qəbul edirdilər.

Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əsgərlər haqqında xüsusi reportajlar və bütün bunlarla yanaşı Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllif yaradıcılığı idi.

Qarabağ müharibəsində iştirakı:

Çingiz Mustafayev səkkiz ay ərzində Qarabağ müharibəsi haqqında 18 sənədli film çəkmişdir. Mustafayev döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı.O, cəbhədə bir əsgər, zabit və hətta komandan kimi çox vəzifəni öz üzərinə götürürdü.Laçından çıxan əsgərlərlə onun geri qayıtmaq bərədə verdiyi kəskin və qısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə Çingizin emosional davranışı teletarixin dramatik səhifələri kimi yadda qalmışdır.Teletənqidçi Elşad Quliyev Çingiz Mustafayevi “Görüş yerini dəyişmək olmaz” filmindəki Jeqlov obrazı ilə müqayisə etmişdi:

” Çingizdə öz həssaslığı və romantizmi ilə əsl azərbaycanlı xarakteri var idi. O, həmişə haqlı olsa da, heç vaxt öz həqiqəti uğrunda döyüşməyib. O, həmişə qorxaqlara, satqınlara qarşı amansız olub. Bununla belə o, yoldaşı ilə axırıncı çörək tikəsini də bölməyə hazır idi. Ən əsası – Çingiz Mustafayev Vətəni təmənnasız olaraq sevirdi. ”

Xocalı faciəsi :

Allahverdi Bağırovun Vitali Balasanyanla apardığı danışıqlar nəticəsində hərbi operator Seyidağa Mövsümlü və Çingiz Mustafayevin Xocalı hadisələrinin görüntülərini lentə alması mümkün olmuşdu.

Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. Çingiz Mustafayevin məhz bu filmi ilə Ermənistanın reputasiyası bütün dünyada ciddi sarsıntıya məruz qaldı. Çingiz Mustafayev isə həmin hadisəni Seyidağa Mövsümlüdən iki gün sonra fevralın 28-də lentə ala bilmişdi. Sonradan, 1993-cü ilin əvvəllərində Seyidağa öz çəkdiyi kadrlar əsasında “Xocalı əsrin faciəsi” adlı film hazırladı. Bu Xocalı soyqırımı hadisə haqqında ilk film idi.

Vəfatı:

Çingiz Mustafayevin Bakıdakı Şəhidlər xiyabanında məzarı
1992-ci ilin iyun ayının 15-də Əsgəran rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həyatını itirmişdir. Vahid Mustafayevin sözlərinə görə, Çingiz “ABC News” üçün material hazırlayırdı və yaranan çətin vəziyyətə baxmayaraq həmin hücumu çəkdi. Minaatandan atəş zamanı Çingiz qəlpələrdən ağır yaralandı, onun sağ ayağının bud sümüyündən arterial damarı zədələndi və o, sürətli qan axmasından döyüş meydanında dünyasını dəyişdi. Lakin Çingiz Mustafayevin kamerası çəkməkdə davam edirdi.

2015-ci ildə Qarabağ qazisi Bakir Behbudovun verdiyi müsahibədən:

” Bircə onu deyim, Çingiz Mustafayev heç nədən öldü. Boş söhbətdir ki, guya onu bizimkilər vurub. Çünki döyüş zamanı hamıdan arxada dayanmışdı. Onu ermənilər vurub. Güllə ona təsadüfən, “rekaşetlə” dəyib. ”
2017-ci ildə Çingiz Mustafayev yoldaşı və bəstəkar Rasim Müzəffərlinin verdiyi müsahibədən

” Təəssüf ki, hələ də Çingizin arxadan, özümüzünkülər tərəfindən vurulduğunu iddia edənlər var. Azərbaycan zabitinə, əsgərinə bu boyda şər atmaq vicdansızlıqdan başqa bir şey deyil. Orada Çingizin yanında olan adamlar onu öz bədəni ilə qoruyanlardır. Burada faktlar da var. Mən çox təəssüflənirəm ki, bəzi detalları açıb deməyə məcbur oluram. Amma demək lazımdır. Çingizin cənazəsi yuyularkən orada olan insanardan biri kimi mən onun yarasını da görmüşəm, yarasının öndən olduğunu da, yarasının böyük dəlik olmasını da. Böyük dəlik o deməkdir ki, yəni güllə deyil, qəlpədir. Yaxından atılmış olsa, qəlpə öndən deşib arxadan çıxmalı idi, amma o çıxmamışdı. Şah damarından tutmuşdu. O da nəyə görə, əlini qaldırıb çəkiliş etdiyi üçün bronjileti yuxarı qalxmışdı. Çingizin ailəsindən və onu sevənlərdən dönə-dönə üzr istəyirəm, ancaq bu sözləri demək məcburiyyətində oldum.

1992-ci ildə Bakıda Şəhidlər xiyabanında dəfn edilib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button