Cəmiyyət

Astarada qadın sahibkarlar üçün maarifləndirmə tədbiri keçirilib

İnsan Hüququları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi Astarada “Regionlarda qadın sahibkarlığının inkişafına təşəbbüs” layihəsi üzrə növbəti maarifləndirmə tədbiri keçirib. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirililən layihəyə Astarada sahibkarlıq fəaliyyət ilə məşğul olan və buna hazırlaşan qadınlar cəlb edilib.

Layihə təlimçilərindən Nabat Qəniyevanın sözlərinə görə, bir çox qadınlar adi sənədləşmə işlərində çətinliklərdən ehtiyatlanaraq sahibkarlıq fəaliyyətində ləngiyirlər: “Biz buna qədər Masallı rayonunda da qadın sahibkarlar üçün maarifləndirmə tədbiri keçirdik. Praktik şəkildə onlara şirkət yaradılması, mühasibatlıq işlərinin aparılması, kredit üçün müraciət, işçi münasibətlərinin tənzimlənməsi və digər məsələlərlə bağlı ətraflı məlumat verdik. Bəzi məsələlər isə yerində həllini tapdı. Çünki onlayn qaydada Asan imza və elektron kargüzarlıqla bir sıra məsələləri smartfonlarla həll edə bilirik. Bu vərdişlər hər birimiz üçün yenidir, əsas olan onları öyrənməkdir ki, qadınlar onları qısa zamanda həll edə bilirlər”.

Təlimçilərdən Əntiqə Qurbanova isə sözlərinə son illərin statistikası ilə başlayıb: “Azərbaycan qadını ailənin maddi, mənəvi yükünü hər zaman çəkib. Biz elə bir dövrdə yaşayırıq ki, ailənin hər bir fərdinin ortaq büdcəyə töhfəsi ailə üzvlərinin sağlam həyatı, keyfiyyətli yaşayışı, təhsili, istirahəti, gələcək təminatı üçün çox vacibdir. Həyat sürprizlərlə doludur. Qadınların qazanc əldə etməsi, iqtisadi cəhətdən nailiyyət əldə etməsi onların istənilən çətin sınaqdan çıxmaq ehtimalını artırır. Bu gün həyətində ekoturizm məkanı yaradan qadınlardan, şirniyyət bişirən, gözəllik salonu açan, özəl bağça, tədris kursu yaradan qadınlara qədər bir çox uğurlu sahibkarlar var. Hətta indi sahibkar qadınlara hüquq xidməti göstərən şirkət sahibləri arasında da qadınlar çoxalmaqdadır. Bu, çox yaxşı bir haldır. Çünki, artıq insanlar dərk edirlər ki, sadəcə şirniyyat bişirib satmaqla bu günkü ehtiyacı təmin etmək mümkün olsa da, gələcək pensiya təminatı üçün vergi ödəyicisi olmaq vacibdir”.

Təcrübələrini bölüşən sahibkar qadınlar bildiriblər ki, regionlarda məşğulluq çox ciddi problem olduğu üçün insanlar gəlir yerlərini özləri yaratmağa məcburdurlar. Bu zaman isə bir sıra hüquq məsələləri üzə çıxır ki, onları həlli üçün hüquq yardımı, ixtisaslı şəxslərin məsləhətlərinə ciddi ehtiyac duyulur. Bu səbəbdən qadınlar vətəndaş cəmiyyətinin bu məsələlərin həllində roluna böyük əhəmiyyət verdiklərini bildiriblər.

Daha sonra təlimçilər konkret sualları ölkə qanunvericiliyinə uyğun cavablandıraraq, ortaya çıxan məsələlərin online qaydada həlli məsələsində layihə iştirakçılarına yardım ediblər.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button