Cəmiyyət

“Məişət Zorakılığı” təbliğat kampaniyasının təşkili adlı layihənin növbəti tədbiri keçirilib

Dilarə Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti Astarada Regionlarda “Məişət Zorakılığı” təbliğat kampaniyasının təşkili adlı layihənin növbəti tədbirini keçirib. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə baş tutub.

Dəyirmi Masa formatında keçirilən tədbirdə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun təbliğ edilib, onun işləmə mexanizmlərinin təkmilləşdirilməsi üzrə təşəbbüslər müzakirə edilib, məişət zorakılığı probleminin ictimailəşdirilməsi, müxtəlif strukturların problemlərin həlli istiqamətində birgə fəaliyyətlərinin uzlaşdırılması müzakirə edilib.

Layihə təlimçilərindən Əntiqə Qurbanova mediaya açıqlamasında bildirib ki, 35 nəfər yerli sakinin qatıldığı tədbirə Astara rayon İcra hakimiyyətinin 3 şöbəsinin təmsilçiləri də qatılıb:“Məişət zorakılığının aradan qaldırılması üçün uzun illərdir vətəndaş cəmiyyətinin təmsilçiləri olaraq mübarizə aparırıq. Buna qədər də regionlarda çox ciddi layihələr həyata keçirmişik, eyni zamanda görüşlərimiz zamanı ortaya çıxan problemlərin həlli üçün addımlar atmışıq. Düşünürəm ki, düşüncələrdə klişeləşmiş fikirlərin aradan qalxması, ailə içərisində sivil münasibətlərin qurulması üçün belə layihələrin önəmi böyükdür”.

Təlimçilərdən Nabat Qəniyeva isə bildirib ki, icra strukturlarının təmsilçilərinin Dəyirmi Masalarda iştirakı operativ qərarların qəbulunu sürətləndirir: “Bütün tədbir keçirdiyimiz bölgələrdə yerli struktur təmsilçiləri tədbirlərimizə maraq göstərir. Bu isə onu deməyə əsas verir ki, vətəndaş cəmiyyəti ilə icra strukturlarının, icma nümayəndərlərinin qarşılıqlı işi təbliğatın daha güclü qurulması, eləcə də yerli səviyyədə həlli mümkün problemlərin çözümünü asanlaşdırır. Bizim istəyimiz odur ki, insanlar maariflənsin, ailələr övladlarının təhsilinə daha artıq diqqət ayırsınlar, erkən nikah Azərbaycanda tarixə çevrilsin, öncələrdə olduğu kimi ağsaqqallıq institutu məhkəmələrə qədərə barışdırıcı mövqe tutaraq münasibətlərin kəskinləşməsinin, ailələrin dağılmasının qarşısını alsın. Çünki sağlam cəmiyyət sağlam, bütöv ailələrlə qurulur. Biz illərdir Türkiyə təcrübəsinin Azərbaycanda tətbiq edilməsinin, zorakılıqla üzləşən qadınlar və azyaşlılar üçün bələdiyyələrdə sığınacaqların yaradılması təşəbbüsünü irəli sürürük. Çünki vətəndaşa icmadan daha çox dövlət sahib çıxmalıdır. Bu, həm zorakılığa meylli şəxslərdə çəkingənlik yaradar, həm də müdafiəyə ehtiyacı olanların hüquq çərçivəsində müdafiəsini təşkil etmiş olar”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button