Ermənistan

Azərbaycan istədiyini əldə edir, bu, birbaşa Rusiya ilə əlaqəlidir

Erməni elitaları birləşərək Nikol Paşinyanın baş nazir postundan istefasını tələb etdilər və Ermənistan prezidenti Armen Sarkisyan onların vasitəçisi oldu.Publika.az xəbər verir ki, bu sözləri erməni siyasi strateq Vigen Akopyan bildirib.

Onun sözlərinə görə, Ermənistanın 2-ci Qarabağ müharibəsindəki məğlubiyyətindən sonra başlayan siyasi həyatında izaholunmaz bir xaos hökm sürür.

V.Akopyan qeyd edib ki, indiki vəziyyətdə zaman baş nazirə qarşı işləyir: “Müxalifət uzun müddət aksiyalar keçirə bilər, küçələri bağlamağa və ya başqa bir şey etməyə çalışa bilər. Ölkənin gələcəyindən hökumət məsuliyyət daşıyır. Eyni zamanda, ölkədə nə qanuni iqtidar, nə də müxalifət real gücə sahibdir. Ermənistandakı ən pis variant göz qabağındadır – total anarxiya hökm sürür. Zaman hakimiyyət və Ermənistana qarşı işləyir. Buna müqavimət göstərmək üçün ciddi mənbələr görünmür. Təcrübə göstərir ki, azərbaycanlılar istədiklərini əldə edirlər”.

Mütəxəssis Ermənistanın baş nazirinin məğlubiyyətdən dərhal sonra istefa etməsini məntiqli hesab edir: “25 dekabrda Ermənistanın baş naziri 2021-ci ildə erkən parlament seçkiləri keçirilməsi mövzusunda siyasi qüvvələrlə məsləhətləşmələr apardığını elan etdi. Baş nazir bununla iki əsas məsələnin həlli üçün vaxt qazanmağa çalışırdı – mövcud təhlükəsizlik zəmanətləri və siyasi gələcəyinin təmin edilməsi”.

Siyasi şərhçi Ermənistan prezidentinin gediş ehtimallarını da dəyərləndirib: “Baş nazirin erkən seçkilərə hazır olduğunu açıqladığı görüşdən sonra ona getməsini təklif edən vasitəçi Armen Sarkisyan oldu. Prezidentin şəxsiyyətinə gəlincə, “məxməri inqilab”dakı müşahidə ilə məhdudlaşmırdı. Siyasi sahədəki əsas oyunçular bunu daha yaxşı başa düşürlər. Bir vasitəçidən danışarkən bunun yalnız sözdaşıyan olmadığını başa düşməlisiniz. Onun 2018-ci il hadisələrində rolunu nəzərə alaraq, Paşinyanla daha açıq danışmaq hüququna malik olduğunu deyə bilərik. Düşünürəm ki, Sarkisyanın müəyyən missiyası var, bundan sonra o, özü də gedə bilər”.

Siyasi strateqə görə, 2018-ci ildə hakimiyyət dəyişikliyinin səbəbi bir reallığa çevrildi: “Planlaşdırılan hər şey həyata keçirilməyibsə, gələcək hadisələr dövlətçiliyin tamamilə itirilməsinə səbəb ola bilər. İndi suverenlik səviyyəmizi təhlil edərək deyə bilərik ki, faktiki olaraq bu suverenlik mövcud deyil”.

Akopyan vurğulayıb ki, Nikol Paşinyan və komandası hakimiyyətə nə üçün gəldiklərini və onları nə gözlədiyini bilirmiş: “Vitse-spiker Lena Nazaryan bir dəfə Qarabağ məsələsinin onların əlinə verildiyini söyləmişdi. Nazaryan bu barədə danışırsa, deməli, hakimiyyətdə belə söhbətlər olub. Çox güman ki, onlar (ya da hazırkı rəhbərliyin bəzi nümayəndələri) hakimiyyətə gəldikdən sonra onları nə gözlədiyini başa düşdülər.

İndi Ermənistanın bölgədəki rolundan danışmaq çox çətindir. İndi nə Qarabağın, nə də Sünikin, hətta Ermənistanın özünün təhlükəsizliyinin qarantı yoxdur. Bu vəziyyətdə təhlükəsizlik məsələləri birbaşa Rusiya ilə əlaqəlidir”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button