Cəmiyyət

İçməli su təchizatı sektorunda çalışan işçilərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə təlimlərə başlanılıb

Təlimlərə “Azərsu” ASC-nin Bakı şəhəri və regionlarda fəaliyyət göstərən idarələrinin 248 usta və çilingəri cəlb olunub

İçməli su təchizatı sektorunda çalışan işçilərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən növbəti təlimlərə başlanılıb. Magistral və şəbəkə su xətlərinin normal istismarını təmin etmək, həmçinin gələcəkdə baş verə biləcək qəza hallarının aradan qaldırılması məqsədilə polietilen boruların qaynağı üzrə təlimlər keçirilir. Təlimlərə “Azərsu” ASC-nin Bakı şəhəri və regionlarda fəaliyyət göstərən idarələrinin 248 usta və çilingəri cəlb olunub.
Təlimlər nəzəri və praktiki olaraq 2 istiqamətdə keçirilir. Nəzəri biliklərə yiyələnən usta və çilingərlər Təlim və İnnovasiya Mərkəzində yaradılmış təcrübə poliqonunda iş prosesləri ilə əyani tanış olmaq imkanı qazanırlar. Poliqonda polietilen boruların qaynaq proseslərinin incəlikləri əyani şəkildə öyrədilir. Burada qazanılan bilik və təcrübə işləri vaxtında, operativ və yüksək peşəkarlıqla icra etməyə imkan verəcək.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətində kadr hazırlığı və işçilərin peşəkarlığının artırılması işinin təkmilləşdirilməsi məqsədi ilə Hövsan Aerasiya Stansiyasının ərazisində yaradılmış Təlim və İnnovasiya Mərkəzində eyni vaxtda 350 nəfərə təlimlərin keçirilməsinə imkan var. Burada mexanika, energetika, avtomatika və metrologiya, kompüter, coğrafi informasiya sistemi, SCADA, nəzarət ölçü cihazları kabinetləri fəaliyyət göstərir. Burada regionlardan gələn təlim iştirakçılarının gecələməsi, asudə vaxtlarının təşkili üçün də şərait yaradılıb.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button