AktualBannerCəmiyyət

Masallının eks başçısı özünü niyə mətaha mindirdi ?

Samux və Ağcabədidə sizi sevməyiblər ? Yoxsa siz onları sevmədiniz ?

Bu gün qarşımıza Masallı rayonunun sabiq başçısı Şahin Məmmədovun necə deyərlər qəlbləri riqqətə gətirən hətta bir sıra hallarda hind melodramalarını xatırladan sözdə vida mərasimi çıxdı.

Guya Masallıya rəhbərlik etdiyi dövrlərdə rayon sakinlərinin “nəhəng” hörmətini qazandığını sübut etmək istəyən Şahin müəllim reallıqda bəlli məqsədlərlə icra etdirdiyi ucuz şousu ilə özünü daha çox ifşa etmiş oldu. Düzdür , Şahin Məmmədov Səlyanın sabiq başçısı kimi özünə Roma imperatorlarına layiq çələng mərasimi təşkil etdirməsə də onun bu şousu da hafizələrə əbədi həkk olundu.

Məsələ ondadır ki , 2009 – cu ildən bu yana və müxtəlif dövrlərdə icra başçısı işlədiyi rayonlardan Masallıda olduğu kimi yolasalınmayan Şahin müəllim bircə sualımıza cavab versin. – Əgər sizə əvvəlki rayonlarda hazırda yola salındığınız kimi mərasimlər təşkil olunmayıbsa demək Samux və Ağcabədidə sizi sevməyiblər ? Yoxsa siz onları sevmədiniz ?

İstinin bu cırhacırında , özü də cənub zonasında insanları , xüsusilə şəhid və qazi ailələrini nəyinsə müqabilində küçələrə tökdürüb yolasalınma mərasimini təşkil etməklə kimə , nəyi, və niyə sübut etmək istəmisiniz.

Bir nüansı xüsusilə qeyd etməyi borc bilirik : “möhtəşəm” yolasalma mərasimini izləyərkən biz şəhid analarının gözlərindəki qəmi və kədəri aydın gördük. Onlar heç də ora çıxıb Şahin Mustafayevin getməsinə kədərlənmirdilər. Onların kədərləri öz ömürlərinə bəsdir. Sadəcə bir yük maşını ərzağı paylamaqla şəhid analarını ayağına gətirən Şahin müəllim heç olmasa bu əməlindən utanc hissi keçirirmi?

Məqsədimiz heç də Şahin Məmmədovun üç rayonda icra başçısı kimi çalışdığı zaman neqativ əməllərini yenidən təkrarlamaqdan ibarət deyil. Onun haqqında bütün yazılanlar “Google” internet axtarış resursunun hafizəsində indi də qalmaqdadır. Yəni biz onun milyonluq mal – mülklərini , qaranlıq əməllərini yenidən araşdırmaq marağında da deyilik. Göründüyü kimi bizim diqqətimizi çəkən amil haqqında bəhs etdiyimiz video görüntü və fotolardır.

Özünü bu vasitə ilə mətaha mindirməyə çalışan eks başçı bununla nəyə eyham vurub ? Özünü birinci şəxsə ” sübut etmək ” üçünmü ? Hər halda ən ali səviyyədə onu istefaya göndərilməsi qərarı verilib və bütün bunlardan sonra şou- melodrammaları yaratmaq kənardan çox cılız görünür.

Yeri gəlmişkən Samuxdan ,Ağcabədiyə , oradan da Masallıya icra başçısı təyin olunanda niyə bu cür yolasalma törənmələri təşkil olunmurdu , ərzaq paylanmırdı. Axı Şahin Məmmədov vəzifədən vəzifəyə gedirdi. İndi nə oldu ?

Yadıma bu yerdə ” Bəxt üzüyü” filmində Söylünün monoloqu düşür. Deyir , Mayıf Qasımın qəstumunun yaxası qərifsəyibdir, uje medal istəyir. Lap Şahin müəllimin qəstumunun yaxası kimi…

Sonda isə bir mühüm məqamı qeyd etmək yerinə düşərdi.

Cənab prezident İlham Əliyevin Masallı , Lerik və Göygöl rayonlarına təyin etdiyi yeni icra başçıları ilə görüşü zamanı irəli sürdüyü bir fikiri xüsusi ilə diqqətə alınmalıdır. İcra başçıları , məmurlar xalqa xidmət etməli, xalqın xidmətçiləri olmalıdırlar. Çünki dövlət başçımız daha əvvəlki çıxışlarında vurğulayıb ki , o xalqının bir nömrəli xidmətçisidir!

Yəqin Cənab Prezidentin bu tarixi kəlamları həmin vaxt Şahin Məmmədova təsir etməyib və rəhbəri olduğu rayonların xidmətçisi olması yerinə əhali onun xidmətçisinə çevrilib. Elə video görüntüdən də həmin reallıq kifayət qədər əks olunmaqdadır.

Savalan Talıblı
Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 2 Ortalama: 4.5]

Back to top button