BannerElm və təhsil

Qaytarın müəllimin zəhmini özünə! – “Əziz-xələf” böyüdən ata və analara XİTAB

A məktəb yolları, məktəb yolları,
Sizi bir an belə unutmadım mən.
Könlüm min həsrətlə titrəyib əsir
Hər dəfə, hər dəfə keçəndə sizdən.

Bəxtiyar dilindən süzülüb axan bu misraları oxuyanda hər birimiz sanki bu şeiri özümüz yazmışıq kimi coşuruq. Ən gözəl illərimizi qoparıb özündə saxlayan məktəb, onun yolları, hasarı, divarları hər zaman əziz olub bizim üçün.

Bəli, uşaqlıq illərimiz orda keçir. Bir onda ayılırıq ki, hər birimiz yekə adamlar olub gənc adını almışıq. Və uşaqlıq illəri bizdən ayrı düşür – bilmirsən uzaq düşmüsən, ya yellər aparıb, ya soyuq əllər… bir onu bilirsən ki, artıq sən həyatda sosial öhdəlikləri olan bir fərdə çevrilmisən. Bir payız ayında başlayıb, bir yay günü vidalaşırsan 11 il ayaq döydüyün məktəbdən, ancaq məktəb yolları, sinif yoldaşlarımızla, müəllimlərimizlə bağlı baş verənlər, dəvamiyyətimiz, dərsə münasibətimiz, dəcəlliklərimiz xatirələrdə qalır. Həqiqətən də könlümüz min həsrətlə titrəyib əsir hər dəfə məktəb yollarından keçəndə. Amma…

Bu gün məlum məktəbdə baş verənlər və orda sillə, yumruq, təpiklə döyülən o şagirdin ürəyi də əsəcək hər dəfə o məktəbin yolundan keçəndə. Bəlkə də o uşaq gələcəkdə oradan keçməyəcək, yolunu dəyişəcək, bir vaxtlar orda aldığı zərbələri xatırlamasın deyə.

Bəli, o uşaq zərbələr aldı, amma ən böyük zərbəni ona cəmiyyət vurdu. Biz vurduq. Aldığı yumruq, sillə, təpik zərbələrindən çox biz onu incitdik – sosial şəbəkələrdə, xəbər portallarında o görüntüləri yaymaqla. Hər halda mən bir vətəndaş olaraq orta məktəblərdə o tip hadisələrin baş verməsinin əleyhinəyəm.

Son vaxtlar məktəblərdə baş verənlər hamı kimi məni də çox incidir, bir vətəndaş kimi sarsıdır. Ən pisi də odur ki, xoşagəlməz hadisələri və o hadisələrlə bağlı videogörüntüləri bir nəfər yayımlayır və hansı mənfi nəticəsi ola bilər, (?!) – deyə düşünmədən bu görüntülər kütləvi şəkildə tirajlanır. Əgər oturub öz məktəb illərimizi xatırlasaq, yada salsaq, görərik ki, elə hadisələr, elə dava-dalaşlar, elə süpürrəşmələr olub ki, bu gün baş verənlər onların yanında bir muştuluqdur.

Bizim də vaxtımızda sinifdaxili, siniflərarası, hətta məktəblər arası elə davalar düşüb ki, o vaxtlar indiki müasir telefonlar olsaydı, bəlkə də o görüntülər indi filmlərdə, teleseriallarda kütləvi dava səhnələri kimi yer alardı. Yumruq da “yemişik”, sillə-təpik də, burnumuz da sınıb, qulağı cırılanlar, dişi tökülənlər də olub.

Oğlanlar bir yana, hələ qızların saçyoldusunu, paltar cırdısını, bir-birinin qolunu dişləməklə saldıqları davaları demirəm. Hər zamanın öz xatirələri var, amma ürəklərdə, zehnlərdə olub o xatirələr. Bu gün isə çox təəssüf ki, insanların şəxsi xatirəsi olacaq hadisələr videogörüntülərlə anında böyük auditoriyalara təqdim olunur – alçaldılır, aşağılanır, qınanılır.

Olan olub, keçən keçib. Bəlkə də günahı olduğu üçün döyüldü o uşaq, bunu da bilmirəm. Bəlkə aciz olduğu üçün döyüldü, bunu da deməkdə çətinlik çəkirəm.

Günahkar kimdir bilmirəm. Amma məktəb rəhbərliyi günahkarı təyin edib cəzalandırmalıdır. Hər halda döyən tərəf mütləq tənbeh olunmalı, cəzasını almalıdır. Artıq bütün ölkə bilir deyə bunu deyirəm, döyülən tərəf isə cəzalanmasa da, qınanılmalıdır. Ən azı özünü müdafiə etməliydi. Deyilmi?! Axı o gələcəyin əsgəridir! Bəlkə də Qazan xan kimi sonra yerindən durub “rəqibinin” cavabını verib. Burasını da bilmirik…

Bildiyimiz isə yayılan videogörüntülərdən gördüklərimizdir. Bir tərəf də var ki, o tərəf də xüsusi cəzalanmalıdır – yəni o görüntüləri yayanlar.

İndi siz deyin, kim cəzalandırılmalıdır – döyənmi, döyülənmi, yoxsa o görüntüləri paylaşanmı?

Bir məsələ də var, gün gələcək o iki uşaq yenidən danışacaq, yenidən dalaşacaq, çəkişib bərkişəcəklər, deyib güləcəklər, yeyib içəcəklər. Amma olan məktəbə olur, olan müəllimə olur, olan cəmiyyətə olur, olan olur. Müqəddəslərimizə olur olanlar. Müqəddəs olan məktəblərdə müqəddəs müəllimlər düşür qınaq altına.

Çünki dəli pişik kimi balasını “çox” sevən valideynlər ucbatından müəllimin əli qırılıb yanına düşüb, müəllimin uşağa bir çırtma belə vurmağa hüququ yoxdur. Bu gün çırtma vurulmasını istəmədiyiniz balalarınız gələcəkdə sizin bəlalarınıza çevriləcək və siz başınızı döyməyə daş da tapmayacaqsınız, ya da tərbiyə vermədiyiniz balanızın baş daşına döyəcəksiz başınızı.

Amma o vaxt gec olacaq, peşimançılığınız isə fayda verməyəcək! Nə qədər ki, gec deyil, imkan verin məktəb və müəllimlər tərbiyyə eləsin övladlarınızı! Ey valideyinlər, ey ata, ey ana, bu gün sizə güvənib işə düşən o yumruq və təpiklərin altında bir gün özünüz əziləcəksiniz!

Çox əzizləməyin övladlarınızı. Əziziniz olsun, amma tərbiyyəsi onun özündən də əziz olsun! İmkan verin müəllimlərə, imkan verin sizin üçün, cəmiyyətimiz üçün daha əziz olacaq insanlar yetişdirsin! Mümkünsə çəkilin kənara, qaytarın müəllimlərin zəhmini özlərinə!!!

Adəm ABBASLI

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button