Cəmiyyət

LGBT — 21-ci əsr — Qıjıxana…

Adət-ənənəizmin ironiyasına bax, bu millət indi şalvar geyinməyən qıza pis baxır...

Hovuzda çimən qadınların gizli çəkilmiş, sonra da TikTok-da paylaşılarkən alçaldılmış və təhqir edilmiş məlum və müqəddəs xatirəsinə

1991-ci ildə dəmiryol vağzalında Samirə adlı qız şalvar geyinib gəlibmiş Tiflisə bilet almağa, ancaq bəkülü cayıllar onu görcək tutub təpiklə nə təhər sağrısından vurmuşdularsa, bədbəxtin qızlıq pərdəsi zərbədən yırtılmışdı və üstəlik, 2 qabırğası da sınıbmış.

Sonra xalq öyrəşdi.

Adət-ənənəizmin ironiyasına bax, bu millət indi şalvar geyinməyən qıza pis baxır, çünki şalvar hicaba yaxın bir şeydir, ən azı, külək vuranda, Səməd Vurğun demişkən, qalxıb aynoyunu çöldə qoymur.

2003-də BDU-da 1-ci kursdaydım və dizi cırıq şalvar geyinib dərsə getdiyimə görə çox istədiyim Elçibəyə oxşar sevimli dekanımız Fazil müəllim zamdekanın köməkliyiylə məni korpusdan zorla çıxartdı və dedi: “Get, əyninə kişi paltarı geyin”!

Lakin artıq bu sindroizm də götürülüb.

Hal-hazırda BDU-da dizi cırıq şalvar geyinməyən oğlana “qıjı” deyirlər və hətta elə bilirlər ki, o, Füzulidəndir, eyni zamanda yatanda da “Bəyaz gecələr” mahnısına dəfələrlə qulaq asır.

2011-ci ildə homoseksuallar parad keçirmək istədilər, amma qiryətdi oğlannar xəbərdarlıq elədilər ki, elə bir şey olsa, hamınızı ət maşınından keçirəcəyik. Hətta cinsi orientasiyasını dəyişmiş 1-2 zavallını döyüb şikəst də elədilər.

Artıq 2022-dir və belə şeylər adiləşib. Geyizm və lesbiyanizm də sosial həyatın bir parçasına çevrilməkdədir.

Sözsüz ki, ictimai yerdə, tutaq ki, lap elə hovuzda çimən qızların şəklini çəkib paylaşmaq, onların qardaşlarının qeyrətinə şübhə eləmək, şəkk gətirmək, söymək, təhqir eləmək də uzağı, 2030, ya 35-ci ilə kimi sıradan bir şey yox, hətta zad olacaq və insanlar bəlkə də qürur duyacaqlar ki, baxın, arvadımın kupalnikdəki şəkli TikTok-u partdadır, qızımınkı İntagram-ı dağıdır, bacımınkı isə, Facebook-u şaqqıldadır.

Niyə bu qənaətdəyəm?

Çünki LGBT bayrağı bəzən üçrəngli bayrağımızla bir yerdə dalğalanır. Təbii ki, yürüş vaxtı. Məsələn, Tarqovıda bu, dəfələrlə nümayiş olunub və camaatın böyük əksəriyyəti hal şahidi kimi çıxış edə bilər.

Fikir verin, 1991 — qızın şalvar geyinməsi, vaginanın dağılması…

2003 — şalvarımın fabrik cırığından görükən budlarımdakı qara, uzun, tər-təmiz, ehtiras yaradan qıllarım və Məmməd Əmin Rəsulzadənin əsasını qoymuş olduğu o boyda universitetdən, — dərsdən qovulan mən…

2022 — LGBT … şərhə ehtiyac yoxdur, çünki dünya, Yer kürəsi durmadan fırlanır, saniyədə 29 km sürətlə bir ildə 31 milyon kilometr məsafə qət edir və o, heç vaxt kainatda əvvəllər olduğu yerə qayıtmır, dönmür, daim içərilərə, bəlkə də çöllərə doğru hərəkət edir və bu cür ağlasığmaz kosmik hadisələrin fonunda adam milli-mentalitet-zad hərləməyə macal tapan insanlara ürəyində yalnız qibtə edir. Yalnız qibtə. Qibtə…

Uzeyr Abbas

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button