Cəmiyyət

Masallıda insan alverinə qarşı mübarizə mövzusunda tədbir keçirilib – FOTOLAR

Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentlyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “İnsan alverinə qarşı mübarizədə maarifləndirmə tədbirlərinin artırılması” layihəsi üzrə növbəti tədbirini Masallı şəhərində keçirib.

Rayon Mərkəzi Kitabxanasında keçirilən tədbirdə “İnsan alverinə qarşı mübarizədə gənclərin fəal olması vacibdir” mövzusu üzrə çıxışlar edilib, müzakirələr aparılıb.

Layihə rəhbəri, HDİM-in rəhbəri İlham Əliyev tədbirin mövzusu və layihənin məqsədi haqda məlumat verərək insan alveri ilə bağlı beynəlxalq və yerli statistikanı nəzərə çatdırdı və baş verən faktların motivlərini açıqladı. Layihə rəhbəri tədbir iştirakçılarına insan alverçilərinin metodları və üsulları haqda ətraflı məlumat verib, onları belə hallar haqda xəbərləri olanda müvafiq orqanlara və ictimai təşkilatlara məlumat verməyə çağırıb. Təşkilat rəhbəri bu sahədə dövlətin həyata keçirdiyi işləri və cəmiyyətin bu istiqamətdə öhdəsinə düşən vəzifələrdən danışıb. Layihə rəhbəri qeyd edib ki, gənclər xaricə gedərkən valideynlər diqqətli olmalı, yeniyetmə və gənclərin sosial şəbəkələrdən səmərəli istifadə etməsinə çalışmalıdırlar.

Layihənin eksperti, sosioloq Elçin Bayramlı insan alveri cinayətkarlarının ən çox internet platformalar, sosial şəbəkələr vasitəsilə insanları tələyə saldıqlarını, xaricdə iş və təhsil adı ilə apardıqlarını deyib. BMT-nin insan alveri ilə bağlı statistikasına diqqət çəkən ekspert bildirib ki, dünyada ən çox insan alveri halları yoxsul ölkələrdə, xüsusən də müharibə və münaqişələr olan ölkələrdə reallaşır. Sosioloq bu ölkələrdə yüz minlərlə insanın, orqan alveri, qadın istismarı və məcburi əməyə cəlb olduğunu deyərək Azərbaycanda belə problemlərin kütləvi olmadığını, başqa ölkələrə nisbətən daha az halların qeydə alındığını deyib. O, gəncləri və yeniyetmələri sosial şəbəkələrdə ehtiyatlı olmağa və hər hansı qanunsuzluq faktı aşkar edəndə müvafiq orqanlara məlumat verməyə çağırıb.

Masallı RİH nümayəndəsi Tərlan Rzayev insan alverînə qarşı mübarizədə maariflənməni vacib olduğunu və belə tədbirlərin vacibliyini vurğuladı. Natiq qeyd etdi ki, xüsusən gənclərin bu istiqamətdə məlumatlandırılmasını ehtiyac var. O, bu cür tədbirlərin maarifləndirmə işində böyük əhəmiyyət daşıdığını vurğulayaraq, hər kəsin bu işdə fəal olmasının əhəmiyyətini qeyd edib.

Tədbirdə Mərkəzi Kitabxananın direktor əvəzi Rauf Dadaşov, Regional Kollecin müəllimi Əjdər Mövsümzadə, Kommunikasiya Qovşağının əməkdaşı Daşqın Babayev, rayon ictimaiyyətinin nümayəndələri Ziya Fərmanlı, Məmmədhüseyn Ələkbər çıxış edərək bu mövzularda gənclərin maariflənməsinin və onları zəruri biliklərlə təchiz etməyin vacibliyini qeyd ediblər.
Daha sonra tədbir iştirakçıları mövzu ilə bağlı fikirlərini bildirib, ekspertlərə suallar ünvanlayıblar. Sualları cavablandıran ekspertlər maraqlı faktlar açıqlayıblar. Tədbir fikir mübadiləsi və geniş müzakirələrlə başa çatıb.

Sonda iştirakçılara bukletlər və məlumat vərəqələri paylanıb.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button