Mədəniyyət

Ümummilli lider Heydər Əliyevin ustad aşıqla maraqlı dialoqu – “Camaat var-dövlət istəyir siz isə çay istəməklə kifayətlənirsiniz”

Hüseyn Saraçlı irsinin təbliğatçısı və tədqiqatçısı Rəşad Əliyev ( Saraçlı ) İctimai Televiziyada yayımlanan ” Ozan dünyası” verilişində ustad aşıq Hüseyn Saraçlının ümummilli lider Heydər Əliyevlə olan görüşü barədə məlumat verib.

Görkəmli ictimai dövlət və siyasi xadimi, diplomat , tarix elmləri doktoru Həsən Həsənov görüş haqqında xatirələrini qələmə alıb.Analoq.az həmin məqaləni təqdim edir :

Hüseyn Saraçlını uşaqlıq dövrümdən tanıyırdım. Doğulub boya-başa çatdığım Tiflisdə azərbaycanlıların toylarını adətən muğam ustadları müşayət edərdi. 1946-cı ildə atam hərbdən yeni qayıtmışdı və 19-yaşlı böyük qardaşım Pənaha toy etdi. Toya muğam ifaçıları ilə yanaşı, o zaman çox gənc olan, dostluq etdiyi Hüseyni də dəvət etmişdi. Atamı Hüseynlə, xalamın həyat yoldaşı, əslən Sadaxlıdan olan, Qulu Babayev tanış etmişdi. Həmin vaxtlar Hüseyn o qədər də məşhur deyildi, gənc idi. Sonralar mən, yaşa dolduqca Hüseyn Saraçlının məşhurlaşdığını, Borçalı aşıq məktəbinin Azərbaycan aşıq sənətinə verdiyi ən böyük sənətkarlardan birinə necə çevrildiyini imkanım daxilində maraqla izləyirdim…

1981-ci ilin yanvar ayında Heydər Əliyevin elm, təhsil, ədəbiyyat və incəsənət üzrə müavini təyin edildim. Heydər Əliyev məni təyin edərkən xüsusi vurğuladı ki, Gürcüstanda yaşayan ziyalılarımızı Azərbaycana tez-tez dəvət edək. Bu ideya, sözsüz ki, mənim də ürəyimcə idi. Həmin il – 1981-ci ildə Xalq yazıçısı, akademik Mirzə İbrahimovun yubiley tədbirlərinə Aşığ Hüseyn Saraçlını da dəvət etmişdik.

Tədbir iki hissədən ibarət idi. Tənəffüsdə Ulu Öndər Heydər Əliyevə Hüseyn Saraçlının Borçalıdan gəldiyini xəbər verdim. O böyük məmnuniyyətlə aşıqla görüşmək istədi. Görüş çox mehriban tərzdə keçdi. İlk əvvəl Heydər Əliyev Gürcüstanda yaşayan azərbaycanlıların vəziyyəti haqda sorğu-sual etdi. Borçalının inkişafı ilə maraqlandı. Sonra Aşıq Hüseyn Saraçlını Gürcüstanın Əməkdar mədəniyyət xadimi adına layiq görülməsi münasibətilə təbrik etdi və yeni yaradıcılıq uğurları arzuladı. Aralarında çox maraqlı söhbət də oldu.

Heydər Əliyev:

– Ustad, Həsən Həsənovu nə vaxtdan tanıyırsız?
Hüseyn Saraçlı:

– Yoldaş katib, Həsən müəllimi gənc yaşımdan tanıyıram. Rəhmətlik atası Əziz kişi ilə dost idik.

Heydər Əliyev, gülümsəyərək:

– Amma Həsəni aşıq edə bilmədin. Ustad, neçə şəyirdiniz var?

Hüseyn Saraçlı:

– Yoldaş Katib, xırım-xırdalı 20-22 şəyirdim var.

Heydər Əliyev, gülümsəyərək:

– Ustad, necə yəni xırım-xırdalı?

Hüseyn Saraçlı:

– Yoldaş Katib, ona görə xırım-xırdalı dedim ki, eləsi var həvəskardı, yarı-yarımçıq qulluq edib özü üçün öyrənib. Eləsi də var ki, 2-5-il qulluq edib aşıqlığı tam mənimsəyib, öyrənib.

Heydər Əliyev:

– Ustad, bəs neçə saz havası bilirsiz?

Hüseyn Saraçlı:

– Yoldaş Katib, 80 – dən artıq saz havası bilirəm.

Heydər Əliyev:

– Ustad, 80- dən çox saz havası ki, deyirsiz, bu havalardan öz bəstəniz olanı varmı?

Hüseyn Saraçlı:

– Yoldaş Katib, bəli 2 – saz havası var. “Qürbəti Kərəm”, “Bağdad dübeyti”

Heydər Əliyev:

– Ustad, sizin danışdığınız dastanları dinləmişəm, çox xoşuma gəlir. Dastanı elə danışırsız ki, adam qeyri-ixtiyari min il keçmişə səfər edir. Bu sənətdə xidmətləriniz əvəzsizdir. Mənə deyibləır ki, aşıqlıq sənətini yayırsan, sevdirirsən. Nə istəyiniz varsa, deyin…

Hüseyn Saraçlı:

– Yoldaş Katib, canınıza sağlıq, aşıq nə istəyə bilər, səsin dərmanı pürrəngi çay.
Heydər Əliyev gülümsəyərək deyir:

– Ustad, camaat var-dövlət istəyir siz isə çay istəməklə kifayətlənirsiniz.

Hüseyn Saraçlı:

– Yoldaş Katib, ən böyük var-dövlət elə can sağlığıdı.

Heydər Əliyevlə sağollaşdıqdan sonra, mən ondan soruşdum:
– Ustad, Heydər Əliyev soruşanda “nə istəyiniz var”, heç nə demədiniz…
Hüseyn Saraçlı:
– Qardaşoğlu, insan gərək tamahkar olmasın. Şükür Allahın bəxş etdiklərinə, mən nəsə istəsəm, deməzlərmi ki, tanınmış aşıqdı, amma dilənçinin biridi, gör bir Katibdən nələr istədi…
Mən Hüseyn Saraçlının böyüklüyünü bir daha başa düşdüm və ancaq bunu deyə bildim:
– Əhsən sizə, Ustad!

Sonralar da Hüseyn Saraçlı Bakıya tez-tez gələrdi. Xalqımız tərəfindən, onun radioda “Bulaq” verilişlərindəki çıxışları çox müsbət qarşılanırdı. Başqa proqramlarda, televiziyada da maraqlı çıxışları olurdu.

1987-ci ildə belə bir fikir yarandı ki, “Azərbaycanın xalq Aşığı” fəxri adı təsis olunsun. Bu ada layiq ola biləcək şəxslərdən biri və birincisi Hüseyn Saraçlı idi. Lakin həmin ilın payız aylarında Ermənistanın Azərbaycana qarşı təcavüzü başladı, vəziyyət gərginləşdirməyə doğru inkişaf etdi və 1988-ci ldə artıq təcavüz açıq şəkil aldı. Bu adın rəsmiləşdirilməsi də dayandırıldı.

1987-ci ildə onun yubileyini Baklda keçirtmək haqda qərar verildi. Azərbaycan Dövlət Flarmoniyasında yubiley konsertini təşkil etdik. Tədbir yüksək səviyyədə keçdi. Tədbirdə mənim yanımda Xalq şairi Bəxtiyar Vahabzadə oturmuşdu. Bəxtiyar müəllim Hüseyn Saraçlının çıxışlarını çox emosional qarşılayırdı. Hətta dedi ki, gərək aşıq sənətinə aid “Muğam” poemasına bənzər bir əsər yaradam.
Bəxtiyar müəllimin bu istəyini sonralar Zəlimxan Yaqub reallaşdırdı. Onun 2007-ci ildə nəşr etdirdiyi “Hüseyn Saraçlı dastanı”nı ustadın maraqlı həyatından, zəngin irsindən, örnək mənəvi dəyərlərindən, digər böyük sənətkarlanmızla səmimi əlaqələrindən bəhs edir.

Zəlimxanla çox tez-tez görüşərdik. Bu görüşlər əksər hallarda Azərbaycan ədəbiyyatına və daha çox da aşıq ədəbiyyatına həsr olunmuş elmi müzakirələrə çevrilərdi. Belə söhbətlərdə Aşıq Hüseyn Saraçlı həmişə Zəlimxanın əsas qəhramanı olardı. Sanki Zəlimxan Hüseyn Saraçlı deyərək nəfəs alırdı.

Həsən Əziz-oğlu Həsənov.

Rəşad Allah ustada rəhmət eləsin. Saraçlılara salam söylə.
Bakı şəhəri, 10 iyun 2022-ci il.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 3 Ortalama: 3.7]

Back to top button