Mədəniyyət

Əlibaba Məmmədovun xatirəsinə həsr olunmuş tədbir keçirildi

Görkəmli muğam ustadı, Xalq artisti, professor Əlibaba Məmmədovun Azərbaycan musiqisinin inkişafında xidmətləri əvəzsizdir. Əlibaba Məmmədov milli ifaçılıq sənətinin inkişafına mühüm töhfələr verib, yeni xanəndələr nəsli yetişdirib, eyni zamanda bəstələdiyi mahnı və təsniflərlə musiqi tariximizdə silinməz iz qoymuşdur. Xanəndənin ifasında “Bayatı-Şiraz”, “Dəşti”, “Şur” və başqa muğam və təsniflər Azərbaycan Radiosunun “qızıl fondu”nda qorunub saxlanılır. Əlibaba Məmmədov həm də 100-dən çox mahnı və təsnifin müəllifidir.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış edəcəkdir. Sonra söz “İrsimizin tədqiqi və təbliği ictimai birliyi”nin sədri, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızına veriləcəkdir.

Əlibaba Məmmədovun xatirəsinə həsr olunmuş tədbirdə Səadət Təhmirazqızının müəllifi olduğu “Ustad xatirələrdə” kitabının təqdimatı keçiriləcək və onun ssenari müəllifi olduğu unudulmaz xanəndənin yaradıcılığına həsr olunmuş “Bizim ustad” sənədli filmi nümayiş olunacaqdır.

Tədbirdə musiqi ictimaiyyəti – Əlibaba Məmmədovun sənət dostları, tələbələri, muğam ifaçıları, musiqiçilər çıxış edərək xanəndə ilə bağlı xatirələrini bölüşəcəklər. Bütün çıxışlar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyalarından Əlibaba Məmmədovun həyat və yaradıcılıq yolunu əks etdirən slayd-şou ilə müşayiət olunacaqdır.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button