Mədəniyyət

“İpək yolu” Beynəlxalq Musiqi Festivalının üçüncü günü də yadda qalan oldu- Fotolar

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən XII Şəki “İpək yolu” Beynəlxalq Musiqi Festivalının üçüncü günü də yadda qalan oldu.

5 iyul saat 20.00-da Marxal Yay teatrında baş tutan konsert proqramı Türkiyədən təşrif buyuran Safranbolu Bələdiyyəsi nümayəndələrinin səhnəyə dəvəti ilə başladı. Belə ki, Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və Azərbaycanın Türksoydakı nümayəndəsi səhnəyə çıxaraq Safranbolu Bələdiyyəsinin başqanı Elif xanımı və nümayəndə heyətini salamlayıb, onları xüsusi mükafatlarla təltif etdilər. Qeyd edək ki, Festivala təşrif gələn Safranbolu Bələdiyyəsi Xalq Oyunları qrupu 7 iyul tarixində Şəkinin şəhər günündə çıxış edəcəklər (qeyd: 2019-cu il 7 iyul tarixində Şəki şəhərinin tarixi hissəsi və Xan sarayı YUNESCO-nun Maddi-Mədəni İrs siyahısına daxil edilib).
Safranbolu Bələdiyyə nümayəndələrinin təltifindən sonra səhnəyə Qazaxıstanın Akmolin vilayəti Filarmoniyasının “Aylakol” və “Qəkku” folklor kollektivləri dəvət olundu.
Qazaxıstandan təşrif buyuran folklor kollektivləri zəngin repertuarla çıxış etdilər. Belə ki, XII Şəki “İpək yolu” Beynəlxalq Musiqi festivalının konserti tamaşaçılarda Qazax musiqi folkloru barədə xoş təəssürat yaradıb və sanki dolğun məlumat aşıladı. Ümumiyyətlə, bu kollektivlər peşəkar musiqiçilərdən ibarətdir və onlar müxtəlif Beynəlxalq Festivallarda iştirak ediblər.

Onların ifasında unudulmaz bəstəkarımız Cahangir Cahangirovun “Yenilməz batalyon” kinofilminə bəstələdiyi musiqidən Teymurun mahnısı səslənərkən bütün Festival izləyiciləri bu mahnını daha çox sürəkli alqışlarla qarşıladılar. Bu da Qazaxıstan və Azərbaycan dostluğunun bir təzahürü idi.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button