Mədəniyyət

ULU ÖNDƏR VƏ QARAYEV MƏKTƏBİ

23 iyun, 2023-cü il tarixində Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına Konsert salonunda “Heydər Əliyev–100” tədbirlər silsiləsi çərçivəsində “Ulu öndər və Qarayev məktəbi” adlı tədbir keçirildi.

Tədbir Ulu öndərin 100, Qara Qarayevin anadan olmalarının 105 illiyinə həsr edilmişdir. Giriş sözü ilə çıxış edən Respublikanın Xalq artisti, AMEA-nın müxbir üzvü, YUNESCO-nun “Sülh” artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə Ulu öndər Heydər Əliyevin Azərbaycan musiqi mədəniyyətinə göstərdiyi qayğı və diqqətdən söhbət açdı. O, Heydər Əliyevlə Qara Qarayev dostluğundan da danışdı. Firəngiz xanım öz çıxışında Qara Qarayevin bir bəstəkar və bir müəllim kimi Azərbaycan musiqi mədəniyyətinə verdiyi töhfələrdən bəhs etdi. Eyni zamanda Qara Qarayevin ictimai fəaliyyətini də vurğuladı.
Tədbirin aparıcısı sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı mövzu ilə bağlı çıxış edərək Qara Qarayev məktəbinin yetirmələrinin Azərbaycan musiqi mədəniyyətində mövqeyini də xüsusi vurğuladı. O, Heydər Əliyev və Qara Qarayev məktəbi adlı tədbirin bir arada keçirilməsinin Ulu öndərin musiqi mədəniyyətimiuzə göstərdiyi qayğının yüksək təzahürü kimi şərh etdi.
Tədbirdə Bakı şəhər Qara Qarayev adına 8 saylı 11 illik İncəsənət məktəbinin və Sumqayıt şəhər Qara Qarayev adına 1 saylı Uşaq Musiqi məktəbinin şagirdlərinin ifasında Qara Qarayevin əsərləri səsləndi. Bu təhsil ocaqlarının rəhbərləri Əməkdar artist Əziz Qarayusifli və Vüqar Hacıyev onları öz kollektivləri ilə belə bir tədbirə dəvət etdiyi üçün şəxsən Firəngiz Əlizadəyə təşəkkürlərini bildirdilər.
İki dahinin Heydər Əliyev və Qara Qarayevin xatirəsinə ithaf olunan bu tədbirdə Qarayevin musiqisi ilə yanaşı onun yetirmələrinin Xalq artistləri Firəngiz Əlizadə, Tofik Bakıxanov və Azər Dadaşovun Heydər Əliyevə həsr olunan əsərləri səsləndi.
Tədbirdə Səadət Təhmirazqızının baş redaktoru olduğu “Musiqi aləmində” jurnalının Qara Qarayevə həsr olunan nömrəsi də təqdim olundu.
Sonda çıxış edən Qara Qarayevin qızı Züleyxa Qarayeva-Bağırova tədbirin iştirakçılarına və təşkilatçılarına öz təşəkkürünü bildirdi. Onu da qeyd edək ki, bu tədbir Azərbaycan Bəstəkarlar İttifaqı və Qara Qarayevin ev muzeyi ilə birgə təşkil olunmuşdur. Odur ki, Qara Qarayevin layiqli və dünya şöhrətli tələbəsi bəstəkar Firəngiz Əlizadə Qara Qarayevin ev muzeyinə öz hədiyyəsini bağışladı.

Tədbir iştirakçıları xatirə şəkilləri çəkdilər.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button