Üzeyir Hacıbəyli “Beynəlxalq Musiqi Festivallarından elmi məqalələr” kitabının təqdimatı oldu.
3 aprel, 2024-cü il, saat 14.00-da Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda “Azərbaycan Bəstəkarlar İttifaqında keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivallarından elmi məqalələr” kitabının (Bakı, “Mütərcim”, 2024) təqdimatı oldu.
Tədbiri layihənin rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə açaraq ölkəmizdə keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi festivallarının əhəmiyyətindən danışaraq Bəstəkarlar İttifaqının da bu festivallarda fəal iştirakını qeyd etdi. Bu mənada festival çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqında elmi konfransların keçirilməsi sanki bir ənənəyə çevrilib. Firəngiz xanımın qeyd etdiyinə görə həmin konfranslarda çıxış edən musiqişünaslar Üzeyir bəy yaradıcılığının daha dərin qatlarını tədqiq edərək maraqlı çıxışlar ediblər. Bu elmi konfranslarda Üzeyir bəyin yaxın silahdaşı Müslüm Maqomayevin yaradıcılığından da bəhs olunub. Firəngiz xanım onu da qeyd etdi ki, yeni topluya daxil olan məqalələr məhz bu illər ərzində festival çərçivəsində elmi konfranslarda iştirak edən müəlliflərin çıxışları əsasında tərtib olunub. Bu məqalələr toplusunu o, həm də Azərbaycan Bəstəkarlar İttifaqının 90 illik yubileyi ilə əlaqələndirib yubiley çərçivəsində daha bir neçə maraqlı nəşrlərin və tədbirlərin olmasını söylədi.
Kitaba aşağıdakı müəlliflərin məqalələri daxil edilib: Zemfira Səfərova – “Üzeyir Hacıbəylinin elmi irsi türk xalqlarının musiqisi müstəvisində”, Rəna Məmmədova – “Hüseynqulu Sarabski Üzeyir Hacıbəylinin operalarının ilk tamaşalarında”, Zemfira Qafarova – “Azərbaycan opera incəsənətində “Koroğlu” ənənələri”, Sürəyya Ağayeva – “Azərbaycan muğamlarının səs sisteminin tədqiqi problemlərinə dair”, Fəttah Xalıqzadə – “Üzeyir Hacıbəyli yaradıcılığının etnomusiqişünaslıq elminin inkişafında rolu”, Könül Nəsirova – “Üzeyir Hacibəylinin “Leyli və Məcnun” operasının Amerika səhnəsində balet təcəssümü”, Ülkər Talıbzadə – “Üzeyir Hacıbəylinin “Sənsiz” və “Sevgili canan” qəzəl-romanslarının musiqi-mətn əlaqələrində intonasiya uyğunluğu”, Ülkər Talıbzadə -“Üzeyir Hacıbəyli şəxsiyyəti Zemfira Səfərovanın elmi yaradıcılığında”, Sərdar Fərəcov – “Üzeyir Hacibəyli və erməni sənətçilərin “mədəni” təcavüzü”, Kamilə Dadaşzadə – “Üzeyir Hacıbəylinin “Koroğlu” operasında epik koqnitiv modellərin təfsirinə dair”, Hafiz Quliyev – “Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsəri xarici ölkə teatrlarının səhnələrində”, Güllü İsmayılova – “Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası əsasında çəkilən filmin yaranma tarixi və ekran həyatı”, Leyla Zöhrabova – “Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” elmi işinin milli musiqişünaslığın inkişafında rolu”, “Azərbaycan bəstəkarlıq məktəbinin yaranıb formalaşmasında Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin birgə fəaliyyəti”, Aytac Rəhimova – “Xalq musiqisiqimizin bərabər temperasiya sisteminə keçməsində Üzeyir Hacıbəylinin rolu”, Səadət Təhmirazqızı – “Üzeyir Hacıbəyli və Müslüm Maqomayev dostluğu məktubların izi ilə”, “Üzeyir Hacıbəyli irsinin radio və televiziyada təbliği”, Jalə Qulamova – “Üzeyir Hacıbəylinin “Koroğlu” operasının TÜRKSOY xətti ilə səhnəyə qoyulması”, Həbibə Məmmədova – “Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin opera yaradıcılığında qəhrəmanlıq mövzusu”, Rauf Bəhmənli – “Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin yaradıcılığında xalq rəqslərinin tədqiqi və istifadəsi məsələləri”.
Tədbirdə bu müəlliflərin əksəriyyəti iştirak edərək bir daha Üzeyir bəylə bağlı öz fikir və düşüncələrini bölüşdülər. Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova, sənətşünaslıq üzrə elmlər doktoru Kamilə Dadaşzadə, nəşrin redaktorları, Sənətşünaslıq üzrə fəlsəfə doktorları, dosentlər Günay Məmmədova və Aytən Babayeva da çıxış edərək bu kitabı Üzeyir bəy irsinə daha bir töhfə olduğunu xüsusi vurğuladılar.
Təqdimat mərasimində Xalq artisti Ülviyyə Hacıbəyova, Əməkdar artistlər Gülnaz İsmayılova, Fərid Əliyev və pianoçular Günel Rəhimova, Gülnaz Eldarlının ifasında Üzeyir Hacıbəylinin əsərlərindən nümunələr səsləndi.
Tədbirin aparıcısı Bəstəkarlar İttifaqının baş məsləhətçisi Sevda Hüseynova idi.
Analoq.az