Mədəniyyət

GƏNCƏDƏ ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEVİN 100 İLLİK YUBİLEYİ KEÇİRİLDİ

Gəncənin tarixində Azərbaycan xalqının
qəhrəmanlığını, müdrikliyini, böyüklüyünü
nümayiş etdirən çox böyük və əziz səhifələr var.
HEYDƏR ƏLİYEV

Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, azərbaycanlıyam – deyən Heydər Əliyev üçün bütöv bir Azərbaycan vardı. O, bütün ömrünü fədakarlıqla doğma Azərbaycanın rifahı üçün yaşadı, fəaliyyətini Azərbaycanın və bu məmləkətin insanlarının inkişafına, firavan yaşamasına və Azərbaycanın dünyada tanınmasına həsr etdi. Öz möhtəşəm tarixi xidmətləri, Vətənə, insanlara olan sevgisi ilə hər kəsin sevimlisinə çevrildi. Odur ki, indi hər bir azərbaycanlı bu dahi şəxsiyyətin anadan olmasının 100 illik yubileyinə öz töhfəsini verməyə çalışır.

“İrsimizin tədqiqi və təbliği” İctimai Birliyinin “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” layihəsi də məhz bu qəbildəndir.

Azərbaycan Respublikası Qeyri Hökümət Təşkilatlarına Dəstək Aqentliyinin Maliyyə dəstəyi və “İrsimizin tədqiqi və təbliği” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” layihəsi çərçivəsində ilk tədbir Azərbaycanın qədim tarixə malik və dilbər guşələrindən olan Gəncə şəhərində keçirildi. 11 avqust 2023-cü il tarixində Gəncə şəhər Heydər Əliyev Mərkəzində gəncə ziyalılarının iştirakı ilə “Heydər Əliyev və nitq mədəniyyəti” adlı elmi seminar oldu.

Tədbiri Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor səlahiyyətini icra edən İlknur İsgəndərova açaraq qonaqları salamlayıb, Gəncə şəhər Heydər Əliyev Mərkəzi haqqında onlara məlumat verərək, sözü “İrsimizin tədqiqi və təbliği” İctimai Birliyinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızına verdi. O, “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” layihəsi haqqında iştirakçılara ətraflı məlumat verərək layihə çərçivəsində görüləcək növbəti işlərdən də danışdı. Sonra isə Gəncə Dövlət Universitetinin dissertantı, Gəncə şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Aynur Şıxıyeva tədbiri idarə edərək mövzuları və çıxışları elan etdi. Əvvəlcədən hazırlanmış proqrama əsasən elmi seminarın adına uyğun mövzular səsləndi. Belə ki, filologiya üzrə fəlsəfə doktoru, AMEA Gəncə Bölməsi Humanitar Tədqiqatlar İnstitutu Ədəbiyyat şöbəsinin müdiri Ruziyə Quliyeva “Ümummilli lider Heydər Əliyevin müdrik kəlamları”, AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov “Heydər Əliyev və Gəncə ədəbi mühiti”, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, dosent, “Nizami Gəncəvi” Mərkəzinin böyük elmi işçisi Aləmzar Tağıyeva “Ulu öndər Heydər Əliyevin natiqlik məharəti”, Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğunun Nizami məqbərəsi filialının müdiri Gülnarə İsmayılova “Heydər Əliyev və Nizami irsi”, Gəncə şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru, Gəncə Dövlət Universitetinin dissertantı Aynur Şıxıyeva “Ümummilli lider Heydər Əliyev və milli musiqimiz” adlı mövzularla çıxış etdilər.
Tədbirdə Gəncə şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbi müəllimlərinin ifasında musiqi nümunələri də səsləndi. Rüstəm Cəfərov və Aişə Cəfərovanın ifasında Ü.Hacıbəylinin ölməz Nizaminin qəzəlinə “Sənsiz” romansı, pianoçu Gülcan Qasımovanın ifasında Ulu öndərin çox sevdiyi əsərlərdən Xalq mahnısı “Küçələrə su səpmişəm”, F.Əmirovun “Mən səni araram” və C.Cahangirovun “Alagöz” mahnıları səsləndi.
Tədbirin sonunda “İrsimizin tədqiqi və təbliği” İctimai Birliyinin sədri Səadət Təhmirazqızı yenidən çıxış edərək Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəhbərliyinə və əməkdaşlarına, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşlarına, eləcə də tədbirdə iştirak edən Gəncə ziyalılarına və qazilərə təşkilatı adından öz təşəkkürünü bildirdi. O, eyni zamanda belə bir layihənin həyata keçirilməsinə dəstək olduqları üçün Azərbaycan Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Aqentliyinin rəhbərliyinə və əməkdaşlarına da minnətdarlıq etdi.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button