Mədəniyyət

XII ŞƏKİ “İPƏK YOLU” BEYNƏLXALQ MUSİQİ FESTİVALI

Bu il yenidən görkəmli incəsənət xadimləri və çoxsaylı musiqiçiləri öz ətrafına toplayan XII Şəki “İpək yolu” Beynəlxalq Musiqi Festivalı yenidən öz işinə başladı.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı, eyni zamanda Şəki Şəhər İcra Hakimiyyətinin böyük səylərı ilə bu Festival 11 ildir ki, ugurla həyata keçirirlir.
Bu Festivalın Azərbaycanımızın dilbər guşələrindən biri olan qədim Şəki torpagında keçirilməsi bir neçə mənada mühüm əhəmiyyət kəsb edir. Əvvəla, bizim xalqımıza xas olan zəngin tarixin və mədəniyyətin, mədəni irsimizin, tarixi abidələrimizin təbliği, bölgənin turizm potensialının inkişafı və bu kimi amillərdə Festivalın mühüm təsiri var.
Festivalda çıxış etmək üçün müxtəlif ölkələrin musiqiçilərinin bizim sənətkarlarla tanışlığı, ünsiyyəti və bu münasibətlərin hətta dostluga çevrilməsi festivalın xalqlar arasında mənəvi körpü olmasının bariz nümunəsidir. Bu ilki festivalda Türkiyə, Çin, Qazaxistan, Özbəkistan Respublikalarından təşrif buyuran musiqiçilər öz çıxışları ilə ölkəmizlə olan dostluq münasibətlərini nümayiş etdirərək Festivala da xüsusi rövnəq verəcəklər.
Artıq gözəl bir ənənəyə çevrilən bu rənğarənğ musiqi bayramı həm Şəki sakinlərinə, həm Festival iştirakçılarına, həm də çoxsaylı turistlərə yüksək bədii zövq aşılayır. Onu da qeyd edək ki, Festival, qədim tariximiz, milli-mənəvi dəyərlərimiz, incəsənətimiz və bu kimi sərvətlərimiz barədə dolğun təəssürat yaratmaq missiyasını layiqincə yerinə yetirməyə qadirdir.
Beləcə öz işini uğurla davam etdirən Festivalın 3 iyul saat 20.00-da Şəkinin gözəl, mənzərəli guşələrindən olan Marxal Yay teatrında təntənəli açılış mərasimi oldu. Mərasimdə Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qonaqları və iştirakçıları salamlayaraq belə möhtəşəm bir Festivalın Şəkidə keçirilməsindən böyük məmnunluqla söhbət açdı. Festivalın bədii rəhbəri Azərbaycan Respublikasının Xalq artisti, YUNESKO-nun “Sülh artisti”, professor Firəngiz Əlizadə bu ilki Festivala da ciddi hazırlıqdan və Festivalın işinə həm Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, həm də Türksoyun göstərdiyi dəstəyi xüsusi qeyd edərək, festivala ev sahibliyi edən Şəki şəhər İcra Hakimiyyətinin rəhbərliyinə, əməkdaşlarına və ümumən Şəki camaatına böyük təşəkkür və minnətdarlığını bildirdi.
XII Şəki “İpək yolu” Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi Respublikanın Xalq artisti, YUNESKO-nun “Sülh artisti”, professor Firəngiz Əlizadənin vətənpərvərlik ruhunda “İntizar” operası ilə davam olundu. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistlərinin ifasında təqdim olunan operanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, musiqi rəhbəri Əməkdar artist Əyyub Quliyev, xormeyster Əməkdar incəsənət xadimi Sevil Hacıyeva idi. Əsərdə iştirak edən tanınmış ifaçılar Azərbaycanın Xalq artisti Əkrəm Poladov, Azərbaycan Respublikasının Əməkdar artistləri İnarə Babayeva, Səbinə Vahabzadə, İlahə Əfəndiyeva, Ramil Qasımov, Tural Ağasiyev və Aysel İbrahimova, Fəhmin Əhmədli, Taleh Yahyayev öz çıxışları ilə təbiət qoynunda gözəl ifa nümayiş etdirərək tamaşaçıların vətən sevgisinə və vətənpərvərlik hissinə xüsusi rövnəq verdilər.
Ümumiyyətlə, “İntizar” operası öz bədii məzmunu ilə həm xalqımızın bədxahlar tərəfindən məruz qaldığı faciəvi yaşantıları, həm də böyük vətən sevgisi və mübarizliyini özündə əks etdirən tarixi bir əsərdir. Bu opera eyni zamanda Firəngiz Əlizadə yaradıcılığının da zirvəsidir.
Festivalın açılış mərasimi üçün məhz – “İntizar” operasının seçilməsi də təsadüfi deyildi. Bu həm vətənpərvərlik mövzusunun tərənnümü, həm də festivalın ənənələrinə uyğun olaraq klassik musiqi janrlarının təbliği ilə bsğlıdır. Xatırladaq ki, ötən illərdə keçirilən festivallarda Ü.Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm”, M.Maqomayevin “Şah İsmayıl” və F.Əmirovun “Sevil” operaları nümayiş olunub. Bu və ya digər səhnə əsərlərinin Şəkidə xüsusən də təbiət qoynunda təqdimatı tamaşaçıların klassik musiqi janrlarına o cümlədən, operaya marağının artmasına müsbət təsir göstərən amillərdəndir.
Beləliklə, XII Şəki “İpək yolu” Beynəlxalq Musiqi Festivalında Firəngiz Əlizadənin “İntizar” operası böyük maraqla və sürəkli alqışlarla qarşılandı.
Tamaşanın nümayişindən sonra yenidən Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və Festivalın bədii rəhbəri Xalq artisti Firəngiz Əlizadə səhnəyə çıxaraq ifaçılara təşəkkürlərini bildirdilər. Operanın quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev, dirijor Əməkdar artist Əyyub Quliyev yaradıcı heyət adından Festivalın təşkilatçılarına və tamaşaçılara minnətdarlığını bildirdilər.
Festivala təşrif buyuran Azərbaycanın Türksoydakı nümayəndəsi Elçin Qafarlı da Türksoyun başkanı adından həm təbriklərini, həm də töhfələrini çatdırdı. Belə ki, bu il Türksoyun yaranmasının 30 illiyi münasibətilə Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və Xalq artisti, Festivalın bədii rəhbəri Firəngiz Əlizadəyə Türksoyun simvolik hədiyyəsini, Azərbaycan Akademik Opera və Balet teatrının bir qrup yaradıcı heyətinə isə diplom və sertifikatlar təqdim etdi.
Beləliklə, dağlar qoynu Şəkidə XII Şəki “İpək yolu” Beynəlxalq Musiqi Festivalının ilk günü xüsusi təntənə və uğurla başa çatdı.
Festival iyulun 7-nə qədər davam edəcək.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button