Maraqlı

Susan bülbülün naləsi

Bu gün gənc yaşında həyatdan köçən, arzuları yarımçıq qalan, sazımızın ah-nalələrindən, sarı simlərindən biri Azər Xanlaroğlunun doğum günüdür!

Bülbülün susması dəhşət olur. Elə dəhşət ki, adamın ağlını başından oynadır. Bülbül kimi cəh-cəh vuran aşıqlarımız çox olub, bu gün də var. Amma sazı bülbül kimi oxudan bircə aşığımız vardı-bülbül taleli, bülbül naləli Azərimiz…
Azər sazı danışdırırdı, onun barmaqları saza ah -nalə dili öyrədirdi. Azər sazda öz dərdinin, öksüz bəxtinin əlifbasını yaradırdı. Bu əlifba 35 səsdən, 35 hərfdən ibarət oldu. Azər sazda öz nakam tale hekayətini danışırdı. Məgər siz duymurduz? Yoxsa duyub ağrıdan qovrula -qovrula Azərin pərdələrdə, simlərdə nalə qoparan barmaqlarına yalvarirdınız?!
Bülbül gülə, gül bülbülə yalvaran kimi. Azər sazdan saz Azərdən doymadı, bezmədi, usanmadı. Tellər oldu Azərin ata -anası, övladı, yarı yoldaşı. Azər yarımadı dünyada. Amma telli saz Azərdən yarıdı. Nakam adamlar saza daha doğma olur. Çünki saz havalarının çoxu dünyadan kam almayan insanların ah naləsinin, ürək sızıldadan hekayətinin ritmləri üstə yaranıb. Saz ona görə də kamil aşığın sinəsində dil açıb danışır. Azər sazı danışdıranda başqa əhval üstə köklənərdi. Kökü saza bağlı olduğundan təzganəni simlərə vuran kimi dinləyicini saza kökləyirdi…
Azər büsbütün özünü saza çökdürən, sazı da özünə hopduran bir sənətkar kimi aşıq sənəti tarixində qalacaq, solo saz ifaçılığından söz düşəndə Azərin adı ilklər sırasında bərqərar olacaq, necə də ki, bərqərardır.
Azər Azərbaycan aşıq sənətinin sütunlarından biri olan ustad Xanlar Məhərrəmovun yeganə oğlu idi. Atasının sənətini davam etdirdi, saza könül bağladı, amma aşıqlıqda onu atasına görə yox, özünə görə tanıdılar. Düzdür, Xanlar əminin oğlu olduğunu hamı bilirdi. Lakin dinləyici, tamaçı ona Xanların oğlu kimi yox sənətkar kimi hörmət edir, dinləyirdi. Yəni Azər ata mirası sazı həm də öz yolunda, izində inkişaf etdirib təqdim edə bilirdi. Sözümün canı odur ki, Azəri öz istedadına, sənətinə görə tanıyıb qiymətləndirirdi sazsevərlər. Sözsüz ki. Xanlar Məhərrəmovun oğlu olmaq da ona əlavə dvidentlər gətirirdi, ancaq bununla belə, o Azər kimi sənətdə öz yerini tuta bildi.
Azəri çoxdan tanıyırdım. Sakit təbiətli oğlan idi. Atalarımızın dost olması, üstəlik də qayıatam Əsgər Həsənovla da Xanlar əminin dostluğu bizim səmimiyyətimizi daha da artırırdı. Azəri sonuncu dəfə Beynəlxalq Muğam Mərkəzində Azərbaycan aşıq sənətinin zirvələrindən biri Ədalət Nəsibovun xatirə gecəsində gördüm. Səhnə arxasında bütün aşıqlar söhbət edir, deyir-gülür danışırdılar. yalnız Azər uzaqda-pilləkanların üstündə dayanıb sakit-sakit ətrafa baxırdı. Azərin susqunluğunun, sükutunun özü bir aləm idi…Salamlaşdıq, hal-əhval tutduq. Amma keyfsiz idi…Nə bilirdik ki, çoxlarımız Azəri sonuncu dəfə görürük. Bildiyim qədər Azərin son ifalarından biri də Dədə Ədalətin xatirə gecəsində oldu. Bəlkə də o özündə güc tapıb illərlə sənətinin pərəstişkarı olan insanlarla səhnədən vidalaşmaq istəyirdi. Kim bilir Azər səhnəyə çıxanda hansı hissləri keçirmişdi?
Azər xəstəlikdən danışmağı sevməzdi. Hətta mən özüm dəfələrlə səhhətini soruşanda demişdi ki, əmiqızı, xəstəlikdən danışmayaq, hər şey əladır…Kaş ki…kaş ki, hər şey əla olaydı…Amma olmadı…
Hərdən bir düşünürəm ki, Azər az yaşasa da, ömrü qısa olsa da, əslində başqa sənətkarların bir neçə onillikdə edə bilmədiklərini qısa bir müddətdə edə bildi. Yaddaşlarda gənc, lakin çox istedadlı, dəyərli, sabahlar üçün də var olan bir sənətkar kimi qaldı…
Azərin sazından ürəklərimizə toxunan, könüllərimizə qanadlanan bülbül naləsini biz heç zaman unuda bilmərik. Azər unudulmazdı…
İradə SARIYEVA

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 4]

Back to top button