Cəmiyyət

Ölkədə yayımlanan televiziya kanalları və radioları biabırçı vəziyyətdədir

Ölkədə yayımlanan televiziya kanalları və radioları biabırçı vəziyyətdədir. Kanalları qoyaq kənara, çünki onlar artıq qırmızı xətti keçib . Keçək radio kanallarına.

Hər səhər işə gedən zaman və işdən qayıdarkən musiqi dinləmək üçün radionu açıram, musiqidən başqa nə səviyyəsizlik desəniz eşidirəm. Adlarını aparıcı qoyan iki-üç nəfər şəxs sanki çayxanada oturub bir-biri ilə şit zarafatlar edib, küçə sözləri işlədərək, özləri deyib, özləri gülürlər. Bu azmış kimi, əcaib səslər çıxarıb səviyyəsizlik edirlər. Hətta radioya zəng edib efirə qoşulan boş bekar adamlarla lağ-lağı edib, məsxərəyə qoyub, sonra da üzlərinə dəstəyi asırlar.

Düzdür, elələrinə haqq edirlər! Adama deyərlər, sənin işin-gücün yoxdur radioya zəng edib yaltaqcasına “sizi çox sevirik”, “hər gün sizi dinləyirik” deyib, sonra da aşağılanırsınız?!

Mənə çox maraqlıdır, bu insanları radioya kim buraxır? Tutaq ki, radio rəhbəri də bunların tayıdır, bəs aidiyyəti qurumlar hara baxır, ölkə radiolarındakı bu qədər səviyyəsizliyi görmürlər? Evimizin, avtomobilimizin içinə girən tv və radio kanalları nə vaxta kimi belə səviyyəsizlik edib cəmiyyəti zəhərləyəcəklər?

Təklif edərdim, həmin o aparıcılar efirdən sonra özlərinə kənardan qulaq assınlar. Amma bilirəm ki, veclərinə olmayacaq. Çünki, onların səviyyəsi elə o qədərdir.
Bu yaxınlarda sosial şəbəkələrdə son zəng tədbirlərində şagirdlərin dinləyib oynadıqları meyxana tipli “musiqilər” qınağa çevrildi. Biri həmin o şagirdlərin valideynlərini, digəri təhsil nazirliyini qınadı. Haqsız da deyillər! Amma deyərdim ki, o uşaqların ən çox tərbiyyəsinə birbaşa təsir edən amillərdən başılıcası tv və radio kanallarındakı səviyyəsizliklərdir! Vaxt gələcək gənc nəsli zəhərləyənlər və bu işə dəstək olanlar peşman olacaqlar, amma artıq çox gec olacaq!

Tural Qoca

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button