Mədəniyyət

“MUSİQİ ALƏMİNDƏ” jurnalı işıq üzü görüb

Azərbaycan musiqi mədəniyyətinə, musiqisevərlərə böyük bir töhfə oldu. 18 sentyabr Üzeyir Hacıbəylinin doğum günü – Milli Musiqi Günündə “Musiqi aləmində” jurnalının təqdimatı keçirildi. Jurnal Azərbaycan Respublikası Ədliyyə Nairliyinin 27 iyul 2007-ci il tarixli 32T nömrəli əmrinə əsasən 11-03-2014-cü il 3867 nömrəli qərarı ilə nəşr olunur. Jurnalın ilk nəşri dahi bəstəkarımız Üzeyir Hacıbəylinin əziz xatirəsinə həsr olunur.

Bununla yanaşı burada həmçinin bir neçə nəşrlərin də təqdimatı keçirildi. Tədqimatda giriş sözü kimi Xalq artisti, Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru Sərdar Fərəcov, Milli Konservatoriyanın elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova, professor İmruz Əfəndiyeva və b. çıxış edərək nəfis jurnal və kitabların nəşrinin azərbaycan musiqi mədəniyyətində xüsusi əhəmiyyətini və rolunu qeyd edərək öz müsbət rəylərini bildirdilər.

Jurnalın yaranmasında əsas məqsədimiz unudulmaz sənətkarlarımızın yaradıcılıqlarının peşəkar qələm sahiblərin, musiqişünasların publisistik yazılarında işıqlandırılması, bəstəkarlarla bağlı maraqlı faktların, ölkəmizin musiqi həyatında baş verən Respublika və Beynəlxalq əhəmiyyətli tədbirlərin, musiqi məktəblərində ümumən də musiqi ocaqlarında çalışan müəllimlər, istedadlı şagird və tələbələr haqqında yazıların, Respublikamızda fəaliyyət göstərən musiqi məktəblərinin təbliği, musiqi haqqında, onun hikmətləri barədə və bu kimi mövzularda məqalələrin təqdim olunmasıdır.

“Musiqi aləmində” jurnalı bu bölmələri əks etdirir: “Ustadlarımız”, “Musiqinin hikmətləri”, “Ey hörmətli müəllim”, “Bizim məktəb”, “Onları tanıyaq”, “Vətən nəğmələrimiz”, “Düşüncələr”, “Bunları bilirdiniz?”.

“Ustadlarımız” bölməsində jurnalın redaktoru və təsisçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının “Heydər Əliyev dühası və Üzeyir Hacıbəyli irsi”, “Üzeyir dünyası layihəsi”, Ü.Hacıbəyli adına BMA-nın Elmi-tədqiqat laboratoriyasının elmi işçisi Fidan Nəsirova-Əhmədovanın “Əbədi ömrün izləri”; “Musiqinin hikmətləri” bölməsində – Azərbaycan Televiziyası və Radio verilişləri QSC-nin “Musiqi verilişləri” redaksiyasında baş redaktor Dilşad Tahirqızının “Müdriklər musiqi haqqında”; “Ey hörmətli müəllim!” bölməsində – sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aytən Babayevanın “Görkəmli alim və müəllim”; “Bizim məktəb” bölməsində – Ağcabədi, Mingəçevir, Sabirabad şəhərlərində fəaliyyət göstərən Üzeyir Hacıbəylinin adını daşıyan Uşaq Musiqi İncəsənət məktəblərinin fəaliyyəti ilə bağlı; “Onları tanııyaq” bölməsində – Səadət Təhmirazqızının “Cəmilin uğurları”, “Bu uşaq muğamı böyüklər kimi oxuyur”, Fidan Nəsirova-Əhmədovanın “Afərin, gənc istedadlar!”; “Vətən nəğmələri” bölməsində – musiqişünas Nuray Əliyevanın “Üzeyir Hacıbəyli “Yaxşı yol”; “Düşüncələr” bölməsində – Ü.Hacıbəyli adına BMA-nın Elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Məhəmməd Vəliyevin “Dahi sənətkarımız Üzeyir Hacıbəyli”, Səadət Təhmirazqızının yazdığı “Dahi Üzeyir” şeiri; “Bunları bilirdiniz?” bölməsində musiqişünas Nuray Əliyevanın məqalələri dərc olunub.

Əminik ki, işıq üzü görən “Musiqi aləmində” jurnalı musiqi ictimaiyyətinə, musiqisevərlərə bir mənəvi körpü rolunu oynayacaq.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button