Mədəniyyət

XII ŞƏKİ “İPƏK YOLU” BEYNƏLXALQ MUSİQİ FESTİVALININ 4-CÜ GÜNÜ

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə həyata keçirilən XII Şəki “İpək yolu” Beynəlxalq Musiqi Festivalı öz işini uğurla davam etdirir. Festivalın 4-cü günü 6 iyul tarixi də yadda qalan çıxışlarla zəngin oldu. Həmin gün Festival öz işinə Şəki Musiqi Kollecindən başladı. Onu da qeyd etməliyik ki, hər il “İpək yolu” Musiqi Festivalında şəkili musiqiçilər də çıxış edirlər. Xüsusən Musiqi Kollecində keçirilən görüşlər daha əhəmiyyətlidir. Çünki hər dəfə Festival çərçivəsində Kollecin müəllim və tələbə heyəti Festivalın bədii rəhbəri, Xalq artisti, YUNESCO-nun “Sülh” artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə və onunla gələn nümayəndə heyəti ilə görüşdə öz fikirlərini, problemlərini, arzu və istəklərini bildirir, maraqlı repertuarla çıxış edirlər. Hətta, 2010-cu ildə Firəngiz xanım Əlizadə öz şəxsi royalını da Kollecə hədiyyə edib. “İpək yolu” Beynəlxalq Musiqi Festivalının 4-cü günündə Kollecin müəllim və tələbələri də öz çıxışlarını Festivalın 12-ci ildönümünə ərməğan etdilər. Əvvəlcə Kollecin direktoru Sərdar Şərifov çıxış edərək qonaqları salamlayıb sözü musiqiçilərə verdi. Onlar aşağıdakı repertuarla çıxış etdilər.

Belə ki, Gülnar Həsənova Fikrət Əmirov və Andrey Babayevin Xalq çalğı alətləri və fortepiano üçün konsertin final hissəsini (Orkestrin bədii rəhbəri və dirijoru Mənsur Qaffarov), III kurs tələbəsi Qəşəng Fətəliyevanın ifasında musiqisi Mənsur Qaffar, sözləri Qabil Ədalətə aid “Ulu öndər” mahnısı və Xacı Xanməmmədov, sözləri Mikayıl Müşfiqə aid olan “Yenə o bağ olaydı”, xalq çalğı alətləri orkestrinin ifasında Adil Gərayın “Bağça-Kürd” əsəri və Qənbər Hüseynlinin “Qartağı” əsəri, skripka ansablının ifasında Yevgen Doqanın “Vals”ı və Tofiq Quliyevin “Etibar” mahnısı tamaşaçılara təqdim olundu. Konsertin sonunda xorun ifasında İsmayıl Əliyevin Xıdır Alovlunun sözlərinə bəstələdiyi Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Təntənəli oda” əsəri səsləndi.

Tədbirin sonunda Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək iştirakçılara təşəkkür etdi və Sərdar Şərifova hər il Festivalın işində fəal iştirak etdiyinə görə xüsusi minnətdarlığını bildirdi. Firəngiz xanım Musiqi Kollecinə bir neçə musiqi kitabları o cümlədən, musiqişünas Səadət Təhmirazqızının tərtibatçı-müəllif olduğu və Bəstəkarlar İttifaqının nəşr etdirdiyi “Heydər Əliyev və musiqi mədəniyyəti”, “İlham Əliyev və musiqi mədəniyyəti” silsilə kitablarını hədiyyə etdi. Sonda 12-ci “İpək yolu” Festivalından xatirə şəkli çəkildi.

Festivalın 4-cü günü 6 iyul saat 20.00-da Şəkinin Marxal Yay teatrında Özbəkistandan gələn Daşkənd Vilayət Filarmoniyasının “Nurəfşan” ansamblı rəngarəng musiqi proqramı ilə çıxış etdi. Onların ifasında Özbək xalq mahnı və rəqsləri eləcə də, bəstəkar əsərləri səsləndi. Tədbirin sonunda Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Xalq artisti, professor Firəngiz Əlizadə və Azərbaycanın Türksoydakı nümayəndəsi Elçin Qafarlı səhnəyə çıxaraq musiqiçilərə təşəkkür edib, onlara Festivalın simvolunu hədiyyə etdilər. Özbəkistanın nümayəndəsi öz növbəsində Festivalın təşkilatçılarına minnətdarlıq hissi ilə öz hədiyyələrini təqdim etdilər. Bütün bunlar tamaşaçıların sürəkli alqışları ilə qarşılanaraq bir daha “İpək yolu” Musiqi Festivalının dostluq və qardaşlıq rəmzi olduğunu isbat etdi.

6 iyul tarixində həm də Festivalın bədii rəhbəri, Xalq artisti Firəngiz Əlizadənin Qazaxıstandan gələn musiqi kollektivi ilə görüşü də baş tutdu. Belə ki, Qazax musiqiçiləri Firəngiz xanımla görüşüb, ona Festivala dəvəti üçün təşəkkürlərini bildirdilər. Eyni zamanda “Aynakol” və “Qəkku” folklor kollektivlərinin rəhbərləri Azərbaycan Bəstəkarlar İttifaqı ilə müntəzəm yaradıcılıq əlaqəsi üçün fikirlərini bölüşdülər. Kollektivlə görüşdə Firəngiz xanım Azərbaycan bəstəkarlıq məktəbi və onun ənənələrindən söhbət açdı.

Qazaxıstanın Akmolin Vilayəti Filarmoniyasının solistləri Firəngiz xanım başda olmaqla Festivalın bütün təşkilatçılarına və onlara bələdçilik edən bəstəkar Firudin Allahverdiyə öz təşəkkürlərini bildirdilər.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button