“Gələcək xoş günlər naminə özümüzü qoruyaq” – İslam Həsənov
Dövlət “YUĞ” Teatrının direktoru koronovirusdan qorunmaq üçün çağırış etdi
“Bu gün bütün bəşəriyyət sanki ciddi imtahan verir. Dünyanın hər yerinə yayılan COVİD-19 adlı bəla milyonlarla insanın həyatına son qoyur, dövlətlərə milyardlarla ziyan vurur.
Heç bir sərhəd tanımayan koronovirus pandemiyası təəssüf ki, Azərbaycanda da yayılmaqdadır. Ölkə Prezidenti İlham Əliyev cənablarının, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gündəlik diqqəti və nəzarəti sayəsində vaxtında önləyici tədbirlər görülüb, əhalimizin təhlükəsizliyinin və sağlamlığının qorunması üçün mühüm addımlar atılıb. Amansız faciədən daha effektli qorunmaq üçün tibbi ləvazimatların, dərman preparatlarının və avadanlıqlarının alınması üçün vəsait ayrılıb.
Qısa müddət ərzində modul tipli xəstəxanaların istifadəyə verilməsi, tibbi qoruyucu maskalar istehsalı ilə məşğul olan müəssisələrin yaradılması, koronovirus pandemiyanın yaratdığı problemlər üzündən iş yerləri müvəqqəti bağlanan insanların sosial müdafiəsinin gücləndirilməsi bir daha sübut etdi ki, Azərbaycan dövləti hər zaman olduğu kimi, bu çətin və mürəkkəb dönəmdə də öz vətəndaşının yanındadır”. Bu sözləri Dövlət “YUĞ” Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İslam Həsənov deyib.
Teatr direktoru bildirib ki, belə həssas zamanda mədəniyyət və incəsənət xadimlərinin də üzərinə məsuliyyət düşür: “Nazirlər Kabinetinin qərarı ilə ölkədə teatr və konsert müəssisələrinin fəaliyyəti müvəqqəti dayandırıldığından daimi tamaşaçılarımızla görüşə bilmirik. Lakin Dövlət “YUĞ” Teatrının yaradıcı kollektivi işini karantin rejiminin qaydalarına uyğun qurur, yeni tamaşalarımızın məşqlərini onlayn şəkildə aparır, repertuarımızdakı səhnə əsərlərini internet resursları üzərindən teatrsevərlərə təqdim edirik. Çalışırıq bu gün koronovirus pandemiyasına yoluxmamaq üçün evdə qalan daimi tamaşaçılarımız darıxmasınlar. Kollektivimiz yaxın zamanlarda tamaşaçılarla yenidən canlı ünsiyyət imkanları yaranacağına, maraqlı premyeralarla onları sevindirə biləcəyinə inanır. Dövlətimizin səyləri, vətəndaşlarımızın birliyi sayəsində bu qara buludlar Azərbaycanın üzərindən tezliklə çəkilib gedəcək inşallah. Teatrımızın qapıları yenidən sənətsevərlərin üzünə açılacaq, tamaşaçılarımız “Mənəm, mən”, “Lənət” və repertuarımızdakı digər səhnə əsərlərini maraqla izləyəcəklər”.
İslam Həsənov koronovirusdan qorunmaq üçün əhaliyə çağırış edib: “Yuxarıda qeyd etdiyim kimi, hamımız çətin sınaq qarşısındayıq, bu imtahandan üzüağ çıxmaq, özümüzü, ailəmizi, ətrafımızdakı insanları qorumaqdan ötrü daha ehtiyatlı olmalıyıq. Vətənimiz Azərbaycanı gələcəkdə daha xoş, firavan günlər gözləyir. Həmin günləri birgə görmək üçün gəlin Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara ciddi əməl edək, sosial məsafəni gözləyək. Karantin rejiminin qaydalarına həssas yanaşaq, bu gün xəstəxanalarda fədakarlıq nümayiş etdirən həkimlərimizin, gecə-gündüz xidmətdə olan qəhrəman polislərimizin əziyyətini qiymətləndirməyi bacaraq. Bir olaq ki, bütün dünyanı cənginə alan bu bəlaya qalib gəlməyi bacaraq”.
Analoq.az