Mədəniyyət

10 Mart – Nəsibə Zeynalovanın anım günüdür

Azərbaycan realist aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri, görkəmli gülüş ustası Nəsibə Zeynalovanın anım günüdür. Nəsibə Zeynalovanın vəfatından 16 il ötür.

Qeyd edək ki, Nəsibə Zeynalova 1916-cı il aprelin 20-də Bakıda dünyaya gəlib. Atası Kərbəlayı Cahangir tanınmış tacir, sevimli aktyor, Azərbaycan milli realist aktyor məktəbinin banisi olub.

Gənc Nəsibə 1934-cü ildən mövsümi fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa işləməyə başlayıb. 1938-ci ildə Bakı Teatr Texnikumuna daxil olub. Texnikumu bitirəndən sonra Musiqili Komediya teatrında fəaliyyətini davam etdirib. Lakin bəxtindən teatr 1949-cu ildə müvəqqəti olaraq bağlanıb və aktrisa həmin ildən Bakıdakı Nizami adına kinoteatrın yay zalında kassir, mədəniyyət evində dram dərnəyinin rəhbəri, Filarmoniyanın estrada sektorunda aktrisa işləyib. 1956-cı ildə Musiqili Komediya Teatrı yenidən qapılarını tamaşaçıların üzünə açıb və Nəsibə xanım doğma sənət ocağına qayıdıb.

Kolorot ustası N.Zeynalova kino sənətində də uğur qazanıb.“Bizim Cəbiş muəllim”, “Ögey ana”, “Böyük dayaq”, “Qanun naminə”, “Bəyin oğurlanması”, “Mən mahnı qoşuram”, “Qorxma, mən səninləyəm”, “Yuxu” və bir neçə filmlərdə əsasən kiçik rollar oynamasına baxmayaraq, hər bir obrazı yaddaqalan, baxımlı etməyi bacarıb.

Aktrisanın “Qaynana”da Cənnət, “Dərviş Məstəli şah”dakı Xanpəri, “Gözün aydın”da Nargilə, “Durna”da Şərəf və Nisə, “Toy kimindir”də Məsmə, “Qızıl axtaranlar”da Rəxşəndə, “Altı qızın biri Pəri”də Cəhrə xala, “Ulduz”da Züleyxa kimi səhnə obrazları zəngin ifadə vasitələri, yumorun milliliyi, təbii reallığı ilə teatr inciləri sırasında durur

Nəsibə Zeynalova 10 mart 2004-cü ildə Bakıda vəfat edib. Məzarı Fəxri xiyabandadır.

Turan Etibaroğlu
Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button