Mədəniyyət

Süleyman Ələsgərovun anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirildi – FOTOLAR

17 aprel 2024-cü il tarixində Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına Konsert salonunda görkəmli bəstəkar, Azərbaycanın Xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli, professor Süleyman Ələsgərovun anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirildi.

Tədbiri Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə açaraq görkəmli bəstəkar Süleyman Ələsgərovun Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərindən danışdı. Firəngiz Əlizadə qeyd etdi ki, vaxtaşırı olaraq Bəstəkarlar İttifaqında keçirilən konsert və tədbirlərdə Süleyman Ələsgərovun əsərləri səslənir və onun haqqında xatirələr söylənilir. Bu ilki, yubiley ilə əlaqədar olaraq o, cari ilin iyul ayında keçiriləcək XIII Şəki “İpək yolu” Beynəlxalq Festivalına da Süleyman müəllimin əsərlərinin daxil ediləcəyini vurğuladı.

Firəngiz Əlizadənin çıxışından sonra tədbir Respublikanın Əməkdar artisti Ramil Qasımovun ifasında (Konsertmeyster: Əməkdar artist Zülfiyyə Sadıqzadə) bəstəkarın Süleyman Rüstəmin sözlərinə bəstələdiyi “Qarabağ” mahnısı ilə başladı.

Bəstəkar haqqında tamaşaçılara daha müfəssəl məlumat vermək üçün Azərbaycan Telefilm Yaradıcılıq Birliyində Səadət Təhmirazqızının ssenarisi əsasında çəkilən “Xəyala dalarkən” sənədli filmi nümayiş olundu. Sonra tədbir məruzə və musiqi nümunələri ilə davam etdi.

Tədbirdə sənətşünaslıq üzrə elmlər doktoru, dosent Lela Zöhrabova “S.Ələsgərovun pedaqoji fəaliyyəti”, Şuşa Rayon İcra Hakimiyyəti Başçısının müavini Vüsalə Fətəliyeva “ABİ-nin Qarabağ Bölgə Təşkilatının yaradılmasında S.Ələsgərovun rolu”, Xalq artisti, professor, ADXÇAO-nin bədii rəhbəri və baş dirijoru Ağaverdi Paşayev “S.Ələsgərovun xalq çalğı alətləri orkestrinin inkişafında rolu”, Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov “S.Ələsgərov haqqında xatirələr” adlı mövzu ilə çıxış etdilər.

Tədbirin musiqi hissəsində Beynəlxalq müsabiqə laureatı Bəhruz Zeynal (tar, konsertmeyster: Rəna Zəkiyeva) “Daimi hərəkət”, S.Ələsgərov adına 1 saylı Uşaq Musiqi Məktəbinin II sinif şagirdi Qurban Nəsirli (violin) “Balaca çoban” (konsertmeyster: Aytən Cavadova), Qanunçalanlar Ansamblının ifasında (Bədii rəhbər – Əməkdar artist Təranə Əliyeva) “Şalaxo” əsərləri səsləndi.

Tədbirdə Respublikanın tanınmış elm və incəsənət xadimləri ilə birlikdə Süleyman Ələsgərovun övladı, mahir pianoçu, Əməkdar artist Arzu Ələsgərov da iştirak edirdi. Sonda Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov çıxış edərək Azərbaycan Bəstəkarlar ittifaqının sədri Firəngiz Əlizadə başda olmaqla ittifaqın bütün yaradıcı heyətinə, eləcə də bütün iştirakçılara öz təşəkkürünü bildirdi.

Tədbirin aparıcısı sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı idi.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button