Ədəbiyyat

Tanınmış şair, Əkbər Qoşalının 50 illiyinə – QƏŞƏM NƏCƏFZADƏ YAZIR

Şığıyır dəli yellər,
Yellənir paslı qıfıl

(Tanınmış şair, əziz dostum Əkbər Qoşalının 50 illiyinə)

Əkbər Qoşalının Türk dövlətləri arasında ədəbi əlaqələrin yaranması və inkişişafında xidmətləri danılmazdı. Təkçə bu xidmət təşkilatı baxımından deyil, həm də şeirlərindəki ümumi türk ruhu və türk təfəkkürünün ədəbi genişliyi və imkanları ilə bağlıdır. Bu rüh, bu poetika türkiyədə və orta Asıyada, ümumiyyətlə, bütün dünyada yaşayan türklərin birliyinə çevrilməkdədir. Türkün poetikası təkçə özünə deyil, dünyada yaşayan, dilindən irqindən asılı olmayaraq, bütün insanlara qapı açır, silahları susmağa çağırır. Və bu mənada Əkbərin poetikası dünəndən deyil, bəlkə də dünyanın ilk insanından başlayır.

Qlıncımı suvararam,
“Babək” deyən bir cüt qolun eşqinə.

Əkbərin şeirlərindəki ruh və yuxu məsələsi həyatı və dünyanı dərk etmək baxımından mühüm rol oynayır, baş verənlər üzdə deyil, daha dərindən gəlir, mistika ilə birləşir.

Min ağac məndən uzaqda
Anam qatır yuxusunu.

Yuxunu qarışdırmaq ifadəsi gündüzün sintezidir, kim bilir, bəlkə elə qaranlıq işıqdır və yaxud yaşamaq yuxudur, ölmək yuxudan oyanmaqdır. Aşağıdakı şeirdə yaddaşdan və yuxudan “gördüyüm günü” (gördüyüm yuxunu) necə çıxarmaq olar. Bu qarşılaşdırma və anlaşılmazlıq bədii fikrin orijinal ifadəsi kimi görünür. Necə ki, Hüseyn Cavid deyirdi, şübhə bütün həqiqətlərin anasıdır və bu mənada anlaşılmazlıq kimi dərk edə bilmədiyimiz şeylər axırətin özüdür:

Yaddaşını qurdala,
Çıxart gördüyüm günü.

Doxsanıncı illərin sonlarına xas olan aşağıdakı iki misra sözün frazeoloji tərkibindən cılalanır və doğurdan da, yaşın sevgiyə çatmasa da olar, amma göz yaşın çatırsa bu, əsl sevgidir.

Baxdım göz yaşın çatır,
Yaşın çatmır sevgiyə.

Maddə kütləsinin itməməsi qanuna görə (M. V. Lomanosov) dünyada heç nə yenidən yaranmır və heç nə də itmir. Insan ölür, torpaq olur və yenidən yaranır.

Burda ocaq gur yanır,
Harda isə sönən var.

Bu iki misraya əsasən biz çox gizlinləri təsbit edə bilərik. Dünyanın bir tərəfində su çoxdursa, demək o biri tərəfində azalıb. Necə ki, gözəl şairimiz Qabil deyirdi: “Muğan həsrət yağışa, yaış yağır Talışa” Baxın, Əkbərin bu iki misrası nələri yada salmır? Hadisələrin çözülməsində misralar fəal iştirak edir. Mətnlərarası əlaqənin ən gözəl nümunəsinə çevrilir.

Əkbər Qoşlaınnın ən dəqiq şair səciyyəsi aşağıdakı iki misradan boylanır. Min ildir, dəli yellər şığıyır (əsir yox, məhz şığıyır), yellənir paslı qıfıl. Yellənən paslı qıfıl ən gözəl dünya şeiridir.

Şığıyır dəli yellər,
Yellənir paslı qıfıl.

Məmməd Rahim demiş “ Ağarır dan yeri, ötür qumrovlar, Min karvan gələrək min kərvan gedir” amma paslı qıfılın vecinə deyil, açılmır ki, açılmır. Yel Allahın əmridir, qıfıl da dünyanın qapısıdır, hər an açıla bilər. Yaşamaq elə ömür boyu onun açılmağını gözləməkdir.
Əkbər, qardaşım, 50 yaş da yaşın, istedadın, zəhmətin gətirdiyi uğurların astanasıdır. Sən tanınmış türk şairi, vətən şairisən. Əlli yaşın münasibəti ilə səni təbrik edirəm, Aşıq Ələsgər demiş “Əllini aşırdın, yüzə nə qaldı.” Haydı irəli, gözəl qardaş, gözəl günlərə doğru uğurlan!

Qəşəm Nəcəfzadə,
“Azərbaycan” jurnalının poeziya şöbəsinin müdiri

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button