Ədəbiyyat

Sonra bir-birimizə göz vurub deyərdik ki, “axşam zəlzələ olacaq”… -Üzeyr Abbas

Siz bəlkə də tanımazsınız, bir məşhur alim vardı, Xudu Məmmədov, deyirdi ki, “uşaqlarınızı kəndə aparın, kənd qurtarır”…

Ona görə mən də vaxtaşırı uşaqları kəndə gətirirəm ki, görsünlər kənd nədi, ağac nədi, çiçək-böcək nədi… görsünlər ki, bu dünyada təndir var, bu dünyada çır-çırpı var, isti çörək var, təzə şor, pendir var, inək, qoyun var, o qoyunun vaxtı çatanda quzusunu əzabla, mələyə-mələyə doğmağı var, ondan sonra təzə süd var, qatıq var var, sonra işləmək var, oraq, dəryaz, kərki, alaq, ot var, əncər var…

Ramiz Rövşən belə yerdə deyərdi ki, “Oğulları dava uddu, nəvələri şəhər aldı, ağlama, Bənövşə nənə”…

Uşaqları şəhər düşmən kimi əlimizdən alır, onları zombiləşdirir deyə hərdənbir gətirib cırcırama tutub quyruğuna sap bağlayıb vermək lazımdır əllərinə.

Düzdür, cücülərin də yaşamaq haqqı var, amma neyləyək, balalarımız bu dünyadan bir əllərində kompüter, bir əllərində də telefonmu getsinlər? Yazıq deyillərmi? Balalarımızın da bizim kimi yaşamaq haqqı var axı! Ulu babalarımız babalarımızdan, onlar da atalarımızdan, atalarımız bizdən, biz də bunlardan yaxşı yaşadıq. Heç olmasa, atla eşşəyi tanıyırıq, bilirik ki, bu qazdır, bu ördəkdir, bu hinduşkadır…

Biz uşaq vaxtı kənddə toy olanda maşın karvanının dalıyca qaçardıq, hansını saxlada bilsək, pulumuzu zorla, döyülə-döyülə də olsa, alardıq, sonra bir-birimizə göz vurub deyərdik ki, “axşam zəlzələ olacaq”…

Və bunu eşidən böyük-böyük əmilər, gombul-gombul bibilər, xalalar, qulağımızı çəkib eşşək qulağı boyda eləyərdilər. İndiki uşaqlar belə şeyləri bilməzlər, sevməzlər…

Biz uşaq vaxtı qonşu Həpiş kişinin itini cırnadardıq, ağzını əyərdik, hürərdik ki, it hirslənsin, o da axırda hirslənərdi və zəncirini qırıb düşərdi dalımıza, kimi tutsaydı, götünnən dişləyib yıxardı yerə, buraxmazdı, ta o vaxtacan ki, Həpiş kişi pəncərədən itinə təpinərdi və yazıq heyvan da mırıldaya-mırıldaya qayıdıb girərdi damına. İndiki uşaqlar o cür xoşbəxtliklərdən məhrumdurlar…

Biz uşaq vaxtı toyuğumuzun yumurtlamasını gözləyərdik ki, tez götürüb qayğanaq eləyək, toyuq da dirəşəndə onu məcbur eləyib yumurtladardıq, barmağımızı orasına salıb yumurtanı zorla dartıb çıxardardıq. İndiki uşaqlar humanizm prinsipləriylə yaşayırlar, canlılara belə işgəncə vermək heç ağıllarına da gəlməz…

Biz uşaq vaxtı axşam saat 9 olmamış nənəmizin diziləri üstündə əvvəlcə şibillah vurardıq, 5-10 dəqiqə keçməmiş yuxu tutardı, tez altımıza klyonka sərərdilər ki, işəyib aləmi batırmayaq. İndiki uşaqlar pamperssiz yatmağın nə olduğunu bilməzlər…

Biz uşaq olanda elə bilirdik ki, “Babək” kinosundakı erotik səhnələr əxlaqsızlıqdır, indiki uşaqlar bilirlər ki, belə şeylər normaldır, biz uşaq vaxtı “Təhminə və Zaur”a baxandan sonra məktəbdə də qızlara ayrı gözlə baxardıq, indiki uşaqlar deyirlər ki, “çox mənasız çəkilib, süjet xətti zəifdir”…

Adama elə gəlir ki, TikToka baxan, onunla nəfəs alan, onunla deyən, gülən uşaqlar kinonun, sənətin nə olduğundan xəbərsizdirlər və ümumiyyətlə, onlar təbiətin bir parçasıdırlarmı? Doğrudanmı onlar Günəşi bizim kimi dərk edirlər? Aya bizim kimi baxırlar? Həqiqətənmi “keşfet”ə düşmək üçün min hoqqadan çıxan gəncliyin torpağın altından çıxan soxulcana maraqla baxmaq erası bitdi? Danadişini qırmağa keçirib balığa getmək nəsli kəsildi? İlanı qoluna dolayıb qızların üstünə tullamaq ənənəsi bitdi?

Hər şey bitdi…

Uzeyr Abbas

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 2 Ortalama: 5]

Back to top button